SOCAR Azərbaycanda və dünyada ekoloji təhlükəsizliyə öz töhfəsini vermək üçün, enerji keçidi üzrə layihələrin inkişaf etdirilməsinə çalışır. Şirkət enerji keçidi, bərpa olunan enerji mənbələri, “yaşıl hidrogen”, karbonun tutulması, istifadəsi və saxlanması, emissiya krediti treydinqi fəaliyyətləri üzrə inteqrasiya olunmuş həllərin təmin etdirilməsi məqsədilə sahə üzrə ən qabaqcıl beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.
“SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası” sənədinə əsasən enerji keçidi məsələləri üzrə aşağıdakı istiqamətlər müəyyən edilib:
Hidrogen
Yeni enerji növü olan hidrogenin istehsalı, SOCAR-ın və Azərbaycanın mövcud nəql infrastrukturu vasitəsilə ixrac edilməsi imkanları öyrənilir. Karbon emissiyalarının neytrallaşdırılması üçün hidrogen qazının enerji daşıyıcısı kimi istifadə olunması, nəqliyyat vasitələrində yanacaq və digər potensial tətbiq sahələri nəzərə alınmaqla hidrogenə olan qlobal tələbatın təmin olunması istiqamətlərində fəaliyyət uğurla davam etdirilir.
Karbonun tutulması, istifadəsi və saxlanması – CCUS layihələri
Neft-qaz, neft-kimya əməliyyatları, eləcə də digər sənaye sahələrində formalaşan karbon (CO2) qazların atmosferə atılmasının qarşısının alınması və tutulması istiqamətində effektiv vasitələrdən hesab edilən CCUS texnologiyasının tətbiqi imkanları diqqətlə öyrənilir.
Bərpa olunan yaşıl enerji mənbələri
SOCAR enerji şirkəti olaraq, bərpa olunan yaşıl enerji mənbələrinə investisiya qoyuluşları vasitəsilə davamlı enerji daşıyıcıları təchizatını təmin etmək niyyətindədir. İstehsalın enerji səmərəliliyinin artması və tələbatın bir qisminin bərpa olunan yaşıl enerji mənbələri hesabına ödənilməsi yolu ilə qənaət edilən təbii qazın ixracı nəzərdə tutulur.
Elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri
SOCAR ölkə ərazisində və xaricdə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji platformalarının quraşdırılması, şəbəkənin genişləndirilməsi, ekoloji təmiz elektrik mühərrikli nəqliyyata keçidin sürətləndirilməsi yolu ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına əvəzsiz töhfə verir.
Bioyanacaq istehsalı, plastik tullantıların təkrar emalı, biopolimerlər istehsalı və s azkarbonlu fəaliyyət sahələri üzrə tədbirlərin prioritetləşdirilməsi, uzunmüddətli yol xəritəsinin hazırlanması ekoloji təhlükəsizliyin təmin olunmasına kömək edəcək.