Maliyyə bazarları
“SOCAR Capital” MMC 2016-cı ildə SOCAR Qrupunun Azərbaycan və beynəlxalq maliyyə bazarlarına çıxışını təmin etmək, eləcə də kapital bazarlarında emissiya olunan istiqrazların və avrobondların idarə olunmasını həyata keçirmək məqsədilə təsis edilmişdir.
Hazırda “SOCAR Capital”ın fəaliyyət dairəsi genişləndirilərək, SOCAR Qrupunun nağd vəsaitlərin mərkəzləşdirilmiş və səmərəli şəkildə idarə olunması funksiyasını yerinə yetirir. Şirkət, qrupdaxili likvidliyin optimallaşdırılması və maliyyə ehtiyacları olan Qrup şirkətlərinin tələblərinin çevik şəkildə qarşılmasını təmin edir. “SOCAR Capital”, bu fəaliyyət ilə SOCAR-ın maliyyə xərclərinin azalmasına əhəmiyyətli dərəcədə töhfə verir.
Bundan əlavə, “SOCAR Capital”, SOCAR Qrupu üçün qrupdan kənar maliyyə resurslarının cəlb olunması, yerli və xarici maliyyə qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi, investorlarla münasibətlərin formalaşdırılması, maliyyə bazarları üzrə davamlı araşdırmaların aparılması, eləcə də SOCAR-ın maliyyə və kapital bazarları ilə bağlı müxtəlif ehtiyaclarına dəstək göstərir.
SOCAR İstiqrazları
“SOCAR Capital” tərəfindən idarə olunmuş SOCAR-ın istiqraz emissiyaları Azərbaycanın kapital bazarlarının inkişafına böyük töhfə vermiş və digər şirkətləri də qiymətli kağızlar bazarında fəal iştiraka təşviq etmişdir.
2016 və 2021-ci illərdə buraxılmış SOCAR İstiqrazlarının ardınca, 2025-ci ilin yanvar ayında “Yaşıl” təyinatlı SOCAR İstiqrazlarının emissiya prosesi də “SOCAR Capital” tərəfindən uğurla idarə olunmuş və bu istiqrazlar investorlar tərəfindən böyük maraqla qarşılanmışdır.
“Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan SOCAR-ın “Yaşıl” istiqrazları investorlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, ölkəmizin yaşıl enerji sahəsindəki təşəbbüslərini də dəstəkləmək məqsədi daşıyır.
SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və yaşıl enerjiyə keçid prosesini sürətləndirmək niyyətindədir.
Beynəlxalq mükafatlar
“SOCAR Capital”ın maliyyə bazarlarındakı fəaliyyəti Böyük Britaniyada nəşr olunan “International Finance” jurnalının “International Finance Awards” proqramı çərçivəsində ardıcıl üç il müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb:
• 2023: “Ən sürətlə inkişaf edən korporativ istiqraz emitenti – Azərbaycan” (Fastest Growing Corporate Bond Issuer – Azerbaijan)
• 2024: “Yerli kapital bazarında ən innovativ korporativ istiqraz strategiyaları” (Most Innovative Corporate Bond Strategies in Local Capital Market)
• 2025: “Yaşıl layihələrin maliyyələşdirilməsi üzrə ən yaxşı yeni istiqraz – Enerji sektoru – Azərbaycan” (Best New Bond for Green Project Financing – Energy – Azerbaijan)