Petkim Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olmaqla yanaşı, yerli sənaye sahələrinin ən mühüm xammal təchizatçılarından biridir. 15 əsas və 6 köməkçi emal müəssisəsindən ibarət kompleksin illik istehsal gücü 3,6 milyon ton təşkil edir. Portfelində təxminən 60 neft-kimya məhsulu olan Petkim plastik, kimya, qablaşdırma, boru, boya, tikinti, kənd təsərrüfatı, avtomobil, elektrik, elektronika, tekstil, dərman, tibbi ləvazimatlar, yuyucu vasitələr və kosmetika sahələrini xammalla təmin edir. Şirkətin hədəfi yüksək keyfiyyətli neft-kimya məhsulları ilə ölkə iqtisadiyyatını daha da gücləndirmək, təkcə daxildə deyil, beynəlxalq bazarlarda da etibarlı, məsuliyyətli tədarükçü və tərəfdaş kimi lider bir markaya sahib olmaqdır.
Petkim 3 aprel 1965-ci ildə Türkiyə Petrolları Anonim Ortaqlığının (TPAO) himayəsi altında yaradılmış və 1970-ci ildə Kocaelinin Yarımca kompleksində beş müəssisənin tikintisi də daxil olmaqla fəaliyyətə başlamışdır. Petkim-in müasir texnologiyalar əsasında və optimal istehsal gücü ilə fəaliyyət göstərən ikinci kompleksi 1985-ci ildə İzmirin Əliağa rayonunda istismara verilmişdir.
30 may 2008-ci ildə Petkim Petrokimya Holding A.Ş.-nin səhmlərinin 51%-i SOCAR və Turcas Enerji A.Ş. tərəfindən 2,04 milyard ABŞ dollarına əldə edilmişdir. Petkim-in istehsal kompleksinə aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinilxlorid, akrilonitril, aromatik karbohidrogenlər, etilen-propilen, plastik məmulatlar və ftal anhidridi zavodları daxildir.
“Petkim” İstanbul Sənaye Palatası, Türkiyə İxracatçılar Məclisi, Egey bölgəsi Sənaye Palatası tərəfindən hər il açıqlanan "İlk 500 böyük sənaye qurumu", "Ən çox ixrac edən 1000 şirkət", "Egeyin ən böyük 100 sənaye qurumu" və "Ən çox ixrac edən şirkətlər" siyahılarında daim yer almaqdadır. Petkim, Egey regionu İxracatçılar Birliyinin 2023-ci ilin yekunlarına əsasən bütün sektorların qiymətləndirildiyi "İxracatın Liderləri" siyahısında birinci olub. 2023-cü ildə 557 milyon dollarlıq ixracatla təkcə kimya sektorunda deyil, bütün sektorlar arasında Egey bölgəsinin ən çox ixracat həyata keçirən şirkəti olub. Bununla yanaşı, Petkim Türkiyənin daxili bazarında neft-kimya məhsullarına olan tələbatın 11%-ni qarşılayır.
2018-ci ilin sonunda istismara verilən "STAR" Neft Emalı Zavodu (NEZ) ilə yaradılan sinerji həm əməliyyat, həm də idarəçilik sahəsində məhsuldarlığın artmasına, layihələrin çevik icrasına töhfə verib.
"STAR" NEZ ilə yaratdığı sinerji “Petkim”ə logistika xərclərindən əldə etdiyi qənaətə əlavə olaraq, daha keyfiyyətli istehsal, əməliyyat proseslərində səmərəlilik, xammal tədarükünün təhlükəsizliyi və idarəetmə proseslərində birgə dəyər yaratmaq kimi irəliləyişlər gətirib. “Petkim”in dəyəryaradıcı proqramları və səmərəlilik layihələri satış və gəlirlərin sabit artımını təmin edib. Pandemiya dövründə "Petkim" "STAR" NEZ ilə inteqrasiya olunduğuna, əsas xammalı olan naftanı zavoddan fasiləsiz ala bildiyinə görə istehsal prosesini davamlı və səmərəli təşkil edə bilib.
"STAR" NEZ ilə inteqrasiya rəqəmsal transformasiya istiqamətində fəaliyyətlərə də güclü təkan verib. 2018-ci ildən bəri icra olunan rəqəmsallaşma layihələri, o cümlədən analitik tətbiqlər və süni intellektdən istifadə istehsal proseslərinə böyük töhfə verib. Bu müddətdə “Petkim”də Rəqəmsallaşma Departamenti yaradılıb, əməkdaşların bu sahədə təkmilləşdirilməsi üçün Rəqəmsal Akademiya layihəsinə start verilib. Yeni iş modeli ilə əməkdaşların təklifləri əsasında istehsal proseslərinin səmərəliliyi artırılıb, məlumatlara əsaslanan qərar qəbuletmə prosesləri və alqoritmlər vasitəsilə müxtəlif ssenarilərin təhlili həyata keçirilib. Uğurlu ssenarilərin tətbiqi sayəsində iş həcmi, əməliyyat və enerji səmərəliliyi, məhsulun keyfiyyəti artıb. 2020-ci ildə Petkim innovativ və rəqəmsal tətbiq standartları baxımından dünya üzrə şirkətlər üçün etalon yaradan Global Lighthouse Network-ə Türkiyədən seçilən yeganə şirkət olmuşdur. Bu nüfuzlu şəbəkə sıralarında Sənaye 4.0 texnologiyalarını öz proseslərinə ən yaxşı tətbiq edən 44 şirkəti birləşdirir.
Hazırda kompleksdə təxminən 2 300 əməkdaş fəaliyyət göstərir. Podratçı şirkətlərin əməkdaşları da daxil olmaqla, bu rəqəm 5 000 nəfəri keçir. Petkim insana və ətraf mühitə hörmət prinsipinə əsaslanaraq əmək təhlükəsizliyi və ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət yetirir.
Təkcə Türkiyənin deyil, Avropanın da ən əhəmiyyətli neft və kimya kompleksinə çevrilməyi hədəfləyən “Petkim” SOCAR-ın Azərbaycan və Türkiyə iqtisadiyyatına dəyər qazandıran uğurlu investisiya layihələrindən və mühüm istehsal güclərindən biridir. Bu layihə qardaş ölkələrin iqtisadiyyatına əhəmiyyətli gəlir gətirməklə yanaşı, Azərbaycanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir, habelə Türkiyə iqtisadiyyatının idxaldan asılılığını azaldır, ölkənin büdcə kəsirinin azaldılmasına, iş həcminin artırılmasına mühüm töhfə verir.