Türkiyə
SOCAR 2008-ci ildə Türkiyənin ilk və yeganə neft-kimya kompleksi “Petkim”in 51% səhmini alaraq, qardaş ölkədəki fəaliyyətlərinə başlayıb. “SOCAR Türkiyə” qrupuna daxil olan şirkətlərin fəaliyyət sahəsinə xam neft və təbii qazın idxalı, topdan və pərakəndə satışı, enerji ticarəti, liman idarəçiliyi, neft-kimya məhsullarının istehsalı və satışı daxildir. “SOCAR Türkiyə”, 2008-ci ildən etibarən biznes tərəfdaşlarıyla birgə Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarına yaxın sərmayə yatırıb.
Qrupun “Petkim”, “STAR Neft Emal Zavodu”, “SOCAR Terminal” və “SOCAR Depolama” şirkətləri, eləcə də “Petkim RES” (Külək Elektrik Stansiyası) İzmirin Əliağa bölgəsində yerləşir.
“TANAP boru kəməri” təbii qazın nəqli, “SOCAR Enerji Ticaret” enerji ticarəti, “SOCAR Enerji İÇAN” isə Kırıkkaledə yerləşən təbii qaz kombinə dövriyyəli elektrik stansiyası vasitəsilə elektrik enerjisi istehsalı sahəsində fəaliyyət göstərir. Bu fəaliyyətlər “SOCAR Türkiyə”nin təbii qazdan elektrik enerjisinə uzanan inteqrasiya olunmuş enerji dəyər zəncirini gücləndirir.
Bundan əlavə, yanacaqdoldurma məntəqələri sahəsində fəaliyyət göstərən “SOCAR Petrol Ticaret”, rabitə və telekommunikasiya infrastrukturu xidmətləri təqdim edən “SOCAR Fiber”, daşınmaz əmlak və tikinti sahəsində fəaliyyət göstərən “SCR Gayrimenkul”, dənizçilik xidmətləri göstərən “SOCAR Shipping Agency”, sığorta və təkrar sığorta brokerliyi xidmətləri təqdim edən “SOCAR Broker”, eləcə də “TFS Akaryakıt” və “BOS Enerji” “SOCAR Türkiyə”nin geniş fəaliyyət portfelində mühüm yer tutur.
Neftin emalı, neft-kimya məhsullarının istehsalı, xam neft və təbii qazın idxalı, saxlanması, paylanması və satışı, eləcə də logistika sahəsində böyük nailiyyətlər qazanan “SOCAR Türkiyə” qardaş ölkənin ən böyük sənaye holdinqinə çevrilib. Hazırda o, Türkiyənin ən böyük xarici investorudur. Qrupun Türkiyədə birbaşa yaratdığı məşğulluq 4.800 nəfərə yaxındır.
NEFT EMALI VƏ NEFT-KİMYA BİZNES BÖLMƏSİ
Petkim
“SOCAR Türkiyə” 2008-ci ildə Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olan “Petkim”in səhmlərinin 51%-ni 2 milyard 40 milyon dollara satın alıb. Kompleks 15 əsas zavod və 6 köməkçi emal müəssisəsindən ibarət olaraq 60-a yaxın müxtəlif növ neft-kimya məhsulu istehsal edir. İldə 3,6 milyon ton istehsal gücünə malik “Petkim” kimya, qablaşdırma, tikinti, boru, boya, kənd təsərrüfatı, elektrik, elektronika, avtomobil, toxuculuq, dərman və tibb ləvazimatları, yuyucu vasitələr və kosmetika kimi sahələr üçün xammal istehsal edir. Kompleksin nəzdində aşağı və yüksək sıxlıqlı polietilen, polipropilen, etilen-propilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik xlor qələvi, karbohidrogenlər, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi zavodları fəaliyyət göstərir.
“Petkim” kompleksi İstanbul Sənaye Palatası və Egey bölgəsi Sənaye Palatası tərəfindən açıqlanan "İlk 500 böyük sənaye müəssisəsi", "Egey regionunun ən böyük 100 sənaye müəssisəsi" və "Ən çox ixrac edən şirkətlər" siyahılarında mütəmadi olaraq əsas yerlərə layiq görülür.
Türkiyədə özəl sektor tərəfindən tək nöqtəyə yatırılan ən böyük investisiya layihəsi olan “STAR” Neft Emalı Zavodunun (NEZ) açılışı 2018-ci ilin 19 oktyabr tarixində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə keçirilib. İzmirin Əliağa yarımadasında istismara verilən zavod “Petkim”in əsas xammal ehtiyacı olan yüngül nafta və Türkiyəyə idxal olunan bir sıra məhsulları istehsal edir. Layihənin reallaşdırılması üçün 6,3 milyard ABŞ dolları sərmayə yatırılıb. Məhsulların böyük əksəriyyəti Türkiyənin daxili bazarı üçün nəzərdə tutulub. İldə 13 milyon ton xam neft emal etmək gücündə olan “STAR” NEZ Türkiyədəki cari kəsirin azalmasına mühüm töhfə verir.
“SOCAR Depolama” şirkəti xammal və hazır neft məhsullarının saxlanması məqsədilə 2016-cı ildə təsis edilib. Terminalın fəaliyyət dairəsinə neft və neft məhsullarının çənlərdə saxlanılması, tankerlərə doldurulması, dəniz tankerlərindən çənlərə boşaldılması kimi əməliyyatlar daxildir. “STAR” NEZ-in saxlama tutumunun artırılması nəticəsində “SOCAR Depolama” terminalının ümumi çən tutumu 575.000 m³-ə qədər artırılıb. Bununla da, “SOCAR Depolama” şirkəti Türkiyənin 5 ən böyük terminalından birinə çevrilib.
Alternativ enerji istehsalında əhəmiyyətli yer tutan “Petkim Külək Elektrik Stansiyası” “Petkim” kompleksinin enerji təhlükəsizliyini artırmaq, xərclərini azaltmaq, eləcə də ekoloji cəhətdən təmiz və bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə təsis edilib. Layihənin ümumi dəyəri 55 milyon avro, stansiyanın mexaniki gücü 51 meqavattdır. Yarımadada yerləşən və 17 turbindən ibarət olan “Petkim RES”də turbinlərin quraşdırılması 2017-ci ilin sonunda başa çatdırılıb. Stansiyada ildə 150–180 gigavat-saat, yaxud təqribən 40 min ailənin istehlak etdiyi elektrik enerjisinə bərabər həcmdə enerji istehsal edilir.
“SOCAR Türkiyə”nin törəmə müəssisələrindən “SOCAR Türkiye Petrol Enerji Dağıtım A.Ş.” (bundan sonra “SOCAR Ticaret”) regionda yanacağın topdan və pərakəndə satışı, aviasiya (SOCAR Aviation) və dəniz nəqliyyatı (SOCAR Marine) üçün yanacaq satışını həyata keçirir. „STAR“ NEZ-in satış gücünü artırmaq məqsədilə “SOCAR Ticaret” bütün Türkiyə ərazisindən olan yanacaq təchizatçıları (vasitəçilər) ilə müqavilələr bağlamağa nail olub. Hazırda “SOCAR Türkiyə” pərakəndə yanacaq doldurma sektorunda 12-si SOCAR, 278-si isə diler tərəfindən idarə olunan cəmi 290 YDM ilə fəaliyyət göstərir.
“SOCAR Aviation” 2013-cü ildə İstanbul Sabiha Gökçen Hava Limanında “Pegasus Hava Yolları”na aviasiya yanacağının tədarükü ilə fəaliyyətə başlayıb. Bu gün “Türk Hava Yolları” da daxil olmaqla, yerli və beynəlxalq aviaşirkətlərə Türkiyənin müxtəlif hava limanlarında xidmət göstərir. İzmir Adnan Menderes və Milas-Bodrum hava limanlarında öz aviasiya yanacağı obyektlərinə malik olan “SOCAR Aviation” sektorun ehtiyaclarına uyğun etibarlı və fasiləsiz yanacaq tədarükü həyata keçirir. “SOCAR Marine” 2013-cü ildən etibarən yerli və beynəlxalq gəmiçilik şirkətlərinə dəniz yanacağı tədarükü sahəsində fəaliyyət göstərir. Geniş məhsul çeşidi, təcrübəli komandası və güclü təchizat infrastrukturu ilə Türkiyə və beynəlxalq bazarlarda xidmət göstərən “SOCAR Marine” müxtəlif spesifikasiyalı dəniz yanacaqlarının İskəndərun və Mersin bölgələrində ilk dəfə təchiz edilməsinə öncüllük edib. Şirkət İzmit körfəzi, İskəndərun körfəzi və Əliağa bölgəsindəki saxlama infrastrukturu və dəniz tankerlərindən ibarət təchizat şəbəkəsi ilə gəmiçilik sektorunun yanacaq ehtiyaclarını qarşılayır.
SOCAR Ar-Ge ve İnovasyon A.Ş
"SOCAR Ar-Ge ve İnovasyon A.Ş" şirkəti “Petkim”in 51 illik tədqiqat və inkişaf təcrübəsini bütün qrupa ötürmək məqsədilə 2019-cu ilin dekabrında təsis edilib. İzmirin Əliağa bölgəsində 1200 m²-lik ərazidə yerləşən şirkətdə reologiya, katalizator, polimer xarakteristikası, ətraf mühit və biotexnologiya, kimyəvi analiz və xromatoqrafiya sahələrində xidmət göstərən 6 laboratoriya fəaliyyət göstərir. Bundan əlavə, "Ar-Ge" mərkəzinə polimer emalı, polimerləşmə və katalizator test sistemlərinə imkan verəcək 400 m²-lik pilot istehsal müəssisəsi olan ofislər də daxildir. Şirkətin həyata keçirdiyi “Nefertiti” layihəsinin məqsədi günəş enerjisi vasitəsilə karbon dioksiddən etanol/izopropanol kimi kimyəvi maddələr əldə etməkdir. Layihə Avropa Komissiyasının “Horizon 2020” Qrant Proqramı tərəfindən maliyyələşdirilir.
TƏBİİ QAZ BİZNES BÖLMƏSİ
“SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsi təbii qaz və elektrik enerjisinin tədarükü və ticarəti sahələrində fəaliyyət göstərir. Bölmənin tərkibində “SOCAR Enerji Ticaret” şirkəti yer alır. Bu fəaliyyətlər təbii qaz və elektrik enerjisi bazarlarında inteqrasiya olunmuş enerji həllərinin inkişafını dəstəkləyir.
SOCAR Enerji Ticaret
2009-cu ildən fəaliyyət göstərən “SOCAR Enerji Ticaret” təbii qaz və elektrik enerjisinin tədarükü, ticarəti və topdan satışı sahələrində xidmət göstərir. Şirkət müştərilərinə təbii qaz və elektrik enerjisi ilə yanaşı, bərpa olunan enerji mənbələrinə əsaslanan sertifikatlı yaşıl enerji həlləri də təqdim edir. Azərbaycan təbii qazının Türkiyə bazarına tədarükünə töhfə verən “SOCAR Enerji Ticaret” ölkənin enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır.
DİGƏR QRUP ŞİRKƏTLƏRİ
SOCAR Fiber
“SOCAR Türkiyə”nin telekomunikasiya sektorunda ixtisaslaşmış digər bir şirkəti “SOCAR Fiber” 2013-cü ildə təsis edilib və 2014-ci ilin iyulunda Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsindən idarəetmə xidməti üzrə lisenziya alıb. Səhmlərinin 100%-i “SOCAR Türkiyə”yə məxsusdur. “SOCAR Fiber” elektron rabitə və sürətli internet xidmətləri göstərən bütün operator şirkətlərinə magistral şəbəkə xidməti (backbone network service) təklif edir. Şirkət Türkiyədə TANAP boru kəməri boyunca 1.850 km uzunluğunda fiber optik şəbəkədən yararlanmaq imkanını yaradıb.
SCR Gayrimenkul
“SOCAR Türkiyə”nin strukturunda olan bütün şirkətlərin təmir və tikinti, dizayn, yoxlama, eləcə də əmlak idarəetmə işləri “SCR Gayrimenkul” şirkəti tərəfindən həyata keçirilir. Şirkətin həyata keçirdiyi mühüm layihələrə İstanbulda sahəsi 24.000 m² olan “SOCAR Plaza”, sahəsi 30.000 m² olan SOCAR Türkiyə Əliağa Baş Ofis binası və sahəsi 11.200 m² olan Ankaradakı ofisi misal ola bilər. “SCR Gayrimenkul” SOCAR-ın Əliağadakı xüsusi sənaye zonasında bir çox layihələr reallaşdırır.
SOCAR Broker
2022-ci ildə yaradılan “SOCAR Broker” qrup şirkətlərinə, korporativ və fərdi müştərilərə sığorta və təkrar sığorta brokerliyi xidmətləri göstərir. Şirkət müştərilərin ehtiyaclarına uyğun sığorta proqramlarının hazırlanması, risklərin qiymətləndirilməsi və zərərlərin idarə olunması sahələrində məsləhət və həllər təqdim edir.
SOCAR Shipping Agency
2019-cu ildən fəaliyyət göstərən “SOCAR Shipping Agency” Türkiyə limanlarında gəmi agentliyi və dənizçilik xidmətləri təqdim edir. Şirkətin xidmətlərinə liman əməliyyatlarının və gömrük prosedurlarının idarə edilməsi, gəmilərin yanacaq, ərzaq və içməli su ilə təchizatı, ekipaj dəyişikliklərinin təşkili və gəmi sahiblərinə nümayəndəlik dəstəyi daxildir. “SOCAR Shipping Agency” biznes tərəfdaşlarının əməliyyat ehtiyaclarına fasiləsiz xidmət göstərir.
SOCAR Enerji İÇAN
Kırıkkaledə yerləşən “SOCAR Enerji İÇAN” Təbii Qaz Kombinə Dövriyyəli Elektrik Stansiyası 2016-cı ildə tam gücü ilə elektrik enerjisi istehsalına başlayıb. Stansiya 2026-cı ildə “GAMA Enerji”dən satın alınaraq “SOCAR Türkiyə”nin portfelinə daxil edilib.
870 MVt quraşdırılmış gücə malik stansiya yüksək səmərəli kombinə dövriyyə texnologiyası ilə Türkiyənin enerji təchizatı təhlükəsizliyinə töhfə verir. “SOCAR Enerji İÇAN”, “SOCAR Türkiyə”nin təbii qazdan elektrik enerjisinə uzanan inteqrasiya olunmuş enerji dəyər zəncirinin mühüm hissəsidir.
BİRGƏ MÜƏSSİSƏLƏR
SOCAR Terminal
İzmirin Əliağa bölgəsində yerləşən “SOCAR Terminal” SOCAR Türkiyə ilə MSC Qrupunun liman idarəçiliyi şirkəti “Terminal Investment Limited” (TIL) arasında ortaq müəssisə kimi fəaliyyət göstərir. İllik 1,5 milyon TEU konteyner emalı gücünə malik terminal Egey bölgəsinin ən böyük konteyner limanıdır. “SOCAR Terminal” konteyner, ümumi yük və layihə yüklərinin emalı üzrə xidmətlər göstərir.
TANAP
Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Azərbaycan və Türkiyənin enerji sahəsindəki strateji əməkdaşlığının ən mühüm layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən TANAP “Şahdəniz” yatağından hasil olunan təbii qazı Türkiyəyə və Avropaya nəql edir. Layihə Türkiyə və Avropanın enerji təchizatı təhlükəsizliyinə və mənbələrin şaxələndirilməsinə töhfə verir.
TFS Akaryakıt
“TFS Akaryakıt Hizmetleri” İstanbul Hava Limanında aviasiya yanacağının tədarükü, saxlanması və ötürülməsi xidmətlərini həyata keçirir. İnteqrasiya olunmuş infrastrukturu vasitəsilə yanacağın limandan hava limanına çatdırılmasını və təyyarələrə doldurulmasını vahid əməliyyat sistemi çərçivəsində idarə edir. Mövcud infrastrukturu dayanıqlı aviasiya yanacağının (SAF) tədarükünə də imkan verir.
BOS Enerji
“BOS Enerji” 2022-ci ildə BOTAŞ və “SOCAR Türkiyə”nin birgə nəzarətində yaradılıb. Şirkət enerji istehsalı, topdan və son istehlakçılara satış, infrastruktur layihələrinin qurulması və istismarı, eləcə də Türkiyə ilə qonşu ölkələr arasında enerji ticarəti sahələrində investisiya imkanlarını qiymətləndirmək məqsədilə fəaliyyət göstərir.