Ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsidir. Monitorinqlər hava, su, torpaq mühitlərində vəziyyətin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir.
Ekoloji monitorinqlərin aparılması dəniz mühitinin mühafizəsini əhatə edən beynəlxalq konvensiyaların (Oslo-Paris Konvensiyası, Tehran Çərçivə Konvensiyası), Azərbaycan Respublikası “Ətraf Mühitin Mühafizəsi haqqında” Qanunun 18-ci maddəsinin, Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli 90 №li qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin, habelə ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə sahəsində praktiki fəaliyyətin istiqamətlərini müəyyən etmək məqsədilə SOCAR-ın “Ekoloji Siyasət” sənədinin tələbləri əsasında tənzimlənir.
SOCAR-da kompleks ekoloji monitorinqlərin keçirilməsi müvafiq iş planı əsasında həyata keçirilir:
- Kompleks ekoloji monitorinq;
- Əməliyyatların monitorinqi;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birlikdə monitorinq cədvəlinə əsasən, Kompleks ekoloji monitorinqlər SOCAR və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji monitorinq departamenti tərəfindən icra edilir.
Ekoloji monitorinq departamentində çöl tədqiqatları üçün Ekoloji tədqiqatlar ekspedisiyası və analitik təhlillər üçün Kompleks tədqiqatlar laboratoriyası fəaliyyət göstərir. Departament kompleks ekoloji monitorinqlərin keçirilməsi və laboratoriya analizlərinin aparılması üçün ixtisaslaşmış personala, tələb olunan bütün avadanlıq və resurslara malikdir. Monitorinq personalı zəruri təlim kursları keçmiş, beynəlxalq şirkətlərin layihələrində analoji proseslərdə iştirak etmiş peşəkarlardan ibarətdir.
Ekoloji monitorinqlərin tədqiqat obyekti Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-a məxsus neft-qaz yataqlarını və quru ərazilərində fəaliyyət göstərən neft-qazçıxarma idarələrini, neft-qaz emalı və neft-kimya müəssisələrini, Hasilatın Pay Bölgüsü Sazişi üzrə Əməliyyat Şirkətlərinin və Birgə Müəssisələrin Saziş ərazilərindəki istehsalat sahələrini əhatə edir.
Əməliyyatların monitorinqi zamanı istehsalat proseslərinin ətraf mühitə potensial təsirlərinin vizual müşahidəsi aparılır. SOCAR və ETSN tərəfindən birgə təsdiq olunan qrafik əsasında hər il istehsalat sahələrində əməliyyatların ekoloji monitorinqi həyata keçirilir.
SOCAR-ın ekoloji monitorinq proqramında “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olan aşağıdakı istiqamətlər yer alır:
- atmosfer havasının monitorinqi;
- su obyektlərinin monitorinqi;
- torpaqların monitorinqi;
- bioloji ehtiyatların monitorinqi;
- radioaktivliyin monitorinqi;
- ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi;
- tullantıların monitorinqi;
- sanitar-epidemioloji monitorinq;
- xüsusi mühafizə olunan ərazilərin monitorinqi.
Kompleks ekoloji monitorinq prosesində stasionar monitorinq stansiyalarında su, dib çöküntüsü üzərində təhlillər aparılaraq, nəticələri çoxillik monitorinq məlumatlar bazasına daxil edilir, ekoloji indikatorların dəyişmə dinamikası öyrənilir, təhlil edilir və təkliflər hazırlanır.