Please ensure Javascript is enabled for purposes of website accessibility

SOCAR Energy Georgia, SOCAR-ın xaricdə yaradılmış ilk törəmə şirkəti olaraq, 2006-cı ildə Gürcüstan bazarına neft və qaz məhsullarının idxalı, topdan və pərakəndə satışı, habelə təbii qazın paylanması məqsədilə təsis edilmişdir. Şirkət ölkənin ən iri investorlarından və vergi ödəyicilərindən biridir.

Fəaliyyəti

Neft məhsullarının və təbii qazın topdan və pərakəndə satış fəaliyyətləri ilə yanaşı, SOCAR Energy Georgia-nın fəaliyyət istiqamətlərinə yanacaqdoldurma məntəqələrinin tikintisi və istismarı, neft məhsulları terminallarından təchizat və daşınma, habelə idxal əməliyyatları da daxildir. Bu fəaliyyətlərin həyata keçirilməsi məqsədilə SOCAR Energy Georgia-nın tam mülkiyyətində olan SOCAR Georgia Gas, SOCAR Georgia Petroleum və SOCAR Georgia Security kimi törəmə şirkətlər yaradılmışdır.

SOCAR Georgia Petroleum yanacaqdoldurma məntəqələrinin tikintisi və istismarı məqsədilə 2006-cı ildə təsis edilmişdir. 1 sentyabr 2026-cı il tarixinə SOCAR Georgia Petroleum-un 104 yanacaqdoldurma məntəqəsi (o cümlədən 10 özünəxidmət məntəqəsi), 70 mağazası, 13 xidmət mərkəzi, 16 elektrik enerjisi doldurma məntəqəsi və 1 tam elektrikli doldurma stansiyası, 2 TIR parkı və 3 neft məhsulları terminalı mövcuddur.

Yanacaqdoldurma məntəqələrində müxtəlif oktanlı yüksək keyfiyyətli benzin, dizel yanacağı, mayeləşdirilmiş neft qazı (LPG) və sıxılmış təbii qaz (CNG) satılır. Yanacaqdoldurma məntəqələrində satılan dizel yanacağı və benzin EURO-5 standartlarının tələblərinə tam cavab verir. Bu məntəqələrdə müştərilər Way Mart mağazalar şəbəkəsindən, Energy Card loyallıq sistemindən, müxtəlif xidmətlərdən və müasir, sərfəli satış üsullarından, mobil telefon tətbiqlərindən və digər xidmətlərdən istifadə edə bilirlər. Elektrik avtomobillərinin sahibləri avtomobillərini elektrik enerjisi ilə təmin edən enerji doldurma qurğularından yararlanırlar.

Digər törəmə şirkət olan SOCAR Georgia Gas 2007-ci ildə Gürcüstanda təbii qazın idxalı, pərakəndə və topdan satışı və paylanması, habelə qaz kəmərlərinin tikintisi və yenilənməsi məqsədilə təsis edilmişdir. 2008-ci ildə Gürcüstanda qazlaşdırma səviyyəsi 46% təşkil edirdi. Lakin SOCAR Georgia Gas və Gürcüstan Hökumətinin birgə fəaliyyəti nəticəsində bu göstəricinin 2026-ci ilin sonuna 90%-i keçəcəyi gözlənilirdi. Nəticədə abonentlərin sayı 2009-cu ildəki 71 000-dən 1 sentyabr 2026-cı il tarixinə 955 000-ə çatmışdır. 2007–2026-cı illər ərzində şirkət tərəfindən 14 min km-dən artıq yenu qazpaylıcı boru kəmərləri çəkilmişdir. Hal - hazırda şirkət ümumi uzunluğu 31 200 km-ə qədər olan qazpaylayıcı şəbəkəyə xidmət edərək onun istismarını təmin edir.

Sosial layihələri

SOCAR Energy Georgia Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində də genişmiqyaslı layihələr həyata keçirir. Şirkət 12 ildən artıqdır ki, kimsəsiz insanlara dəstək göstərən Katarzis ictimai fonduna maliyyə yardımı edir. COVID-19 pandemiyası dövründə isə şirkət ölkənin Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin iştirakı ilə təşkil olunan tədbirlərdə iştirak etmişdir. Bu yardım tədbirləri çərçivəsində şirkət Gürcüstanın bütün ərazisində sosial təminatı aşağı olan və yardıma ehtiyacı olan 7 000-dən çox ailənin əsas ehtiyaclarının və ərzaq məhsullarının təmin edilməsinə dəstək göstərmişdir.

2008-ci ildən həyata keçirilən “1+4” dövlət tədris layihəsi çərçivəsində ölkənin dövlət universitetlərində təhsil alan Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıların təhsil haqlarını ödəyir. 2008–2025-ci illərdə şirkət tərəfindən 7 500 – dən artıq tələbəyə maliyyə dəstəyi göstərilmişdir. Bundan əlavə, şirkət tərəfindən hər ilin sonunda yüksək akademik göstəricilər əldə edən tələbələr mükafatlandırılırlar.

Şirkət Gürcüstanda fəaliyyətə başladığı tarixdən etibarən ölkənin bir sıra kəndlərində yeni avtomobil yollarının inşasını, bir çoxunun təmirini yerinə yetirmiş, çox sayda kənd və şəhərlərdə məktəblərin, xəstəxanaların və idman meydançalarının əsaslı təmirini aparmışdır. Ölkənin kənd təsərrüfatı sektoruna dəstək məqsədilə şirkət Kvemo Kartli regionuna 18 ədəd Belarus traktoru bağışlamışdır. Bu xeyriyyə layihələri çərçivəsində böyrək çatışmazlığından əziyyət çəkən çox sayda insana lazımı tibbi vasitələrlə və dərmanlarla yardım göstərilmişdir. Şirkət Gürcüstanda fəliyyət göstərən Azərbaycan Əlillər Cəmiyyətinə iki avtomobil və 110 əlil arabası hədiyyə etmişdir.

Son dörd il ərzində şirkət tərəfindən Laqodexi bələdiyyəsinin Kabal kəndində 120 yerlik, Saqareco bələdiyəsinin Yormuğanlı kəndində 180 – 240 yerlik müasir tipli uşaq bağcası binası, Marneuli bələdiyyəsinin Qızılhacılar kəndində isə beynəlxalq standartlar səviyyəsində İdman kompleksinin tikintisi başa çatdırılmışdır. Hər üç obyekt təmənnasız olaraq Gürcüstan Hökumətinə təhvil verilmişdir.

Bundan əlavə, ümumilikdə şirkət Gürcüstanda təhsil, səhiyyə, elm və idman da daxil olmaqla yüzlərlə vacib sosial və humanitar təyinatlı layihələr həyata keçirmişdir.

Göstərilənlərlə yanaşı, 2007–2025-ci illərdə şirkət SOCAR-ın Tbilisi və Batumidə yerləşən inzibati ofis binalarını, Tbilisi və Rustavi şəhərlərində Ulu Öndər H. Əliyevin adını daşıyan istirahət parklarını, Tbilisidə M.F. Axundovun “Ev-muzeyi – Mədəniyyət mərkəzini” , Marneulidə şəhərində “Çay Evi - Tədris Mərkəzi” binasını, habelə Nəriman Nərimanovun ev-muzeyini inşa edərək istifadəyə vermişdir.

SOCAR Georgia Gas

SOCAR Georgia Gas 2007-ci ildə SOCAR Energy Georgia-nın törəmə şirkəti olaraq Gürcüstan bazarında təbii qazın idxalı, pərakəndə və topdan satışı və paylanması, habelə qaz kəmərlərinin tikintisi və yenilənməsi məqsədilə təsis edilmişdir.

SOCAR Georgia Gas tərəfindən həyata keçirilən genişmiqyaslı investisiya proqramı nəticəsində ümumilikdə 14 min km – dən artıq qaz boru kəməri çəkilmiş və hal – hazırda şirkət ümumi uzunluğu 31 200 km qaz kəməri şəbəkəsinin istismarını təmin etməklə 1 894 yaşayış məntəqəsini təbii qazla təmin edir. Şirkət hazırda ölkə üzrə 955 000-dən çox məişət və kommersiya istehlakçısına xidmət göstərir. Gürcüstan Hökumətinin yaşayış məntəqələrinin magistral qaz kəmərinə qoşulması üzrə həyata keçirdiyi və SOCAR Georgia Gas-ın yaxından iştirak etdiyi dövlət proqramı sayəsində ölkədə qazlaşdırma səviyyəsinin 2026-cı ilin sonuna 90%-i keçəcəyi gözlənilir. Son illərdə yeni qaz kəmərlərinin tikintisi və istismara verilməsi ilə yanaşı, SOCAR Georgia Gas ölkənin bəzi regionlarında mövcud qaz şəbəkələrini də satın almışdır. Məsələn, 2018-ci ildə Gürcüstanın ən iri sosial-iqtisadi mərkəzlərindən biri olan Telavi regionunda qaz təchizatçısı Telavi Gas MMC satın alınmış və təbii qaz infrastrukturu müasir standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Gürcüstanın magistral qaz kəmərinə qoşulması üzrə dövlət proqramı çərçivəsində 2020–2026-ci illərdə ölkənin 428 yaşayış məntəqəsində hökumət tərəfindən inşa edilmiş 6021 km-dən çox qaz şəbəkəsi şirkət tərəfindən istismara verilmişdir. Bu tədbirlər nəticəsində 2020–2026-ci illərdə Gürcüstanın İmereti, Mtsxeta-Mtianeti, Quriya, Sameqrelo-Zemo Svaneti, Şida Kartli, Kvemo Kartli və Kaxeti regionlarında 92 mindən çox istehlakçı təbii qazla təmin edilmişdir. Beləliklə, SOCAR Georgia Gas 2009–2026-cü illərdə Gürcüstanda ümumi təbii qaz təchizatını iki dəfədən çox artıraraq 1,2 milyard kubmetrdən 3,1 milyard kubmetrədək yüksəltmişdir.

Yüksək keyfiyyət prinsipi ilə fəaliyyət göstərən SOCAR Georgia Gas fasiləsiz və yüksək səviyyəli müştəri xidmətini sutka ərzində 24 saat təmin edir. Şirkətin 24/7 dispetçer xidməti operativ fövqəladə hallara müdaxiləni və şəbəkənin real vaxt rejimində monitorinqini təmin etmək üçün GIS xəritələşdirməsi də daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edir.

2017-ci ildə SOCAR Georgia Gas qazlaşdırılmamış ərazi olan Sairme şəhərini təbii qazla təmin etmək məqsədilə "Virtual Pipeline" layihəsini həyata keçirmişdir. Ənənəvi qaz kəmərlərindən fərqli olaraq, qaz xüsusi tankerlərlə ərazidə yerləşən saxlama rezervuarlarına daşınır və buradan son istehlakçılara fasiləsiz şəkildə paylanır.

Marketinq və satış

Artıq 30 ilə yaxındır ki, SOCAR marketinq və satış fəaliyyətini həyata keçirir. Bu qısa müddət ərzində şirkət dünya miqyasında həm korporativ topdansatış, həm də pərakəndə satış biznesində böyük uğurlar qazanmışdır. 2007-ci ildə təsis edilmiş “SOCAR Trading” şirkətinin baş ofisi İsveçrənin Cenevrə şəhərində, nümayəndəlikləri Dubay, Hyuston, London və Sinqapurda, ofisləri isə İstanbul, Monako və Moskvada yerləşir. “Azeri Light” markalı neftin əsas tədarükçüsü olan şirkət, eyni zamanda nafta, benzin, mayeləşdirilmiş təbii qaz (LNG), mayeləşdirilmiş karbohidrogen qazı (LPG), dizel, kondensat və ultra aşağı kükürdlü dizel yanacağının, eləcə də üçüncü tərəflərə məxsus xam neftin ticarəti ilə məşğul olur.

Azərbaycanda və xaricdə istehlakçılara təbii qazın paylanması və satışı SOCAR-ın törəmə müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycan ərazisində bu fəaliyyəti “Azəriqaz” İstehsalat Birliyi icra edir. Birlik təxminən 2,6 milyon abonentə yüksək səviyyəli xidmət göstərir. Gürcüstan bazarında təbii qazın idxalı, pərakəndə və kommersiya satışını “SOCAR Georgia Gas” şirkəti həyata keçirir və hazırda orada 955 000-dən çox abonenti var. Bundan əlavə, Azərbaycan, Gürcüstan, Rumıniya, Ukrayna, İsveçrə, Türkiyə, Avstriya və İtaliyada SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri müştərilərə keyfiyyətli benzin, qaz və dizel yanacağı təklif edir. SOCAR, həmçinin beynəlxalq hava limanlarında təyyarələri yanacaqla təmin edir. “SOCAR Türkiye”nin törəmə müəssisəsi olan “SOCAR Dağıtım” isə Türkiyədə aviasiya (“SOCAR Aviation”) və dəniz nəqliyyatı vasitələri (“SOCAR Marine”) üçün yanacaq məhsullarının tədarükünü həyata keçirir.