İzmir yaxınlığındakı Əliağa bölgəsində inşa edilmiş STAR Neft Emalı Zavodu (STAR) Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ən böyük layihədir. Neft emalı zavodunun əsas məqsədi Petkim neft-kimya kompleksinin xammalı olan naftanı, eləcə də Türkiyənin əvvəllər idxal etdiyi digər əsas məhsulları istehsal etməkdir.
“STAR” NEZ-in tarixindən: Neft emalı zavodunun təməli 25 oktyabr 2011-ci ildə qoyulmuşdur. Zavodun rəsmi açılış mərasimi 19 oktyabr 2018-ci ildə Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə keçirilmişdir. Layihədə SOCAR 60%, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi isə 40% paya sahibdirlər.
2014-cü ilin iyun ayında NEZ-in səhmdarları, aralarında kommersiya bankları və kredit agentliklərinin də olduğu 23 maliyyə qurumu ilə layihənin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalanıb. Bu, Türkiyənin real sektoru tarixinin ən böyük və ən uzunmüddətli maliyyələşdirmə sazişidir. İnvestisiya dəyəri 6,7 milyard ABŞ dolları olan layihənin 3,3 milyard dollarlıq hissəsi kreditlər, qalan hissəsi isə kapital qoyuluşu və daxili mənbələr hesabına maliyyələşdirilib. Layihə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən “İlin ən uğurlu layihə maliyyələşməsi”, “Ən uğurlu ixrac maliyyələşməsi” kimi bir sıra mükafatlara layiq görülüb.
STAR Neft Emalı Zavodunun mühəndislik, satınalma və tikinti işləri Tecnicas Reunidas (İspaniya), Saipem (İtaliya), GS Engineering & Construction Corp (Cənubi Koreya) və Itochu (Yaponiya) şirkətləri tərəfindən həyata keçirilmiş və layihə Türkiyənin ilk Strateji İnvestisiya Təşviqi Sənədini əldə etmişdir. 3 avqust 2018-ci ildə 80 000 ton Azeri Light markalı xam neft Absheron tankeri ilə STAR Neft Emalı Zavoduna çatdırılmışdır. İstismara veriləndən sonra zavodda 1150 nəfər çalışır.
“STAR” NEZ-in açılışı 2018-ci ilin 19 oktyabr tarixində yenə də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə baş tutub. Zavodun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib:
"Star Rafineri"nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır.
Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan öz çıxışında ölkələrimiz arasında əlaqələrin strateji önəmini qeyd edib:
Bu gün “STAR” NEZ-in açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət və siyasət miqyasında deyil, eyni zamanda güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. İndi açılışını etdiyimiz “STAR” NEZ ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir.
Qısa xronologiya
- 2008 – “Petkim”in mülkiyyətində olan ərazinin bir hissəsi “STAR” NEZ-ə təsis edilib.
- 2009 – “Ətraf Mühitin Qiymətləndirilməsi” müraciətinə müsbət rəy alınıb.
- 2010 – İlkin Detallı Layihələndirmə (FEED) müqaviləsi imzalanıb. Lisenziya alınıb. Beynəlxalq Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi işlərinə başlanılıb.
- Oktyabr, 2011 – “STAR” NEZ-in təməli qoyulub.
- Dekabr, 2012 – “STAR” NEZ Stratejik İnvestisiyaların Stimullaşdırılması Sənədini əldə edib.
- May, 2013 – “STAR” NEZ-in tikintisi üçün beynəlxalq şirkətlərdən ibarət konsorsiumla müqavilə bağlanıb.
- İyun, 2014 – “STAR” NEZ üçün Türkiyə real sektor tarixinin ən böyük və ən uzunmüddətli layihə maliyyələşdirməsi krediti imzalanıb.
- Noyabr, 2017 – “STAR” NEZ-in enerjiləndirmə mərhələsi tamamlanıb.
- Yanvar, 2018 – “STAR” NEZ-in montaj və sınaq-sazlama mərhələsi yekunlaşıb.
- Mart, 2018 – “STAR” NEZ-in inşaatında 100 milyon adam/saat işləmə müddəti tamamlanıb.
- Avqust, 2018 – “STAR” NEZ-ə tankerlə ilk xam neft yükü gəlib və emal üçün sınaq işlərinə başlanıb.
- Oktyabr, 2018 – “STAR” NEZ-in rəsmi açılışı olub.
Neft emalı zavodu Türkiyənin neft məhsullarına olan tələbatının 20%-ni qarşılayır. İllik 13,2 milyon tona qədər emal gücünə malik olan zavod Türkiyənin cari kəsirinin azaldılmasına mühüm töhfə verir.
Zavod 2022-ci ildə "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi" araşdırmasında 2-cə yerə, EBSO-nun "Egey Bölgəsinin 100 Ən Böyük Sənaye Müəssisəsi" siyahısında isə 1-ci yerə layiq görülüb.
2021-ci ildə STAR Neft Emalı Zavodu rəqəmsallaşma və Sənaye 4.0 texnologiyalarının tətbiqinə görə Dünya İqtisadi Forumu tərəfindən Global Lighthouse Network-ə seçilən dünyada ilk neft emalı zavodu olmuşdur. Beləliklə, STAR Neft Emalı Zavodu bu mükafata layiq görülən dünyanın ilk neft emalı zavodu olmuşdur.