Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu (BOS) Azərbaycanın ən böyük stadionu olmaqla, UEFA, FIFA və IAAF-nın beynəlxalq standartlarına əsasən Böyükşor Gölünün ətrafında layihələndirilib və inşa edilib. 2011-ci il iyunun 6-da təməli qoyulmuş, tamaşaçı tutumu 68.700 nəfər olan BOS dünyada 45-ci nəhəng stadiondur. 650.000 m2-lik ərazinin 225.000 m2-lik hissəsinin inşaat işləri 2015-ci ilin fevral ayında başa çatdırılıb. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion 2015-ci il martın 6-da istifadəyə hazır vəziyyətə gətirilib və stadionun rəsmi açılışı həmin ilin martın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutub. Stadionun əsas icarəçiləri Azərbaycan Milli Futbol Komandası, ölkə və dünya çempionatlarını evimizə gətirən “CBC Sport” telekanalı, 1000 m2 sahəsi və geniş avadanlıqları ilə “GYM Olympiyski” fitness mərkəzi, 5 fərqli döyüş növündə (Muay-Tay, Uşu-Sanda, MMA, Boks, Kikboks) fəaliyyət göstərən “Olympia” Döyüş Klubu, 4 ədəd üstü qapalı və ilin hər fəslində müştərilərə xidmət göstərən “SPORTSTER” mini meydançaları və təbii ot örtüklü ehtiyat meydançalarımızın istifadəçiləri olan Premyer Liqa təmsilçiləridir.
Stadion 2015-ci ilin iyun ayında Bakı-2015 I Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə olunmaqla, eyni tədbirin açılış/bağlanış mərasimlərinə və atletika idman növünə, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının açılış/bağlanış mərasimlərinə, UEFA U-17 Avropa Çempionatına, UEFA Çempionlar və Avropa Liqaları üzrə qrup mərhələsində "Qarabağ" FK-nın oyunlarına, futbol üzrə Dünya və Avropa çempionatları, Millətlər Liqası çərçivəsində "A" milli komandamızın oyunlarına ev sahibliyi edib.
Stadionun ətrafında bir neçə otel, 3617 avtomobillik dayanacaq ərazisi və 81574 m² yaşıllıq ərazisı salınıb. Stadionun VVIP, VIP və CIP suitləri ümumi 127 otaq və 720 tamaşaçı tutumuna, xüsusi hazırlanmış 25.200 m² interyer və 3078 avtomobillik sahəyə malikdir. 1800 tamaşaçı tutumlu isinmə meydançası, Məlumat Mərkəzi və 2 xarici bina, dizayn və mühəndislik xidmətləri uğurla reallaşdırılıb.
2016-cı ildən Avropa stadionlarının təhlükəsizlik qurumu hesab edilən ESSMA-ya üzv qismində qəbul edilmiş BOS 2019-cu ildən UEFA-nın UEFA-nın "Allianz Arena", "Aviva Stadium", "Nou Kamp" və "Santyaqo Bernabeu" kimi Elit Stadionlarının siyahısına daxil edilib. “StadiumDB” qurumunun keçirdiyi səsverməyə əsasən, dünyanın 7-ci ən yaxşı stadionu sayılan BOS 2019-cu ildən etibarən SOCAR-ın strukturunda yer alır. UEFA Avro-2020-nin 12 stadionundan biri kimi bu stadionda 2021-ci ildə üçü A qrupunun qarşılaşması və ¼ final mərhələsinin oyunu olmaqla, ümumilikdə, 4 matç keçirilib.
2024-cü ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi, iştirakçı sayına və miqyasına görə mühüm tədbir hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakı Olimpiya Stadionunda keçirilib.