SOCAR istər ölkə daxilində, istərsə də xaricdə öz fəaliyyətini işçilərə xəsarət yetirmədən, istehsalat proseslərinin aparıldığı bütün sahələrdə əməliyyatlarda qəzalara yol vermədən, insanların təhlükəsizliyini qorumaqla, onların sağlamlıqlarına və ətraf mühitə zərər vurmamaqla yerinə yetirmək siyasətini həyata keçirir.
SOCAR Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (KSƏTƏMM) üzrə siyasətini bu sahələr üzrə qanunvericiliyə uyğun həyata keçirmək üçün istehsalat sahələrində işçilərə sağlam və təhlükəsiz iş şəraiti yaratmağa, hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etməyə hazırdır. SOCAR-da və şirkətimizin adından çalışan hər kəsin sağlamlığı, təhlükəsizliyi və mühafizəsi bizim uğurlarımızın vacib bir hissəsidir.
Fəaliyyətdə və əməyin mühafizəsinin idarə edilməsində insanların sağlamlığı və təhlükəsizliyi məsələsi birinci yerdə durur.
Əməyin mühafızəsini idarəetmə sistemi üzrə aparılan işlərdə əsas məqsəd istehsalatın səmərəliliyini yüksəltmək, məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq, əmək prosesində işçilərin sağlamlığının və iş qabiliyyətinin mühafizəsini təmin etməkdir. İndiyədək SOCAR-da əməyin təhlükəsizliyinə xidmət edən bir çox proqramlar həyata keçirilib. Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarə Olunması Planının hazırlanması, Vizualizasiya Mərkəzinin istifadəyə verilməsi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin aparılması, risklərin idarə olunmasında yeni metodların, Bizi Qoruyan Qaydaların tətbiqi, Əməliyyatların Bütövlüyünün və Biznesin Davamlığının təmin edilməsi layihəsi və s. bu kimi digər yeniliklər dayanıqlı və davamlı biznes fəaliyyətinin həyata keçirilməsi üçün tətbiq edilir. Eyni zamanda SOCAR-da COVID-19 pandemiyası dövründə işçilərin sağlamlığının qorunması və əməyin mühafizəsi məqsədilə KSƏTƏMM sahəsində zəruri və təxirəsalınmaz tədbirlər görülüb.