Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Biomüxtəlifliyin qorunması və yaşıllaşdırma


SOCAR neft-qaz əməliyyatları apardığı dəniz akvatoriyaları və quru ərazilərdə bioloji müxtəlifliyin, o cümlədən Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən nadir və nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizə edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər aparır, onların həyat şəraiti öyrənilir, antropogen təsirlərin azaldılması, idarə və müəssisələrinin balansında olan ərazilərdə yaşıllıqların salınması və əkilən bitkilərə göstərilən aqrotexniki qulluq işlərinə nəzarət edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Hidrobioloji, fizioloji, patomorfoloji və ekotoksikoloji təqdiqatlar zamanı Xəzər dənizində, həmçinin müxtəlif su hövzələrində yaşayan canlıların və balıqların, o cümlədən onların əsas yem mənbəyini təşkil edən hidrobiontların (suda yaşayan xırda canlılar və yosunlar) növ tərkibi tədqiq edilir və hər bir növün kütləsi və ekoloji mühiti müəyyən edilir. Zooplankton, fitoplankton, perifiton, zoobentos olmaqla, bu hidrobiontlar batometr, plankton toru, dib çöküntüsü götürən aparatla götürülür, laboratoriyada mikroskop ilə dənizdə olan çirkləndiricilərin canlılara mənfi təsiri araşdırılır.

Monitorinq məntəqəsində fauna üzrə tədqiqatların aparılmasının məqsədi amfibiya, herpetoloji, ornitoloji, terioloji növlərin taksonomik təhlili, tədqiqatlar zamanı müşahidə edilmiş fauna növlərinin sayı barədə məlumatların uçotunun aparılmasıdır.

Su quşlarının SOCAR-ın fəaliyyət sahələrində qışlama yerlərinin, populyasiya və miqrasiyalarına, yuvalama sahələrinə təsirlərin öyrənilməsi, monitorinq hesabatlarının tərtib olunması, ornitoloji növlərin yaşayış areallarının araşdırılması, yuvalarının sayının müəyyən edilməsi, yem zənciri və s. haqqında fikir formalaşdırmağa imkan verir.

Monitorinqlər zamanı “Qırmızı Kitab” növlərinin uçotunun aparılması əsas tələblərdən biridir.

Bakı və Abşeron arxipelaqına daxil olan adalarda aparılan monitorinq nəticələrinin nəzərdən keçirilməsi, müşahidə edilən fauna növlərinin dinamikasının öyrənilməsi, müvafiq hesabatların tərtib olunması və Abşeron yarımadası ərazisində yerləşən göllərin, sututarlarının çirklənmə səviyyəsinin mövcud fauna növlərinə ekoloji təsirinin tədqiq edilməsi olan vacib məsələlərdən biri kimi diqqət mərkəzindədir. Aparılmış monitorinq nəticələri əvvəlki nəticələrlə müqayisə edilir, biomüxtəlifliyin inkişaf dinamikasının istiqaməti müəyyən olunur, ətraf təsirlərin azaldılması üçün təkliflər hazırlanır.

Həssas ekoloji ərazilərdə rast gəlinən “Qırmızı Kitab” növlərinin qorunub saxlanması ilə bağlı maarifləndirici materialların, habelə, monitorinq nəticələri və təkliflərlə bağlı təqdimat materiallarının, tövsiyələrin hazırlanması daim nəzarətdə saxlanılır.

Yerli və beynəlxalq mənbələrdən Xəzər suitiləri barədə məlumatlar toplanılır, onların miqrasiya marşrutu öyrənilir, aylar üzrə yayılma məlumatları təhlil edilir. Suitilərin populyasiyasının azalması ekoloji problemlərin fəsadı kimi qiymətləndirilir. Bu unikal növün öyrənilməsi də ekoloji monitorinq proqramına daxil edilib.

2011-ci ildə Bakı şəhərinin Xəzər rayonu ərazisində neftdən və tullantılardan çirklənmiş əraziləri təmizləmək, bu ərazilərdə yaşıllaşdırma işləri apararaq, cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını yaratmaq məqsədilə “Ekoloji Park” salınıb.

“Eko-Park” İnnovasiya Mərkəzinin əsas fəaliyyət sahələrinə yaşıllaşdırma və genişləndirmə işləri ilə yanaşı, SOCAR-ın idarə, təşkilat və birgə müəssisələrinin ərazilərində yaşıllıqların salınması üçün bitkilərin yetişdirilməsi, ətraf mühitin mühafizəsinə diqqətin artırılması, ekoloji vərdişlərin aşılanması məqsədi ilə maarifləndirmə işləri və s. daxildir. Parkda 5000 m2 ərazidə müasir tələblərə cavab verən böyütmə, şitil və adaptasiya bölmələrindən ibarət istixana, fidanlıq sahəsinin salınmışdır. və

“Eko-Park”ın ən böyük töhfələrindən biri də burada Azərbaycan Respublikasının, xüsusilə də, Abşeron yarımadasının nadir, nəsli kəsilmək təhlükəsi ilə üzləşən ağac-kol bitkilərinin çoxaldılmasıdır. Eldar şamı, Xəzər lələyi, Güləbşirim, Qırmızı tubulqa, Aptek dəfnəgilənarı, Adi nar, Bakı çuzğunu, Şərq çinarı, Şabalıdyarpaq palıd, Qafqaz xurması və s. kimi belə ağac və kol bitkiləri toxumla və vegetativ yolla artırılır.

“Eko-Park” İnnovasiya Mərkəzinin enerji təchizatının müəyyən hissəsi alternativ enerji mənbələri hesabına təmin olunur. Parkın ərazisində formalaşan məişət sularının təmizlənməsi üçün 2 ədəd bioloji təmizləyici qurğu quraşdırılıb. Bu qurğularda təmizlənən sulardan park ərazisində suvarmada istifadə olunur. Paralel olaraq, yağış sularının toplanması və suvarmada istifadə edilməsi üçün müvafiq sistem də qurulub. Həmçinin Park ərazisində hər birinin gücü 10 kv/saat olan 4 ədəd külək turbini, ümumi gücü 35 kv/saat olan günəş panelləri də fəaliyyət göstərir.

2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar olaraq, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə 650 min ağac əkilib. SOCAR kollektivi də bu təşəbbüsə qoşularaq, ümumilikdə, 100 min ədəd ağac əkib. Həmçinin Tullantıların İdarə Edilməsi Mərkəzinin 1,5 ha ərazisində 3000 ədəd zeytun və şam ağacı əkilib.

2019-cu il 20 sentyabr – “Neftçilər Günü” peşə bayramı və "Əsrin müqaviləsi"nin 25-ci ildönümü ilə bağlı SOCAR-ın idarə və müəssisələrində həyata keçirilən iməciliklərdə 19 141 ədəd ağac-kol və 9 650 ədəd gül bitkiləri əkilib.

01.01.2022-ci il tarixinə şirkətin 700 ha sahəsində aparılmış yaşıllaşdırma tədbirləri çərçivəsində əkilən ağacların sayı 1 milyon 200 minə çatıb.

Yerinə yetirilən ekoloji tədbirlərin əsas məqsədi SOCAR-ın fəaliyyət sahələrində ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi, həmçinin biomüxtəlifliyin qorunması və bərpası rolunu oynayan yeni meşə massivlərinin salınması ilə iqlim dəyişmələrinə, Abşeron yarımadasında mövcud təbii komplekslərə antropogen təsirlərin yumşaldılmasına nail olmaq və beləliklə də, ətraf mühitin ekoloji cəhətdən yaxşılaşdırılmasından ibarətdir.