SOCAR-ın mühüm struktur vahidlərindən biri olan “Azəriqaz” İstehsalat Birliyi (İB) Azərbaycan Respublikasında təbii qazın təchizat nöqtələrindən qəbulunu, paylayıcı şəbəkə vasitəsilə istehlakçılara çatdırılmasını və satışını həyata keçirir. Birliyin fəaliyyət coğrafiyası ölkənin bütün ərazisini əhatə edir. Xarici ölkələrdə SOCAR-a məxsus qaz şəbəkələrinin istismarı və əməliyyat idarəetməsi isə şirkətin digər törəmə müəssisələri tərəfindən təmin olunur.
Azərbaycanda qaz sənayesinin inkişafı və şəbəkə infrastrukturunun genişləndirilməsi 1970-ci illərdən etibarən yeni mərhələyə qədəm qoymuşdur. 1971-ci ildə İran–Astara–Qazıməmməd–Qazax magistral qaz kəmərinin çəkilməsi şəhər və yaşayış məntəqələrinin qazlaşdırılmasına mühüm təkan vermişdir. 1983-cü ildə “Başqaz” İdarəsinin bazasında Dövlət Qazlaşdırma Komitəsi yaradılmış, 1989-cu ildə isə bu qurum Azərbaycan Dövlət Yanacaq Komitəsinə birləşdirilmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Azərbaycan Dövlət Yanacaq Komitəsi, “Azəriqaznəql” İB və Azərbaycan Elmi-Tədqiqat Layihə İnstitutunun bazasında “Azəriqaz” Dövlət Şirkəti, 1996-cı ildə isə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
2009-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən, “Azəriqaz” QSC yenidən təşkil edilərək SOCAR-ın tərkibinə daxil edilmişdir. Həmin vaxtdan “Azəriqaz” İstehsalat Birliyi kimi fəaliyyət göstərən qurum ölkənin qazpaylama infrastrukturunun inkişafını və istehlakçıların etibarlı qaz təchizatını təmin edir.
“Azəriqaz” İB-nin missiyası ev təsərrüfatlarını və sənaye müəssisələrini sərfəli qiymətlərlə fasiləsiz, təhlükəsiz və səmərəli enerji təchizatı ilə təmin etməkdir. Birliyin strateji baxışı əməliyyat mükəmməlliyi, müştəriyönümlü xidmət və dayanıqlı inkişaf prinsipləri əsasında innovativ enerji həllərinin aparıcı təchizatçısına çevrilməkdir. Bu yanaşma xidmət keyfiyyətinin yüksəldilməsini, resurslardan səmərəli istifadəni və müasir texnologiyalar vasitəsilə uzunmüddətli dəyər yaradılmasını əsas götürür.
Birlik idarəetmə sistemlərini ISO 9001, ISO 14001, OHSAS 18001, ISO 10002 və ISO 50001 beynəlxalq standartlarının tələblərinə uyğun qurur. Keyfiyyət, ətraf mühit, əməyin mühafizəsi, müştəri məmnuniyyəti və enerji idarəetməsi üzrə bu yanaşma proseslərin davamlı təkmilləşdirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına xidmət edir.
Hazırda “Azəriqaz” İB 2,83 milyon istehlakçıya xidmət göstərir və müxtəlif diametrli polad və polietilen boru kəmərlərindən ibarət 83,4 min kilometrlik paylayıcı qaz şəbəkəsini idarə edir. 2025-ci ildə bu infrastruktur vasitəsilə istehlakçılara 8,37 milyard kubmetr təbii qaz çatdırılmışdır. Fəaliyyətin bu miqyası şəbəkə aktivlərinin effektiv idarə olunmasını, əməliyyat dayanıqlılığını və təchizat təhlükəsizliyini Birliyin əsas prioritetlərinə çevirir.
2009-cu ildə SOCAR-ın tərkibinə daxil edildikdən sonra Birlik tərəfindən 1 760 yaşayış məntəqəsi qazlaşdırılmışdır. 1 sentyabr 2026-cı il tarixinə işğaldan azad edilmiş ərazilər istisna olmaqla ölkə üzrə qazlaşdırma səviyyəsi 96,71 faiz təşkil edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində isə 2023–2026-cı illərdə həmin ərazilərdə qaz şəbəkələrinin tikintisi layihələri həyata keçirilir. Bu layihələr yaşayış məntəqələrinin bərpasını və sosial-iqtisadi inkişafını dəstəkləyən enerji infrastrukturunun formalaşdırılmasına xidmət edir.
Qaz təsərrüfatının modernləşdirilməsi çərçivəsində şəbəkənin yenilənməsi və texnoloji həllərin tətbiqi istiqamətində ardıcıl tədbirlər görülür. Yeni yaşayış sahələrinin qazlaşdırılması zamanı hər bir abonent üçün fərdi qaz tənzimləyicisinin quraşdırılmasını nəzərdə tutan birpilləli təzyiq tənzimləmə sistemi tətbiq olunur. Bu texniki həll qazın təzyiqinin sabit saxlanılmasına, təchizatın etibarlılığının və istismar təhlükəsizliyinin artırılmasına imkan verir.
Müştərilərlə operativ kommunikasiya və müraciətlərin effektiv idarə olunması məqsədilə Birliyin 104/185 Çağrı Mərkəzi fasiləsiz, 24/7 rejimində fəaliyyət göstərir. Mərkəz qaz sızması, dəm qazından zəhərlənmə, partlayış və yanğın kimi qəza və təhlükəli hallar barədə məlumatları qəbul edərək operativ reaksiya üçün aidiyyəti strukturlara yönləndirir. Eyni zamanda, Birliyin fəaliyyəti ilə bağlı sual və sorğuları, o cümlədən elektron müraciətləri cavablandırır, şikayət və təkliflərin qəbulunu və yönləndirilməsini təmin edir. Müraciətlər üzrə aparılan təhlillər müştəri təcrübəsinin yaxşılaşdırılmasına, sui-istifadə hallarının qarşısının alınmasına və xidmət proseslərinin davamlı təkmilləşdirilməsinə dəstək verir.
Xidmətlərin əlçatanlığının artırılması və müştəriyönümlü xidmət modelinin inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq edilir. Bu əməkdaşlıq çərçivəsində Birlik 2014-cü ildən “ASAN xidmət”, 2016-cı ildən isə “ASAN kommunal” mərkəzlərində vətəndaşlara 20 növ xidmət təqdim edir. Bundan əlavə, 2020-ci ildən Kiçik və Orta Biznes evlərində (KOB evləri) sahibkarlıq subyektlərinə 15 növ xidmət göstərilir. Bu xidmət modeli vətəndaşların və sahibkarların müraciətlərinin “bir pəncərə” prinsipi əsasında daha rahat və səmərəli şəkildə həllinə imkan yaradır.
Rəqəmsal transformasiya Birliyin əməliyyat modelinin və xidmət ekosisteminin inkişafında əsas strateji istiqamətlərdən biridir. Bu çərçivədə sahə işlərinin 80 faizi avtomatlaşdırılmış, 5 xidmət rəqəmsallaşdırılmış və 24 rəqəmsal məhsul istifadəyə verilmişdir. Tətbiq olunan həllər iş proseslərinin optimallaşdırılmasına, əməliyyat çevikliyinin artırılmasına və məlumat əsaslı idarəetmənin genişləndirilməsinə xidmət edir.
Vətəndaşların xidmətlərə rəqəmsal çıxışını genişləndirmək məqsədilə Azərbaycanın rəqəmsal hökumət platforması olan “mygov” üzərindən Birliyin 4 rəqəmsal xidməti istifadəyə verilmişdir. Qazın alqı-satqı müqavilələrinin SİMA rəqəmsal imza vasitəsilə elektron qaydada imzalanması isə kağızsız xidmət modelinin tətbiqinə, proseslərin sadələşdirilməsinə və müştərilərin vaxtına qənaət edilməsinə imkan yaradır.
Qazpaylama infrastrukturunun texnoloji yenilənməsi istiqamətində regionda ilk dəfə Azərbaycanda “Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi” layihəsinin icrasına başlanılmışdır. Layihə 2,5 milyondan çox abonenti əhatə edən infrastrukturun rəqəmsal transformasiyasını və yeni nəsil qaz idarəetmə sisteminə mərhələli keçidi nəzərdə tutur. Şəbəkənin rəqəmsallaşdırılması monitorinq və nəzarət imkanlarının genişləndirilməsinə, məlumat əsaslı qərarvermənin gücləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına yönəlmişdir. Layihə, həmçinin qaz təchizatının etibarlılığının yüksəldilməsi və müştəri təcrübəsinin təkmilləşdirilməsi üçün müasir texnoloji baza formalaşdıracaqdır.