SOCAR-da neft dağılmaları Böhran Vəziyyətləri və Fövqəladə Hallar üzrə Komissiya tərəfindən idarə edilir. Şirkətin bir qrup əməkdaşı OSRL şirkəti tərəfindən təşkil olunan beynəlxalq səviyyəli təlimlərdə iştirak edib və sertifikatlara layiq görülüb.
SOCAR-ın bu sahədə fəaliyyətinin tənzimlənməsi məqsədilə “2021-2025-ci il: Neft Dağılmalarının İdarə Olunması Planı” (NDİOP) təsdiq olunub. Plan şirkətin dəniz və qurudakı mədənlərində neft dağılmalarının xəbərdarlığı, bu tipli hadisələrə çevik, ətraflı və effektiv cavab tədbirlərini peşəkar formada təmin etmək üçün hazırlanıb. NDİOP neft dağılmaları zamanı ətraf mühitin mənfi təsirlərdən qorunmasına xidmət edir. NDİOP qəza vəziyyəti və digər səbəblərlə bağlı neft dağılmalarının nəticələrinin vaxtında və effektiv surətdə ləğv edilməsini təmin edən tərəflərin səylərinin koordinasiya qaydalarını müəyyənləşdirir. NDİOP çərçivəsində SOCAR üzrə neft dağılmaları riski olan obyeklərin texniki inventarlaşması aparılıb, risk altında olan müəssisələrin siyahısı müəyyən edilib.
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunun SOCAR-ın fəaliyyət sahələrinə aid akvatoriyasında istehsalat fəaliyyətinin ətraf mühitə təsir dinamikasının öyrənilməsi məqsədilə dənizdə kompleks ekoloji monitorinqlər həyata keçirilir. Monitorinqlər neft və neft məhsullarının dağılmasının yoxlanılması məqsədilə ildə bir dəfə planauyğun qaydada, əgər neft dağılması baş verərsə hadisədən dərhal sonra nümunəgötürmə proseduruna əsasən və laboratoriya idarəetmə sisteminin tələbləri üzrə aparılır.
Həssas biomüxtəlifliyə malik olan və xüsusi əhəmiyyət kəsb edən ərazilərin qorunması məqsədilə quru və sahil növlərinin yaşayış arealının, təbii ehtiyatlarının xəritələşdirilməsi neft dağılmaları zamanı yaranan çirklənmənin aradan qaldırılması üçün vacib elementlərdən biri hesab olunur.