"Neftçi” PFK
Xeyli müddətdir ki, SOCAR Korporativ Sosial Məsuliyyət (KSM) layihələri çərçivəsində futbol klubu qismində Bakı şəhərini təmsil edən və Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi” Peşəkar Futbol Klubuna (PFK) sponsor dəstəyi göstərir. Qeyd edək ki, komanda 1937-ci il martın 18-də Azərbaycan neftçilərinin şərəfinə yaradılmışdı, ancaq həmin dövrdə rus dili daha işlək olduğuna görə komanda əvvəllər "Neftyannik" adlandırılmışdı. Klubun geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olunur. İlk emblemdə neft buruğunun fonunda kiril əlifbasının "H" hərfi - "Neftyannik" (“Нефтянник” sözünün birinci hərfi) təsvir edilmişdi. "Qara qızıl"ın rəngi də komandanın geyim formasında öz əksini tapır. Həmin dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambığın Azərbaycanın iqtisadiyyatında mühüm rol oynadığını nəzərə alaraq, pambığın rənginin də komandanın geyim formasında təcəssüm etdirilməsinə dair qərar verilmişdi. O vaxtdan respublikamızın “neft ölkəsi” kimi tanınmasına xidmət etməklə Azərbaycan futbolunun əfsanəsinə çevrilən "Neftçi" ağ-qara rənglərə sadiq qalıb, bununla belə klubun loqotipi dörd dəfə – 1977, 1997, 2004 və 2024-cü illərdə dəyişdirilib. 2005-ci ildə “Neftçi” 5-ci çempionluğu qazandığına görə Klubun loqotipinə ulduz əlavə edilib.
"Neftçi" ("Neftyannik") debüt oyunu olaraq ilk rəsmi matçını 1937-ci il mayın 24-də keçirmişdi. SSRİ Kubokunun 1/64 finalında komanda Bakının "Dinamo" stadionunda 5000 azarkeşin izlədiyi matçda İrəvan "Dinamo"sunu 1:0 hesabı ilə məğlub etmişdi. 1966-cı ildə Klub vaxtilə "kiçik Avropa çempionatı" adlandırılan SSRİ çempionatının güclülər dəstəsində fəxri kürsüyə yüksələn ilk və yeganə Azərbaycan futbol komandası kimi həmin il SSRİ çempionatının bürünc medalına layiq görülmüşdü.
Bununla yanaşı, Klub beynəlxalq turnirlərdə də ölkəmizi layiqincə təmsil edərək avrokuboklarda ilk dəfə olaraq qələbə qazanmış (1996-cı ildə Bakıda Bolqarıstan "Lokomotiv"i üzərində 2:1 hesablı qələbə), Çempionlar Liqasında 2 il (2004/2005 və 2005/2006 mövsümlərində) ardıcıl mərhələni adlamış, avrokuboklarda ilk səfər qələbəsini reallaşdırmış (2005-ci ildə İslandiyada “Hafnarfyordur” üzərində 2:1 hesablı qələbə), avrokuboklarda iki mərhələni geridə qoyan ilk komanda olmuşdur (2008-ci ildə İntertoto Kubokunda). Həmçinin, klub “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışda ilk dəfə finala yüksələn (2005-ci il) və ilk dəfə baş mükafatı qazanmış (2006-cı il) Azərbaycan klubudur.
“Neftçi” Azərbaycan təmsilçiləri arasında avrokubokların qrup turnirinə yüksələn ilk klub olub. “Ağ-qaralar” 2012-ci ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Kiprin APOEL komandasını iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanıb.
"Neftçi" PFK bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandamızdan biridir. Klub 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olub. Eyni zamanda, komanda Azərbaycan futbol klubları arasında fərqlənərək beynəlxalq səviyyədə qazanılan ilk kubok kimi 1 dəfə Birlik Kubokunu qazanıb.