Şahmat
SOCAR Korporativ Sosial Məsuliyyət (KSM) layihələri çərçivəsində Azərbaycanın şahmat üzrə yığma komandasının tərəfdaşı, beynəlxalq turnirlərin təşkilatçısı kimi, nəinki ölkəmizdə, həm də bütün regionda şahmatın inkişafına dəstək göstərir. 2021 və 2022-ci illərdə şirkət şahmat üzrə Vüqar Həşimov Memorial turnirlərinə sponsorluq edib. ABŞ təmsilçisi Fabiano Karuana Azərbaycanın görkəmli şahmatçısının əziz xatirəsinə həsr edilmiş 7-ci beynəlxalq superturnirin qalibi olub.
İşğaldan azad olunmuş torpaqlarımızda 2022-ci ildə SOCAR-ın dəstəyi ilə ilk beynəlxalq şahmat turniri təşkil edilib. SOCAR-ın əsas sponsoru olduğu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “Shusha Chess 2022” beynəlxalq şahmat turnirində kişilər arasında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov, qadınlar arasında isə Meri Arabidze (Gürcüstan) birincilik qazanıb.
2023-cü ildə SOCAR-ın sponsorluq dəstəyi ilə Azərbaycanın ev sahibliyi etdiyi və planetin 206 tanınmış zəka sahibinin mübarizə apardığı Dünya Kubokunda Azərbaycan təmsilçisi Nicat Abasov ardıcıl qələbələr sayəsində turnirin yarımfinal mərhələsinə qədər irəliləsə də, yarımfinalda dünyanın ən güclü şahmatçısı sayılan Maqnus Karlsenə məğlub olub.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Bakıda keçirilmiş şahmat üzrə Dünya Kubokunun təşkilatçılığını yüksək qiymətləndirərək Azərbaycana təşəkkürünü ifadə edib.