İsveçrə
SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings”-in tarixi 2012-ci ilin iyulun 1-də SOCAR-ın “ExxonMobil”in “Esso Switzerland” şirkətindəki səhm paylarını almaqla başlayıb. Həmin ilin sentyabr ayından başlayaraq “Esso”nun İsveçrədəki yanacaq doldurma məntəqələri (YDM) “SOCAR” adı ilə rebrendinq olunub. Avropada yeni olan bu loqotip Azərbaycanın dövlət bayrağının rənglərini əks etdirərək şirkəti beynəlxalq arenada müasir, sevilən və etibarlı bir brend kimi təbliğ etməyə başlayıb.
“SOCAR Energy Holdings” (bundan sonra “SOCAR İsveçrə”) şirkətinin əsas dəyərlərindən biri müştərilərin gözləntilərini gerçəkləşdirmək, əsas məqsədi müştərilərinə yüksək keyfiyyətli enerji məhsulları təklif etmək və eyni zamanda, yüksək xidmət səviyyəsi göstərməkdir. Bundan əlavə, dayanıqlı inkişafa öz töhfəsini vermək vacib məqsədlərdən biri kimi qəbul olunub.
SOCAR İsveçrədəki fəaliyyətini dörd müxtəlif istiqamətdə şaxələndirib. Birinci istiqamət şirkətin pərakəndə satışının əsas qolu olan YDM-lərlə bağlıdır. İsveçrə ərazisində şirkətin 200 YDM-i fəaliyyət göstərir. Bu məntəqələrdə 92 və 95 oktanlı benzin, dizel yanacağı və eləcə də, mühərrik yağları əldə etmək olar.
Bundan əlavə, “SOCAR İsveçrə” zamanla ayaqlaşaraq, 2014-ci ildən etibarən YDM-lərində elektrik avtomobillərini enerji ilə təmin edən aparatlar quraşdırmağa başlayıb. Bu aparatlara cəmi 20 dəqiqə qoşulmaq kifayət edir ki, avtomobil növbəti 100 km məsafəni qət etsin. Şirkətin dayanıqlı inkişafa verdiyi töhfə bununla bitmir. “SOCAR İsveçrə” bu ölkənin “South Pole” şirkəti ilə əməkdaşlıq çərçivəsində YDM-lərində müştərilərin aldığı yanacaqdan atmosferə atılan karbon emissiyalarının zərərini pul müqabilində kompensasiya edir. Yığılan vəsait dayanıqlı inkişaf layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Qeyd edək ki, SOCAR YDM-ləri yanacağın keyfiyyətindən başqa yüksək xidmət səviyyəsi ilə də seçilir. 2016-cı ildə şirkətin 50 YDM-i əla xidmət səviyyəsi göstərdiyinə görə “Best Service Award 2015” mükafatına layiq görülüb. Xidmət səviyyəsi ilə müştərilərinin gözləntilərini fasiləsiz təmin etmək məqsədilə şirkət, YDM-lərdə mütəmadi olaraq gizli müştəri sorğuları aparır.
“SOCAR İsveçrə”nin ikinci fəaliyyət istiqaməti müştərilərə maye qaz (SOCAR Gas) satışı ilə bağlıdır. Satılan maye qazın ISO 9001:2015 standartına uyğun olması məhsulun yüksək keyfiyyətinə zəmanət yaradır. Bildiyimiz kimi, maye qaz bir çox müəssisələr (məsələn, kənd təsərrüfatı sektorunda) üçün ucuz enerji mənbəyidir. Pərakəndə satış müştəriləri isə maye qazı həm nəqliyyat vasitələri, həm də təsərrüfat üçün əldə edirlər. Belə ki, İsveçrədə yaşayış məntəqələrinin heç də hamısı qazlaşdırılmayıb və buna görə də, maye qaz evlərdə istilik sisteminin əsas mənbəyi kimi istifadə olunur. Bunun üçün qaz konteynerləri bir çox YDM-lərda xüsusi qurğulara qoşularaq asanlıqla doldurula bilir.
“SOCAR İsveçrə”nin digər fəaliyyət sahəsi aviasiya sektorudur. Şirkət Sürix və Cenevrə şəhərlərinin Beynəlxalq Hava Limanlarında təyyarələri yanacaqla təmin edir. “SOCAR Energy” beynəlxalq “Joint Inspection Group” (JIG), “International Air Transport Association” (IATA) və “European Business Aviation Association” (EBAA) təşkilatlarının üzvü olaraq, müştərilərinə beynəlxalq standarlara uyğun xidmət göstərir.
Nəhayət, “SOCAR İsveçrə" müəssisələrə yanacağın topdan satışını da həyata keçirir. Beləliklə, şirkət yerli bazarın yanacaq biznesində topdan və pərakəndə satış seqmentləri üzrə aparıcı rol oynayır.
“SOCAR İsveçrə”nin fəaliyyəti SOCAR-ın transmilli strategiyasını bariz surətdə əks etdirir. Bu cəhətdən xüsusi qeyd etmək lazımdır ki, Avstriyanın da yanacaq bazarına daxil olmağa qərar verən “SOCAR İsveçrə” “A1” şirkətinə məxsus YDM-ləri və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” şirkətini satın alıb. Bu sərmayə şirkətin 2012-ci ildən başlayaraq İsveçrədə əldə etdiyi gəlirlər hesabına mümkün olub. Hazırda şirkətin Avstriyadakı portfoliosuna 82 YDM daxildir.
“SOCAR Energy Holdings” haqqında tanıtım videoçarxı: