"SOCAR Tower"-də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələrin aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulan Vizualizasiya Mərkəzi yaradılıb. Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzi kimi fəaliyyət göstərən bu mərkəzin yaradılması dünya neft-qaz sənayesindəki aparıcı şirkətlərin təcrübəsinə əsasən həyata keçirilib, Mərkəz qabaqcıl texnoloji avadanlıqla təchiz edilib.
SOCAR-ın Baş ofisində fəaliyyət göstərən Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzinin funksiyaları, Böhran Vəziyyətləri və Fövqəladə hallar üzrə Komissiyanın vəzifələri, kommunikasiyanın düzgün idarə olunması, əvvəlcədən planlaşdırılmış hazırlıq tədbirlərinin həyata keçirilməsi, qәza-xilasetmә əməliyyatı və qәza-bәrpa işlərinin tәhlükәsiz, sürətli şəkildə yerinə yetirilməsi, eyni zamanda mümkün nəticələrin aradan qaldırılması kimi vəzifələri özündə əks etdirən “SOCAR-da Böhran Vəziyyətləri və Fövqəladə Halların İdarə Olunması” (BVFHİO) Planı işlənib hazırlanıb.
Təsdiqlənmiş BVFHİO üzrə təlim-məşq qrafikinə əsasən 2022-ci il ərzində Baş ofis və SOCAR-ın müəssisələri arasında koordinasiyalı idarəetmə təlim-məşqi təşkil olunub.
Praktik təlimlərin keçirilməsi bu sahədə rol və məsuliyyətlərin düzgün müəyyən olunmasına, koordinator və komissiya üzvlərinə vahid komanda şəklində sistemli işləmək, baş verə biləcək real təhlükələr zamanı çevik yanaşma və doğru qərarlar çıxarmaq kimi vərdişlərin aşılanmasına xidmət edir.
SOCAR-ın kəşfiyyat, hasilat, nəql və emal sahələri də daxil olmaqla, bütün biznes seqmentləri üzrə yüksək təhlükə potensiallı quru və dəniz obyektlərində bu cür təlim-məşqlər illik qrafik-plan üzrə davamlı olaraq keçirilir. Təlim-məşq toplanışlarının mütəmadi keçirilməsi SOCAR üzrə KSƏTƏMM sahəsində aparılan islahatların vacib tərkib hissəsidir.