“Qərbi Abşeron” yatağı Xəzər dənizi akvatoriyasında, Abşeron yarımadasından 40 km, Şoulan burnundan 25 km şimalda, Abşeron arxipelaqının şimal-qərb hissəsində, Abşeron-Türkmənbaşı antiklinal zonasının şimal antiklinal xəttində yerləşir. Qurudan uzaqda yerləşməsinə baxmayaraq, “Qərbi Abşeron” sahəsində dənizin dərinliyi 2-25 metr arasında dəyişir. “Qərbi Abşeron” qalxımının sahəsi 20,9 km², strukturun uzunluğu 9,5 km, eni isə 3 km-dir.
“Qərbi Abşeron” sahəsinin akvatoriyası sərt iqlim və hidrometeoroloji şəraitlə xarakterizə olunur. Ərazi açıq dəniz şəraitində yerləşdiyindən və sahəni küləkdən qoruyan təbii maneələrin olmaması səbəbindən, tez-tez şimal və şimal-şərq istiqamətlərdə fırtınalı küləklər əsir. Akvatoriyada dəniz 8 bal gücündə dalğalanır, bu halda dalğanın hündürlüyü 4-8 metr ola bilir.
“Qərbi Abşeron” qalxımı 1958-1959-cu illərdə aparılan seysmik işlər nəticəsində müəyyən olunub. Qırışığın qərb hissəsində quyu qazılaraq, əldə olunan nəticələr əsasında neftliliyi təsdiq edilib. İlk dəfə 1985-ci ildə Qərbi Abşeron sahəsində 35 nömrəli axtarış quyusunda sınaq işləri zamanı sənaye əhəmiyyətli neft alınıb.
Yatağın qalıq çıxarıla bilən ehtiyatları nəzərə alınaraq, yeni özüllərin tikintisi və mövcud özülləri genişləndirməklə ümumilikdə yeni quyuların qazılması planlaşdırılır.
“Qərbi Abşeron” yatağı SOCAR-ın “Azneft” İB-in “Abşeronneft” NQÇİ tərəfindən istismar olunur.