Çirklənmiş torpaqların təmizlənməsi
1847-ci ildə dünyada ilk dəfə olaraq Bibiheybətdə, sonra isə Balaxanıda sənaye üsulu ilə ilk neft quyuları qazılıb. Həmin dövr üçün xarakterik neftçıxarma texnologiyası və neft hasilatının sürətlə artması Bakı ətrafında yerləşən mədən ərazilərdə torpaqların intensiv olaraq neftlə çirklənməsinə səbəb olub.
SOCAR neft-qaz sənayesinin bütün tarixi dövrü ərzində neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış torpaqların təmizlənməsinin sosial-ekoloji öhdəliyi olduğunu elan edib.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən, SOCAR tərəfindən neft və neft məhsulları ilə çirklənmiş mədən ərazilərinin ekoloji bərpası işlərinə başlanıb. Bu məqsədlə beynəlxalq təcrübə davamlı olaraq öyrənilir, ən müasir rekultivasiya, remediasiya, reabilitasiya və ekoloji bərpa texnologiyaları araşdırılır, seçilir və tətbiq edilir. Çirklənmiş torpaqların bərpası istiqamətində ilkin mərhələ olaraq bu ərazilərdə kompleks ekoloji monitorinqlər keçirilib, çirkləndirici maddələr, çirklənmənin mənbə və xüsusiyyətləri, yayılma arealı, hopma dərinliyi, çirklənmiş ərazinin coğrafi koordinatları və s. məlumatlar daxil edilməklə inventarlaşdırılıb və Coğrafi İnformasiya Sistemində (GİS) xəritələşdirilərək, ekoloji məlumat bazası hazırlanıb. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində SOCAR-ın sifarişi ilə Belçikanın “ECOREM S.A.” şirkəti tərəfindən Abşeron yarımadasında neft və neft məhsulları ilə çirklənmiş ərazilərin bərpası üzrə Texniki-İqtisadi Əsaslandırma sənədi tərtib olunub.
SOCAR çirklənmiş torpaqların bioremediasiyası prosesi üçün metodika hazırlayıb, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə razılaşdırıb. Mövcud bərpa texnologiyaları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib və müvafiq rəy alınıb.
Lokal ərazilərdə neftlə çirklənmiş ərazilərin bərpası üzrə ekoloji-texniki sənəd hazırlanaraq, ilkin vəziyyət kompleks monitorinq əsasında qiymətləndirilir. Torpağın çirklənmə dərəcəsindən asılı olaraq çirklənmə üsulları və bərpa yolları qeydə alınır, layihənin ətraf mühitə təsiri öyrənilir. Hazırlanmış sənəd Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəyə verilir.
Neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış sahələrin razılaşdırılmış texnologiyalar vasitəsilə rekultivasiya, reabilitasiya və landşaft-arxitektura planına uyğun bərpa-reabilitasiya tədbirlərinin icrası mütəmadi olaraq davam etdirilir. Bərpa üsullarının seçilməsində torpaqların çirklənmə dərəcəsi, çirkləndiricilərin tərkibi və ərazinin gələcək istifadə təyinatı da mühüm rol oynayır.
Bərpa edilmiş ərazilərdə bioremediasiya mərhələsi bir neçə pillədən ibarətdir və bu mərhələdə yaşıllaşdırma işləri həyata keçirilir. Rekultivasiya işləri əsasən neft-mədən ərazilərinin yerləşdiyi məntəqələrdə - Bakının Səbayıl, Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarında, habelə Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, İmişli, Siyəzən rayonları ərazisində aparılır. 01.01.2022-ci il tarixinə qədər SOCAR-ın neft və neft məhsulları ilə çirklənmiş 4040 ha torpaq sahəsindən 2819 hektarı rekultivasiya olunaraq bərpa edilib.
Remediasiya, rekultivasiya, reabilitasiya və ekoloji bərpa işləri başa çatdırıldıqdan sonra bir qayda olaraq təkrar ekloji monitorinqlər aparılır və müvafiq hesabatlar hazırlanır. Bərpa olunmuş ərazilər haqqında məlumatlar coğrafi koordinatlar vasitəsilə rəqəmsal GİS ekoloji məlumatlar bazasına əlavə edilir və mövcud məlumatlar arxivləşdirilir.