Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR Georgia Gas


“SOCAR Georgia Gas” şirkəti Gürcüstan bazarında təbii qazın idxalı, pərakəndə və topdan satışı, paylanması, eləcə də qaz boru kəmərlərinin tikintisi və reabilitasiyası məqsədilə “SOCAR Energy Georgia” şirkətinin törəmə müəssisəsi olaraq 2007-ci ildə təsis edilib.

2008-2017-ci illərdə “SOCAR Georgia Gas” tərəfindən həyata keçirilmiş irimiqyası investisiya proqramı nəticəsində Gürcüstanın bir çox yaşayış məntəqələri qazlaşdırılaraq 300 000 nəfərdən çox abonent təbii qazla təmin edilib və ölkə iqtisadiyyatına 250 milyon dollar investisiya qoyulub. Bununla yanaşı, 2008-2020-ci illər ərzində “SOCAR Georgia Gas” şirkəti tərəfindən, ümumilikdə, 20 700 km-dək qaz kəməri istismara qəbul edilərək 1 363 yaşayış məntəqəsi təbii qazla təchiz olunub. Hazırda şirkət bütün ölkə ərazisində 740 000-dən çox əhali və kommersiya abunəçisinə xidmət göstərir. “SOCAR Georgia Gas” şirkəti Gürcüstan hökuməti tərəfindən həyata keçirilən yaşayış məntəqələrinin qazlaşdırılması üzrə dövlət proqramının icrasında yaxından iştirak edir. Proqram çərçivəsində 2024-cü ilin sonunadək ölkə üzrə qazlaşdırma səviyyəsinin 90%-ə çatdırılması gözlənilir.

Son illərdə “SOCAR Georgia Gas” ölkənin bəzi rayonlarında mövcud qaz şəbəkələrini də satın alıb. 2018-ci ildə Gürcüstanın böyük sosial-iqtisadi mərkəzlərindən olan Telavi rayonunun qaz təchizatçısı olan “Telavi gas” MMC satın alınaraq təbii qaz infrastrukturu müasir standartlara uyğun yenidən qurulub. Gürcüstan Respublikasının qazlaşdırılmasına dair dövlət proqramı çərçivəsində, 2020-2021-ci illərdə ölkənin 108 yaşayış məntəqəsində dövlət tərəfindən inşa olunmuş 1 500 km-dən çox qaz şəbəkəsi şirkətin istismarına verilib. Bu tədbirlər nəticəsində yalnız 2020-2021-ci illərzdə Gürcüstanın İmereti, Mtsxeta-Mtianeti, Quriya, Sameqrelo-Zemo Svaneti, Şida Kartli, Kvemo Kartli və Kaxetiya regionlarında, ümumilikdə, 21 000-dən çox abonent təbii qazla təchiz olunub. Beləliklə, “SOCAR Georgia Gas” 2009-2020-ci illərdə Gürcüstanda ümumi təbii qaz istehlakının iki dəfədən də çox – 1.2 milyard m³-dən 2,6 milyard m³-ə qədər qalxmasına nail olub.

“SOCAR Georgia Gas” şirkəti azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli vilayətininin (qədim Borçalı mahalının) qazlaşdırılmasına xüsusi diqqət göstərir. Qeyd olunmalıdır ki, bu məntəqələr SOCAR-ın vəsaiti hesabına qazlaşdırılır. Yalnız 2020-2021-ci illərdə soydaşlarımızın sıx yaşadığı Marneuli, Bolnisi və Dmanisi rayonlarının 15 kəndində 192 km-lik yeni qaz şəbəkəsi inşa edilərək 3 000-dən çox abunəçi təbii qazla təmin olunub. 2021-ci ilin əvvəlinə olan məlumata əsasən, Kvemo-Kartli vilayəti üzrə, ümumilikdə, 122 mindən çox ailə təbii qazdan istifadə edir.

Gürcüstanın sosial-iqtisadi həyatında xüsusi rol oynayan “SOCAR Georgia Gas” şirkəti 2010-cu ildə ölkənin nüfuzlu “Sakhelebi” nəşri tərəfindən “İlin Şirkəti” mükafatına layiq görülüb. Şirkət, həmçinin “Georgian times” media holdinqi və “GORBI” sosioloji şirkəti tərəfindən keçirilən müsabiqələrdə 2016-cı ildə “İnkişaf strategiyası”, “Müştəri məmnuniyyəti” və “İnnovativ şirkət” nominasiyalarında, 2017-ci ildə isə “Ən iri işəgötürən”, “Yüksək ekoloji standart”, “Müştəri yönümlü idarəetmə” və “Professional komanda” nominasiyalarında qalib olub.