SOCAR-ın istehsalat sahələrində formalaşan müxtəlif növlü istehsalat tullantıları Tullantıların İdarə Olunması Planına (TİOP) əsasən idarə edilir. TİOP-da tullantıların azaldılması, təkrar istifadəyə qaytarılması, zərərsizləşdirilməsi və ləğv edilməsi üzrə tələblər müəyyənləşdirilib, prosesin davamlı monitorinqi təsbit edilib. SAP EHS sistemində “Tullantıların idarə olunması modulu” tətbiqi vasitəsilə müəssisələrdə yaranan tullantıların aylıq hesabatı hazırlanır və qeydə alınır. Tullantıların formalaşdığı sahələrdə məsul şəxsin təyin edilməsi, tullantıların çeşidlənməsi, daşınması və müvafiq ixtisaslı şirkətə təhvil verilməsi TİOP-a əsasən həyata keçirilir.
SOCAR 2016-cı ildə Tullantıların İdarə Edilməsi Mərkəzi (TİEM) layihəsini icra edib, başa çatdırıb. Mərkəzdə qazma tullantılarının, neft şlamının, suyun və s. təmizlənməsi üçün qurğular quraşdırılıb. TİEM-in istehsal gücü 150000 ton/il təşkil edir. Mərkəzdə:
- neft-qaz quyularının qazılması zamanı formalaşan qazma tullantılarının zərərsizləşdirilməsi;
- neftlə çirklənmiş qum və neft şlamlarının zərərsizləşdirilməsi;
- lay suları və istehsalat çirkab sularının təmizlənməsi;
- məişət-çirkab sularının təmizlənməsi;
- ümumilikdə, 60 növdə tullantı axınının çeşidlənməsi, ətarf mühitdən təcrid edilməsi və qəbulu;
- hər bir tullantı axını üzrə təkrar istifadə yolarının müəyyənləşdirilməsi üzrə fəaliyyətlər;
- tullantıların idarə edilməsi üzrə üçüncü tərəflərlə əməkdaşlıq həyata keçirilir.
SOCAR təhlükəli tullantıların, o cümlədən odorant və PXB tullantılarının idarə edilməsi üçün ETSN-nin “Təhlükəli Tullantılar” MMC ilə əməkdaşlıq edir.
Şirkətdə tullantıların təkrar istifadəsi bacarığının inkişaf etdirilməsi, dövri iqtisadiyyatın təşkili ilə əlaqədar kağız tullantıların, işlənmiş batareyaların, akkumullyator tullantılarının təkrar istifadəyə qaytarılması, çirklənmiş suyun təmizlənməsi və təkrar istifadəyə qaytarılması, qazma tullantılarından qiymətli reagentlərin bərpa edilərək, təktrar istifadəyə qaytarılması və s. təmin edilib. Plastik tullantıların, təşkilati texnikanın, işlənmiş yağların və s. təkrar istifadəyə qaytarılması üçün tədqiqat və araşdırma layihələri davam etdirilir.
Şirkət üzrə formalaşan və TİEM-ə təhvil verilən digər istehsalat tullantıları isə reqlamentə uyğun olaraq saxlanılır və onların yenidən emalı üsulları istiqamətində araşdırmalar davam etdirilir.
SOCAR üzrə tullantıların idarə olunması Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə, ölkəmizin qoşulduğu Beynəlxalq Konvensiyaların tələblərinə, o cümlədən SOCAR-ın Tullantıların İdarə Olunması Planına, habelə “sıfır tullantı” prinsipinə əsasən həyata keçirilir.