2006-cı ildə təbii qazın qəbulu, nəqli və təhvili üzrə texnoloji proseslərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Qaz Əməliyyatları Departamentinin bazasında Qaz Əməliyyatları İdarəsi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyul 2009-cu il tarixli “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi” haqqında müvafiq Fərmanına uyğun olaraq, Qaz Əməliyyatları İdarəsinin adı dəyişdirilərək Qaz İxrac İdarəsi (Qİİ) adlandırılıb.
2013-cü ildə Qİİ-nin strukturu təkmilləşdirilib, “Azəriqaz” İstehsalat Birliyinin (İB) 7 magistral qaz kəməri sahəsi və Qaz kəmərlərinin korroziyadan mühafizəsi, elektrik təchizatı və radio-rabitə sahələri İdarənin tərkibinə verilib.
Qİİ təbii qaz həcmlərinin səmərəli idarə olunması, eləcə də qazın qəbulu və nəqli sistemləri vasitəsilə respublikanın enerji dəhlizinə ötürülməsi işi üzrə normativ qaydalara uyğun texniki, texnoloji və metroloji əməliyyatların aparılması, həmçinin “Azneft” İB-yə məxsus qaz həcmlərinin müvafiq müqavilə çərçivəsində Gürcüstana ixrac və nəqlinin həyata keçirilməsi ilə məşğul olur. Azərbaycanın daxili bazarında təbii qazın satışının “Azkontrakt” ASC-yə həvalə edilməsi ilə bağlı qərarın icrasını təmin etmək məqsədilə imzalanmış Xidmət müqaviləsinə əsasən, Qİİ təhvil-təslimin təşkili xidməti, qaz müqavilələri və əməliyyat protokolları üzrə qazın qəbulu, ölkədaxili qaz istehsalçıları və istehlakçıları (paylayıcıları) – “Azərenerji” ASC, “Azəriqaz” İB və Naxçıvan MR Qaz İstismar Xidməti müəssisələrinə nəqli, təhvil-təsliminin idarə olunması və bunlara aid olan texniki-texnoloji, metroloji və müqavilə şərtləri çərçivəsində nəzərdə tutulan digər əməliyyətları həyata keçirir. Qeyd edək ki, SOCAR və Türkmənistanın “Türkmənqaz” şirkəti arasında təbii qazın alqı-satqısı müqaviləsi ilə bağlı bütün hüquq və öhdəliklərin icra edilməsi Qİİ-nə tapşırılıb. Eyni zamanda, SOCAR ,“SOCAR Trading SA”, “SOCAR Enerji” və BOTAŞ şirkətinin Avropa və Türkiyə bazarına çatdırılması məqsədilə bağladıqları qazın təhvili müqavilələri üzrə SOCAR-a aid bütün hüquq və öhdəliklərin icra edilməsi də Qİİ-nə həvalə edilib.
Eyni zamanda, Rusiya Federasiyasının “Qazprom Eksport” və SOCAR arasında imzalanmış təbii qazın alqı-satqı və svop müqavilələrindən irəli gələn öhdəliklərin icrasını Qİİ həyata keçirmişdir.
01 sentyabr 2023-cü ildə Qİİ ilə “Azərenerji” ASC arasında imzalanmş ixrac enerjisində istifadə olunan qaz həcmlərinə görə bağlanmış müqavilənin icrası Qİİ tərəfindən həyata keçirib.
“SOCAR-ABSHERON” (JOCAP) ilə SOCAR arasında imzalanan təbii qazın alqı-satqı müqaviləsinin bütün hüquq və öhdəliklərinin icrası Qİİ-yə həvalə edilib.