Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

“SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası” SOCAR-ın Müşahidə Şurası tərəfindən 2021-ci ildə təsdiq edilib. Strategiya 5 əsas təməl element üzərində qurulub.

Enerji təhlükəsizliyi - Azərbaycanın enerji təhlükəsizliyini qorumaq və dayanıqlı neft-qaz hasilatı, neft emalı və neft-kimya məhsulları istehsalı və infrastrukturu vasitəsilə regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək.

Rəqəmsallaşma - Vahid rəqəmsal transformasiya proqramının çətiri altında dəyər zənciri seqmentlərinin rəqəmsallaşdırılması yolu ilə əməliyyatların səmərəliliyinin artırılması.

Biznesin dayanıqlılığı - Mövcud bizneslərdə seçilmiş sahələrdə, eləcə də innovasiyalara və vençur kapital investisiyaları vasitəsilə inkişafı əldə etmək üçün SOCAR-ın portfelinin davamlı olaraq nəzərdən keçirilməsi və optimallaşdırılması.

Səmərəlilik və optimallaşdırma - Ən son texnologiya və innovasiya həllərini tətbiq etməklə dəyər zənciri boyunca optimallaşdırma tədbirlərinin həyata keçirilməsi və əməliyyat səmərəliliyinin gücləndirilməsi.

Enerji keçidi - Aşağı karbon, dairəvi iqtisadiyyat və ekoloji cəhətdən təmiz əməliyyatların inkişafı vasitəsilə qlobal dayanıqlılığa töhfə vermək.

Strategiyanın təməl elementlərinə uyğun olaraq, SOCAR apstrim, midstrim, daunstrim, qazpaylama, xidmətlər, pərakəndə yanacaq satışı və treydinq kimi əsas fəaliyyət istiqamətlərində aşağıdakı strateji baxış və məqsədləri müəyyən edib:

Apstrim sahəsində neft-qaz yataqlarında karbohidrogen resurslarının monetizasiyasının sürətləndirilməsi və hasilatda səmərəli operatorluq modellərinin tətbiqi;

Midstrim sahəsində neftin və qazın nəqli üzrə əməliyyatların səmərəliliyinin artırılması;

Daunstrim sahəsində emal və kimya müəssisələrinin inteqrasiyasının gücləndirilməsi, əməliyyat mükəmməlliyi və inkişaf;

Beynəlxalq biznes fəaliyyətində (treydinq, qazpaylama və yeni YDM-lər) gəlirliliyin artırılması, optimallaşdırma və inkişaf;

Neft-qaz xidmətlərinin optimallaşdırılması və inkişafı.

Əsas fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş strateji məqsədlərə paralel olaraq, SOCAR uzunmüddətli dayanıqlı inkişafına töhfə verəcək və “yeni üfüqlər” adlandırdığı aşağıdakı sahələri və yanaşmaları da aparıcı istiqamətlər olaraq müəyyən edib:

Rəqəmsallaşdırma – 5 əsas təməl elementdən biri olaraq müəyyən edilən bu yanaşma ilə SOCAR-ın yerli, regional və beynəlxalq əməliyyatlarında rəqəmsallaşdırmanın effektiv tətbiqi ilə səmərəliliyin və çevikliyin artırılması əsas strateji istiqamətlərdən biri olaraq müəyyən edilib.

Enerji keçidi – iqlim dəyişikliyi və digər qlobal çağırışlar fonunda SOCAR neft-qaz sənayesində zəngin təcrübəsindən istifadə etməklə gələcək inkişaf və böyümə tədbirləri çərçivəsində “yaşıl” enerji və bio-yanacaq, bio-polimer, hidrogen kimi digər aşağı karbonlu biznes fəaliyyətlərində iştirakı nəzərdən keçirəcək.

İnnovasiyalar və vençur kapitalı sərmayələri – SOCAR neft-qaz əməliyyatlarında innovativ yanaşmaların tətbiqini təşviq etmək üçün şirkət daxilində innovasiya mühitini gücləndirəcək, əməkdaşların bu prosesdə öz innovativ bacarıqları ilə iştirak etməsi üçün müvafiq sistem formalaşdıracaq. Biznesin dayanıqlılığının gücləndirilməsi məqsədilə SOCAR vençur kapital sərmayələri istiqamətində fəaliyyətini quraraq yerli, regional və beynəlxalq bazarda biznes profilinə uyğun istiqamətlərdə səmərəli investisiya imkanlarını nəzərdən keçirəcək. Eyni zamanda, SOCAR bu istiqamət üzrə fəaliyyəti çərçivəsində ölkə daxilində "startap" ekosisteminin formalaşmasına dəstək verəcək.

Qeyd edilənlərlə yanaşı, SOCAR öz biznes portfelinin gələcək bazar tendensiyaları, portfel şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyəti və digər faktorlar nəzərə alınmaqla proaktiv şəkildə optimallaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək və bu proses zamanı kadr potensialından səmərəli istifadə və sosial məşğulluq öhdəlikləri əsas prinsip olacaq.

Strategiyanın uğurlu icrasına dəstək məqsədilə SOCAR insan resursları, maliyyə, risk, sağlamlıq və əməyin təhlükəsizliyi, korporativ sosial məsuliyyət və s. istiqamətlər üzrə funksional mükəmməllik tədbirləri həyata keçirəcək.