Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

"Neftçi İdman Klubu" İctimai Birliyi


“Neftçi İdman Klubu” İB öz fəaliyyət istiqamətlərinə əsasən müntəzəm surətdə respublikamızın əlamətdar tarixi və bayram günlərinə həsr olunan kütləvi bədən tərbiyəsi və idman yarışları, o cümlədən neftçilər arasında müxtəlif növlər üzrə (minifutbol, voleybol, şahmat, dama, nərd, stolüstü tennis, üzgüçülük və s.) tədbirlər təşkil edir. Bu tədbirlərdən ən kütləvisi hər ilin sentyabr ayında, “Neftçilər Günü” ərəfəsində 14 idman növü üzrə keçirilən və 40-a yaxın komanda tərkibində 1000-dən artıq neftçinin iştirak etdiyi neft, qaz və kimya sənayesi işçilərinin ənənəvi spartakiadasıdır. Məhz bu spartakiadanın qaliblərindən formalaşan neft və qaz sənayesinin yığma komandası sahə həmkarlar təşkilatlarının respublika spartakiadasında qalib və mükafatçı olub, 2005-ci ilin sentyabr ayında Bakıda keçirilmiş MDB ölkələrinin V Beynəlxalq Oyunlarında ümumi hesabda 4-cü, Bakı komandaları arasında isə 1-ci yeri tutub. Qeyd edək ki, neft-qaz sənayesi işçilərinin spartakiadası 1992-ci ildən etibarən keçirilməyə başlanılıb. Həmçinin, Azərbaycan Respublikası (AR) Gənclər və İdman Nazirliyi tərəfindən 2023-2024-cü illərdə dövlət qurumlarının əməkdaşları arasında keçirilmiş minifutbol, 3x3 basketbol, voleybol, stolüstü tennis, üzgüçülük, atletika, bilyard, atıcılıq, nərd üzrə yarışlarda SOCAR komandaları birincilik qazanıb və ya mükafatçı olublar. Bununla yanaşı, 2023-cü ildə AR Energetika Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilməklə energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında keçirilmiş 1-ci minifutbol turnirində SOCAR komandası 1-ci yeri tutub.

Hazırda “Neftçi İdman Klubu” İB-nin strukturunda 4 idman qurğusu – T.İsmayılov adına Olimpiya təlim-idman kompleksi, Qaradağ təlim-idman bazası, “Məşəl” idman kompleksi və Sumqayıt təlim-idman zalı fəaliyyət göstərir.

Bu idman qurğularında 26 idman növü üzrə peşəkar məşqçi-müəllimlər neftçilər ilə bərabər, minlərlə yeniyetmə və gəncə xidmət göstərir.