SOIMS standart sənədi Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının tövsiyələrinə uyğun olaraq hazırlanıb. Standart əməliyyatların bütövlüyünün təmin olunması ilə əlaqədar korporativ tələbləri müəyyən edir və SOCAR-ın müəssisələrində tətbiq olunur.
SOIMS şirkətdə müxtəlif fəaliyyət istiqamətləri arasındakı sıx əlaqəni təmin edir və əməliyyatların vahid prosedurlar üzrə həyata keçirilməsini hədəfləyir.
SOIMS 14 əsas fəaliyyət istiqamətini, yəni 14 elementi özündə əks etdirir. Hər bir element özündə aydın məqsəd və tələblər birləşdirir.
Element 1. Liderlik, öhdəlik və cavabdehlik: Əməliyyat rəhbərlərinin standartın tələblərinə əməl olunmasını təmin etməsi və onun təkmilləşdirilməsini təşviq etməsini nəzərdə tutur.
Element 2. İşçilərin ixtisaslaşma səviyyəsi və təlimlər: İşçilərin vəzifə öhdəliklərini yerinə yetirmək üçün lazımi bilik və bacarığa sahib olmasını, səriştəliliklərin mütəmadi qiymətləndirilməsini və ümumilikdə işçilərin inkişafını ehtiva edir.
Element 3. Təhlükəsiz əməliyyatlar: Bu elementin əsas məqsədi iş yerlərində sağlamlığa təhlükə yarada biləcək riskli davranış və qeyri standart şərtlərin müəyyənləşdirilməsi, onların təsirinin minimallaşdırması və xoşagəlməz hadisələrin qarşısının alınmasdır.
Element 4. Əməliyyat risklərinin qiymətləndirilməsi və idarə edilməsi: Risklərin qiymətləndirilməsi və idarə edilməsi üçün təhlillərin aparılmasını və risk idarəetmə planlarının hazırlanmasını nəzərdə tutur.
Element 5. Fövqəladə hallara hazırlıq: Fövqəladə halların idarəetmə sisteminin təşkilini, icra olunan əməliyyatların böhran və fövqəladə halların idarə edilməsi planlarına uyğun həyata keçirilməsini nəzərdə tutur.
Element 6. Hadisələrin idarə edilməsi: Əməliyyatlar zamanı baş vermiş hadisələrin (qəzalar, bədbəxt hadisələr, qəzadan yankeçmə halları və s.) araşdırılmasını, təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin icrasını və maraqlı tərəflərin məlumatlandırılmasını əhatə edir.
Element 7. Ətraf mühitin mühafizəsi: Ətraf mühitə olan təsirlərin müəyyənləşdirilməsi, tullantıların “ətraf mühitə sıfır tullantı” prinsipinə uyğun olaraq idarə edilməsi, ətraf mühitin bərpası üzrə tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanır.
Element 8. Dəyişikliyin idarə edilməsi: Bütün əməliyyat və fəaliyyətlər müvəqqəti və ya daimi dəyişdiyi hallarda mövcud Sistemə uyğun olaraq idarə edilməlidir.
Element 9. Əməliyyat Proseslərinin Keyfiyyətinə Nəzarət: Layihələndirmə, tikinti və s. sahələr üzrə bütün əməliyyatlar sağlam, təhlükəsiz, ekoloji cəhətdən etibarlı, yerli və beynəlxalq standartlara uyğun təşkil edilməlidir.
Element 10. Xidmət və mal-materialların müqavilə əsasında satınalınması: Satınalma fəaliyyətlərində Şirkətin strategiyası və SOCAR standartlarına uyğunluğun təmin edilməsini tələb olunur.
Element 11. Fəaliyyətin qiymətləndirilməsi və davamlı təkmilləşdirmə: Bu element fəaliyyətlərin effektivliyinin qiymətləndirilməsi və inkişaf imkanlarının tətbiqini hədəfləyir.
Element 12. Bütövlük, texniki xidmət və etibarlılıq: Proses və avadanlıqların fasiləsiz işinin təmin edilməsi üçün texniki xidmət göstərilməsi, qüsur və uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması nəzərdə tutulur.
Element 13. Məlumatlar, sənədlər və səmərəli ünsiyyət: Məlumatların korporativ tələblərə uyğun idarə edilməsi, saxlanılması, qorunması və əlçatanlığını təmin edilməlidir.
Element 14. Uyğunluğa zəmanət və hüquqi-normativ qaydaların tətbiqi: Bütün əməliyyatların müvafiq qanunla müəyyən edilmiş normativlərə və şirkətdaxili qaydalara uyğun hazırlanmasını və icrasını nəzərdə tutur.
Daha ətraflı məlumatı SOCAR-ın Keyfiyyət siyasəti və SOCAR-ın Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemi sənədlərindən əldə edə bilərsiniz.