Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Dekarbonizasiya


İstilik effekti yaradan qazların (İEYQ) inventarlaşdırılması

SOCAR 2008-ci ildən bütün fəaliyyət sahələrində istilik effekti yaradan qazların (İEYQ) inventarlaşdırılması və bu barədə illik hesabatlarının dərc edilməsinə başlayıb.

Dünya Bankının GGFR təşkilatı ilə əməkdaşlıq

SOCAR Dünya Bankının “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq” (GGFR) təşkilatı ilə uğurlu əməkdaşlıq ənənəsinə malikdir. Əməkdaşlıq çərçivəsində 2011-2015-ci illərdə "SOCAR və SOCAR-ın iştirak etdiyi layihələrdə səmt qazının azaldılması üzrə Plan" hazırlanıb və icra edilib. 2012-ci ildə “28 May” NQÇİ-nin “Günəşli” yatağında və “Neft Daşları” NQÇİ-nin yataqlarında səmt qazlarının utilizə edilməsi layihələrinə görə SOCAR GGFR-ın “Ali mükafatı”na layiq görülüb.

2015-ci ildə isə BP şirkəti ilə birlikdə “Azəri-Çıraq-Günəşli” yataqlarında həyata keçirilən “Məşəldə yandırılan səmt qazı həcminin azaldılması” layihəsinin uğurlu icrasına görə şirkətimiz ikinci dəfə GGFR-ın “Ali mükafat”ına layiq görülüb.

Səmt qazı atılmalarının azaldılması Planı (SQAAP)

Səmt qazının idarə edilməsi işlərinin davamı olaraq 2017-ci ildə "2017-2022-ci illər: SOCAR və SOCAR-ın iştirak etdiyi layihələrdə səmt qazı atılmalarının azaldılması Planı" təsdiq edilib, Fəaliyyət Tədbirləri hazırlanıb və səmt qazlarının atmosferə atılmasının qarşısının alınması istiqamətində mühüm işlər həyata keçirilib.

SOCAR Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulub. Həyata keçirilən uğurlu əməkdaşlıq və görülən işlər nəticəsində 2020-ci il ərzində SOCAR üzrə səmt qazının atılması ümumi hasilatın təxminən 2%-ni təşkil edib. “Azneft” İB-nin quruda yerləşən istehsalat sahələrində səmt qazının atmosferə atılması sıfra endirilib ki, bu da region miqyasında bir ilkdir.

SOCAR emissiyaların azaldılması üzrə ən qabaqcıl texnoloji həllər tətbiq etməklə 2022-ci ildə istehsalatda emissiyaların həcmini sıfra endirməyi qarşısına hədəf qoyub.

NAMA layihəsi

2015-ci ildə SOCAR və BMT arasında əməkdaşlıq çərçivəsində “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən milli Fəaliyyətlər Planı” - NAMA layihəsi həyata keçirilib. Layihə Qlobal Ekoloji Fond (GEF) və SOCAR tərəfindən maliyyələşdirilib.

Layihə 3 komponentdən ibarətdir:

- Binalarda enerji səmərəliyinin artırılması;
- Nəqliyyatda alternativ yanacağa keçid;
- Quyulardan səmt qazının yığılması və istifadəçilərə verilməsi.

1-ci komponent çərçivəsində görülən işlər

- SOCAR-ın “Azərikimya” İB-nin “Etilen Propilen” zavodunun Polietilen istehsalatında daxili və xarici işıqlanmanın təmin olunması üçün gücü 10 KVt olan günəş panelləri, “Kimyaçı” mədəniyyət sarayında alternetiv enerji mənbələrindən istifadə məqsədilə gücü 23 KVt olan günəş panelləri, Eko-Parkda ümumilikdə 15 KVt elektrik enerjisi istehsal edən günəş panelləri, Tullantıların idarə edilməsi mərkəzində (TİEM) ümumi gücü 15,36 KVt olan 60 ədəd günəş paneli və ümumi gücü 12,8 Kvt olan 7 ədəd külək generatoru quraşdırılıb.

- “Azərikimya” İB-nin Polietilen istehsalatının məişət binasında eneji effektivliyinin artırılması məqsədilə fasad, isitmə-soyutma, ventilyasiya-havalandırma sistemləri, suya və enerjiyə qənaət etməyə imkan verən qənaətcil istismar sistemləri və enerji səmərəliliyini artıracaq layihələr icra olunub. Binanın fasadı enerji resurslarına qənaət etməyə imkan verən xüsusi izolyasiya materialları ilə üzlənib.

2-ci komponent çərçivəsində görülən işlər

- SOCAR-ın nəqliyyat parkına 2 (iki) ədəd “Toyota RAV 4x4 Hybrid” və 3 (üç) ədəd “Toyota Auris Hybrid” avtonəqliyyat vasitələri daxil edilib;

- SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşlarının təlimi məqsədilə “Eko-sürücülük simulyatoru” alınaraq, SOCAR-ın Təlim-tədris və sertifikatlaşdırma İdarəsinə təhvil verilib;

- Nəqliyyatın karbonsuzlaşdırılması istiqamətində görülən və planlaşdırılan işlər barəsində xarici mütəxəssis tərəfindən SOCAR əməkdaşları üçün seminarlar təşkil olunub;

SOCAR-ın 1000-dən çox sürücüsü eko-simulyatorda təlim keçərək xüsusi sertifikata layiq görülüblər.

3-cü komponent çərçivəsində görülən işlər

3-cü komponent çərçivəsində “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə sahəsində 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılıb, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilib. Layihənin icrası nəticəsində ildə 6,8 milyon m³ səmt qazının yığılmasına, emal olunduqdan sonra 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təmin edilməsinə nail olunub.

“Metan Rəhbər Prinsipləri” (Methane Guiding Principles - MGP) çərçivəsində əməkdaşlıq

SOCAR 2019-cu ildən “Shell” və “BP” şirkətlərinin təşəbbüsü ilə yaradılmış “Metan Rəhbər Prinsipləri” Təşəbbüsünə qoşulub. “Metan Rəhbər Prinsipləri” təbii qazın hasilatdan istehlaka qədər bütün dəyər zənciri boyunca metan emissiyasının azaldılması üzrə əsas prioritetləri müəyyən edir.

Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü (Caspian Environmental Protection Initiative - CEPI)

14 sentyabr 2020-ci il tarixində SOCAR-ın təşəbbüsü əsasında SOCAR-ın, Qazaxıstanın “KazMunayGas”, Birləşmiş Krallığın "bp", Norveçin “Equinor Abşeron AS” və Fransanın “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Envıronmental Protectıon Initiatıve - CEPI) adlı müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradılıb, Anlaşma Memorandumu imzalanıb. Təsisçi şirkətlərin İcra Komitəsinin ilk iclasında SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə həmin Komitənin sədri seçilib. 2021-ci ildə Rusiya Federesiyasının “Rosneft” şirkəti Təşəbbüsə qoşulduğunu bəyan edib. Təşəbbüsün məqsədi iqlim dəyişikliyinin yaratdığı ekoloji və iqtisadi təhlükələrlə bağlı Xəzər regionunda fəaliyyət göstərən neft və qaz şirkətlərini istiqamətləndirmək və qabaqcıl addımların atılmasına təşviq etməkdir. Əsas istiqamət Xəzər dənizinin ekoloji dayanıqlığına təhlükə yaradan fəaliyyətlərin qarşısının alınmasıdır. CEPI öz qarşısına Xəzər bölgəsində neft və qaz fəaliyyəti sahəsində ekoloji dayanıqlığın təşviq edilməsi üçün fəaliyyət göstərən ən şəffaf və səmərəli təşəbbüs olmağı məqsəd qoyub. CEPI üzvləri karbon emissiyalarının kəskin şəkildə azaldılması siyasətini dəstəkləyirlər.

"Sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması (“Upstream Emission Reduction” - UER) layihəsi

SOCAR fəaliyyət sahələrində sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün LDAR (Leak Detection and Repair) pilot layihəsini həyata keçirib. Ətraf mühitin mühafizəsi sahəsində zəngin və uğurlu təcrübəyə malik SOCAR-ın bu layihəsi aşağı karbonlu inkişaf strategiyası, proseslərin optimallaşdırılması və dekarbonizasiya tədbirləri çərçivəsində emissiyaların azaldılması üçün praktiki həlləri özündə birləşdirib. Beynəlxalq partnyorlar və verifikasiya şirkətləri ilə əməkdaşlıq zəminində SOCAR-ın quruda yerləşən neft hasilatı sahələrində atmosferə karbon emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub, azaldılan UER (Upstream Emission Reduction) emissiyaları sertifikatlaşdırılıb.

LDAR layihəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənib. Bu, həmçinin Avropa Birliyi Yanacaq Keyfiyyəti Direktivi çərçivəsində qeydiyyata alınıb və Emissiyaların Ticarəti Sistemində (ETS) realizə edilmiş ilk Azərbaycan layihəsi olub.

LDAR layihəsi çərçivəsində neft-qaz infrastrukturunda instrumental ölçmələr, metan və digər uçucu üzvi birləşmələrin emissiyalarını aşkar etmək üçün müasir infraqırmızı dalğa texnologiyasının tətbiqi ilə müayinələr keçirilib. Sızma mənbələri və həcmləri müəyyənləşdirilib, sızma nöqtələrində təmir və infrastrukturun etibarlılığının artırılması üçün proqressiv üsullarla tədbirlər görülüb. Emissiyaların hesablanması üçün xüsusi metodika hazırlanıb və aidiyyəti beynəlxalq qurumlar tərəfindən təsdiq edilib. Sızma mənbələri ləğv edildikdən sonra, bir neçə dəfə təkrar monitorinq və yoxlaması təmin edilib.

SOCAR-ın Aşağı Karbonlu İnkişaf Strategiyası

“SOCAR 2021-2030: Aşağı karbonlu inkişaf strategiyası” sənədinin əsas məqsədi iqtisadi və ekoloji cəhətdən səmərəli texnologiyaların tәtbiqi ilə istilik effekti yaradan qazların (İEYQ) azaldılması üzrə tədbirlərin inkişaf etdirilməsidir. Strategiyada SOCAR-ın Azərbaycan Respublikası “Milli səviyyədə müəyyən edilmiş töhfələr” çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinin təmin olunması, iqlim dəyişmələrinə təsirinin azaldılması üzrə geniş spektrli tədbirlərin həyata keçirilməsi, istehsal sahәlәrindә dünyada mövcud olan aşağı karbonlu texnologiyaların tətbiqi və iqlim risklərinin neft-qaz əməliyyatlarına təsirinin qiymətləndirilməsi, yumşaltma, uyğunlaşma tədbirləri, habelə ölçmə, hesabatvermə və yoxlama tədbirləri əks etdirilib.

Sıfır karbon

Dünyanın bəzi böyük neft-qaz hasilatçıları 2050-ci ilə qədər “Sıfır karbon hədəfi”nə (“Net Zero” səviyyəsi) keçid üzrə strategiyalarını bəyan edib. “Net Zero” səviyyəsinə çatmaq üçün 2050-ci ilədək və ya daha tez bir müddətdə qarşıya tam karbonsuz neft və qaz hasilatını, məhsulların satışlarında karbon intensivliyinin 50-65%-dək azaldıması kimi əsas hədəflər qoyulur.

SOCAR Aşağı karbonlu inkişaf strategiyasında fəaliyyəti nəticəsində yaranan emissiyaların azaldılması üçün iddialı hədəflər müəyyən edib. Neft-qaz, neft-kimya əməliyyatlarında “Sıfır karbon" çağırışlarına cavab olaraq, ətraf mühitin mühafizəsi, məhsul vahidinin enerji tutumunun, karbon izinin və karbon intensivliyinin azaldılması, karbon neytrallığı SOCAR-ın əsas ekoloji prioritetlərindəndir.

Stasionar mənbələrdən yandırılma prosesində atılmaların hesablanması metodikası

SOCAR iqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvü olaraq İEYQ hesablanması üçün korporativ metodika hazırlayıb. Metodika Nazirlər Kabinetində baxılıb və tətbiqinə müsbət rəy verilib. Stasionar mənbələrdən yandırılma prosesində emissiyaların hesablanması metodikası hazırda SOCAR-da tətbiq olunur.

SOCAR-da korporativ İEYQ inventarlaşması sisteminin təkmilləşdirilməsi, hesabatlılığın dəqiqliyinin artırılması, davamlılığı, izlənəbilirliyi üçün MRV ("Measuring, Reporting and Verification” - “Ölçmə, hesabatvermə və yoxlama”) məlumat məkanı layihəsinin həyata keçirilməsinə başlanıb. Layihə geniş coğrafiyada, "apstrim", "midstrim", "daunstrim", həmçinin xidmət sektorunda İEYQ inventarlaşdırılması hesabatlarının rəqəmsallaşdırılması və insan faktorundan asılılığın azalmasına kömək edəcək.

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə

Alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində TİEM, Eko-Park və “Azərikimya” İB-də əhəmiyyətli layihələr həyata keçirilib. Qeyd edildiyi kimi, TİEM-də ümumi gücü 15 kVt/saat olan günəş batareyaları və 24 kVt/saat olan külək generatorları quraşdırılıb. “Azərikimya” İB-nin Etilen Polietilen zavodunun Polietilen istehsalatında daxili və xarici işıqlanmanın təmin olunması üçün gücü 10 KVt olan günəş panelləri, Sumqayıt şəhərinin “Kimyaçı” mədəniyyət sarayında alternetiv enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılması məqsədilə gücü 23 KVt olan günəş panelləri və Eko-Parkda ümumi gücü 15 KVt elektrik enerjisi istehsal edən günəş panelləri quraşdırılıb.

Eko-park ərazisində bərpa olunan enerji mənbələrindən hasil edilən enerjinin qeydiyyatı və səmərəli idarə edilməsi üçün Enerji İdarəetmə Mərkəzi yaradılıb. Mərkəzin məqsədi Qaradağ, Sumqayıt və Qala ərazilərində bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin istifadəsinə nəzarət etməkdir.

SOCAR-ın dənizdə yerləşən istehsalat sahələrinin elektrik təchizatının alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi üçün layihə ideyaları inkişaf etdirilir.

Atmosferə atılan emissiyaların azaldılması planları

BMT-nin İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının “26-cı Tərəflər Konfransı”nda (COP26) ətraf mühitlə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. SOCAR Azərbaycan Respublikası iqlim dəyişikliyi üzrə dövlət komissiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi hədəflərin icra edilməsinə cavabdeh qurumlardan biridir. SOCAR-ın fəaliyyət sahələrində bərpa oluan enerji mənbələrinin tətbiqinin genişləndirilməsi, külək turbinləri, günəş panelləri və s. kimi layihə həlləri üzrə tədqiqatların inkişaf etdirilməsi, “Yaşıl hidrogen” istehsalı, karbonun tutulması, istifadəsi və saxlanması (Carbon capture, utilisation and storage-CCUS) infrastrukturunun yaradılması, istehsalat fəaliyyətində karbon izinin minimuma endirilməsi və enerji effektivliyini artırılması üzrə sistemli və davamlı tədbirlər nəzərdə tutulub.

Enerji İdarəetmə Mərkəzi

NAMA çərçivəsində Eko-park ərazisində istifadəyə verilən Enerji İdarəetmə Mərkəzinin funksiyalarına internet vasitəsilə onlayn nəzarətin həyata keçirilməsi, hava haqqında məlumatın proqrama inteqrasiya olunması, bərpa olunan enerji mənbələrində istehsal edilən enerjinin qeydiyyatı, inzibatı binalarda istehlak edilən enerji miqdarı, təhlil üçün bütün məlumatların arxivləşdirilməsi daxildir.

Karbon kreditləri

Karbon emissiyalarının azaldılması üçün Avropa Birliyində tətbiq edilən Emissiyaların ticarəti sistemi (ETS) və Karbon sərhədlərinin tənzimlənməsi mexanizmi (CBAM) enerji şirkətləri üçün ciddi çağırış hesab edilir.

Enerji şirkətləri enerji daşıyıcılarının beynəlxalq bazarlara təchizatı üçün sifarişçilər və ya ölkələr tərəfindən müəyyən edilmiş karbon emissiyalarının sertifikatlaşdırılması üzrə zəruri tələblərə əməl etməlidir. Bu baxımdan emissiya mənbələrinin müəyyən edilməsi, sızmaların ləğv edilməsi, azaldılmış emissiyaların verifikasiyası və sertifikatlaşdırılması həm qiymətli resursların istifadəyə qaytarılması, həm də istehsalın karbon izinin azaldılması baxımından müsbət effektə malikdir.

Neft-qaz, neft-kimya əməliyyatları zamanı atmosferə atılan emissiyaların azaldılması, sertifikatlaşdırılması və ticarəti mexanizmlərindən istifadə dekarbonizasiya tədbirlərinin davamlı olaraq həyata keçirilməsi üçün stimullaşdırıcı, emissiyalarının əhəmiyyətli dərəcədə endirilməsinə nail olmaq üçün effektiv alətdir. Emissiyaların azaldılması və ticarəti layihələrinin əsas üstünlüyü atmosferə atılmaların azaldılması ilə ətraf mühitin qorunmasına töhfə vermək və azaldılmış emissiya həcmlərinin ticarəti ilə əlavə investisiyaların əldə edilməsidir.

SOCAR-da emissiyaların, qeyri-mütəşəkkil mənbələrdən sızmaların müəyyənləşdirilməsi üçün müasir instrumental cihazlar və avadanlıqlarla təmin edilmiş ixtisaslaşmış monitorinq komandası fəaliyyət göstərir. Şirkətin fəaliyyət sahələrində sızma mənbələrinin müəyyənləşdirilməsi və aradan qaldırılması layihəsinin həyata keçirilməsi, ölçmələr, sızmaların aradan qaldırılması üçün təmir işləri, həyata keçirilən tədbirlərin beynəlxalq auditor-şirkət tərəfindən verifikasiya edilməsi və karbon krediti treydinq müqaviləsi bağlanması kimi müsbət təcrübə qazanılıb.

SOCAR emissiyaların azaldılması və ETS çərçivəsində realizasiyası mexanizmlərindən istifadəni genişləndirəcək.