Elm Fondu
SOCAR-ın Elm Fondu 26 may 2011-ci ildə SOCAR və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanan Anlaşma Memorandumuna əsasən təsis edilib. Fondun məqsədi ölkədə təbiət və texniki elmlər sahəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini, neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları daha da inkişaf etdirmək, elmin inkişafına və alimlərə dövlətin xüsusi qayğısını rəhbər tutaraq, onların elmi fəaliyyətini stimullaşdırmaq və əlavə yaradıcılıq imkanları yaratmaqdır.
2012-2021-cu illər ərzində Elm Fondunun keçirdiyi 6 müsabiqəyə 496 layihə təqdim olunub, bunlardan 154-ü seçilərək SOCAR-ın ayırdığı qrantlar hesabına tam maliyyələşdirilib. Qalib layihələr AMEA-da yaradılmış Müsabiqə komissiyası tərəfindən seçildikdən sonra SOCAR və AMEA tərəfindən birgə yaradılmış İdarə Heyəti tərəfindən baxılaraq təsdiq olunur.
Keçirilən müsabiqələrdə əsasən Yer elmləri, texniki və kimya elmləri ilə əlaqədar sahələr üzrə aktual problemlərin araşdırılması və həlli, aparıcı texnologiyaların işlənməsi və tətbiqi kimi elmi-texniki tədqiqat layihələri yer alır.
Qeyd olunan elmi istiqamətlər üzrə maliyyələşdirilməsi nəzərdə tutulan prioritet mövzular arasında yataqların neftveriminin artırılması; yeraltı qaz anbarlarının istismarının xüsusiyyətləri; laydaxili və laylararası itkilərin azaldılması üçün texnoloji proseslərin təkmilləşdirilməsi; neft-qaz yataqlarının xüsusiyyətləri nəzərə alınmaqla işlənmə proseslərində baş verə biləcək risklər, onları yaradan amillər və təsirin azaldılmasına dair tədbirlər; nanotexnologiyaların tədqiqi və bununla neft sənayesində olan problemlərin həllinə yönəlmiş tədbirlər; respublika üzrə işlənmədə olan məhsuldar çöküntülərin neft-qazlılıq potensialının dəyərləndirilməsi; qeyri-struktur tipli tələlərin aşkarlanma və öyrənilmə metodikasının işlənməsi; neft quyularında parafin, qətran, asfalten və qum çökmə problemləri; korroziyadan mühafizə problemləri; neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların tətbiqi; quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robot texnikasından istifadə; neft-qaz kompleksində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi problemləri; neft-qaz sənayesində intellektual mexatron sistemlər; neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit; dünya standartlarına cavab verən mühərrik yanacaqlarının və yağlarının alınması üçün mütərəqqi texnologiyaların yaradılması; neft emalının dərinləşməsi və s. mühüm yer tutur.
Qrantların məbləği layihələrin mürəkkəbliyindən, işin həcmindən və reallaşdırma müddətindən asılı olaraq dəyişir. Məsələn, kiçik həcmli layihələr üçün 50 min AZN ayrılırsa, böyük həcmli layihələr üçün 100-200 min AZN məbləğində qrantlar nəzərdə tutulur.