Ekoloji təbliğat və maarifləndirmə layihələri, SOCAR-ın “Ekoloji Siyasət” sənədinə uyğun olaraq, şirkətin əməkdaşları, orta məktəb şagirdləri, ali və orta ixtisas məktəblərinin tələbələri üçün dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə həyata keçirilir. Tədbirlər çərçivəsində gənc nəslin ekologiyaya marağını artırmaq, ekoloji bilik və bacarıqları inkişaf etdirmək məqsədi ilə təhsil müəssisələri ilə əməkdaşlıq münasibətləri qurulub, “Təhsili dəyərə çevirək” devizi altında “Ekoloji aylıqlar”, “Yaşıl məktəb”, “Eko-təqdimat” və digər layihələr həyata keçirilib.
SOCAR-ın əməkdaşları tərəfindən Bakı şəhərindəki 140 məktəbdə “Alternativ və bərpa olunan enerjinin istifadəsi”, “Sağlam həyat tərzi”, “Yaşıl davranış”, “Nə edək?”, “Azərbaycanın biomüxtəlifliyi”, “Səs-küy çirklənməsi”, “Ekoloji monitorinq nədir?”, “Tullantıların idarəolunması” və digər mövzular üzrə təqdimatlar, açıq və praktik dərslər keçirilib.
“Yaşıl məktəb” layihəsi çərçivəsində paytaxt məktəblərində çərşənbə iməcilikləri təşkil edilib, məktəbyanı sahələrdə şagirdlərlə birlikdə ağaclar əkilib, onlara yaşıllıqlara qulluq göstərilməsinə dair məsləhət və tövsiyələr verilib. Bu layihənin həyata keçirilməsi məqsədilə Bakı şəhərində 40 məktəbin həyətyanı sahələrində əkilmək üçün 1500 ağac ayrılıb.
Ekoloji maarifləndirmə tədbirlərində beynəlxalq ekoloji günlərin qeyd olunması da mühüm yer tutur. “Yer saatı”, “Bioloji müxtəliflik günü”, “Ətraf mühitin mühafizəsi günü”, “Dəniz günü” və “Planeti zibillikdən təmizləyək” tədbirləri SOCAR-ın idarə və müəssisələri ilə birlikdə keçirilir.
Ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd SOCAR əməkdaşlarının, maraq qruplarının, gənclərin, uşaqların ekoloji tərbiyəsi, onlarda təbiətə qayğı və sevgi oyatmaq, onlara ekoloji mədəniyyət aşılamaq, təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdan ibarətdir.