Səmt qazının azaldılması
Məşəldə yandırılan qazın həcminin azaldılması və səmt qazının yığılması ekoloji məsuliyyət layihələrimizin mühüm tərkib hissəsidir. SOCAR neft-qaz sənayesində hasilatdan tutmuş paylanmaya qədər olan dəyər zəncirinin bütün seqmentlərində səmt qazının atmosferə atılmasının, texnoloji qaz itkilərinin və müxtəlif növ sızmaların azaldılmasını əsas məsələlərdən biri hesab edir və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlığa xüsusi önəm verir. Son 15 ildə bu sahədə həyata keçirilən fəaliyyətlərin xronologiyası və tədbirlərin nəticəsi aşağıdakı kimidir. SOCAR:
- 2008-ci ildən bütün fəaliyyət sahələrində istilik effekti yaradan qazların (İEYQ) inventarlaşdırılmasına başlayıb;
- “2011-2015-ci illərdə SOCAR və onun iştirak etdiyi layihələrdə səmt qazının azaldılması üzrə Plan" hazırlayıb və onun uğurlu icrasını təmin edib;
- “2010-2020-ci illər üzrə SOCAR-da iqlim dəyişmələrinə təsirin azaldılması strategiyası”nı qəbul edib və icrasını uğurla başa çatdırıb;
- 2012-ci ildə “28 May” NQÇİ-nin “Günəşli” və “Neft Daşları” NQÇİ-nin yataqlarında aşağı təzyiqli səmt qazlarının utilizə edilməsi layihələrinə görə GGFR-ın “Ali mükafatı”na layiq görülüb;
- 2015-ci ildə ““Azəri-Çıraq-Günəşli” yataqlarında məşəldə yandırılan səmt qazı həcminin azaldılması” layihəsinin uğurlu icrasına görə BP şirkəti ilə birlikdə GGFR-ın “Ali mükafat”ına layiq görülüb;
- 2019-cu ildə Dünya Bankının “2030-cu ilə qədər normal hasilat prosesində səmt qazının yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə, həmçinin “Shell” və “BP” şirkətlərinin tərəfindən irəli sürülmüş “Metan Rəhbər Prinsipləri Təşəbbüsü”nə qoşulub;
- 2017-2019-cu illlərdə "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları" (NAMA) layihəsini həyata keçirib;
- "2017-2022-ci illər: SOCAR və SOCAR-ın iştirak etdiyi layihələrdə səmt qazı atılmalarının azaldılması Planı" təsdiq edilib və “Fəaliyyət Tədbirləri” hazırlanıb;
- Sızmaların müəyyən edilməsi və təmiri – LDAR layihəsini həyata keçirib;
- İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvü kimi fəaliyyətə başlayıb;
- “SOCAR 2021-2030: Aşağı karbonlu inkişaf strategiyası” sənədi təsdiq edilib.
SOCAR-ın mədən ərazilərində hasil olunan səmt qazlarının tutularaq istifadəyə verilməsi məqsədilə 2012-ci ildə “Günəşli” yatağında aşağı təzyiqli sıxıcı kompressor stansiyası istismara verilib, habelə “Azneft” İB-nin bır sıra mədənlərində quyuların istismar üsulları dəyişdirilərək “Qaz-lift” üsulundan “Dərinlik Ştanqlı Nasos” (“Mancanaq”) üsuluna keçirilib.
SOCAR “28 May” NQÇİ-nin “Günəşli” və “Neft Daşları” NQÇİ-nin yataqlarında aşağı təzyiqli səmt qazlarının utilizə edilməsi layihəsinin icrası nəticəsində həmin dövrdə “Neft Daşları” NQÇİ-də illik 250-280 mln.m³, “28 May” NQÇİ-nin “Günəşli” yatağında isə illik 300-310 mln.m³ səmt qazının yığılaraq istehlakçıya ötürülməsinə nail olub.
“SOCAR 2021-2030: Aşağı karbonlu inkişaf strategiyası” sənədində iqtisadi və ekoloji cəhətdən səmərəli texnologiyaların tәdbiq edilmәsi ilə İEYQ-nin azaldılması üzrə tədbirlərin inkişaf etdirilməsi nəzərdə tutulub. SOCAR iqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvü olaraq İEYQ hesablanması üçün korporativ metodika hazırlayıb, həmin metodiki vəsait Nazirlər Kabinetində baxılıb və tətbiqinə müsbət rəy verilib.
SOCAR-da korporativ İEYQ inventarlaşması və aşağı karbonlu inkişaf strategiyası sənədinin icrası ilə əlaqədar “ölçmə, hesabatlılıq və yoxlama” (MRV) məlumat məkanı layihəsinin həyata keçirilməsinə başlanıb. Bu layihənin icrası İEYQ inventarlaşdırılması üzrə hazırlanan hesabatların təkmilləşdirilməsinə, dəqiqliyin artırılmasına, rəqəmsallaşdırma və insan faktorundan asılılığın azaldılmasına kömək edəcək.