Azərbaycan Britaniya Kolleci
Azərbaycan Britaniya Kolleci (Azerbaijan British College - ABC) - SOCAR tərəfindən maliyyələşdirilən müasir təhsil kompleksidir. Kollec 2012-ci ildə Britaniya məktəbi kimi yaradılıb və SOCAR-ın Təlim-tədris mərkəzində 3 aylıq intensiv kursdan sonra, həmin il noyabrın 1-də məktəbəqədər və 1-ci sinif ilə fəaliyyətə başlayıb. Hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları təklif edən qabaqcıl təhsil müəssisəsi kimi, Azərbaycan da daxil olmaqla, 20 müxtəlif ölkədən olan şagirdə təhsil verməkdədir. Burada İngiltərə Milli Kurrikulumu üzrə 25 əcnəbi və 80 yerli müəllim çalışır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi, Azərbaycan dili, ədəbiyyatı və tarixi fənnləri də kurrikuluma daxil edilib. Yerli müəllim heyəti bilik və bacarıqlarını artırmaq və yeni təcrübələr əldə etmək üçün kollecin hesabına Böyük Britaniyadakı Nottingem Universitetinin ixtisasartırma kurslarına göndərilirlər.
ABC-nin şagirdləri “Chekpoint” imtahanlarından riyaziyyat, ingilis dili və təbiət elmləri fənlərində dünya üzrə orta göstəricini keçirlər. Beynəlxalq Məktəblər Şurası və Beynəlxalq Britaniya Məktəblər Şurası kimi nüfuzlu akkreditasiya qurumlarına üzv olan ABC, həmçinin “Kembric Beynəlxalq İmtahanlar” və “Edexel” kimi tanınmış imtahan mərkəzlərindən lisenziya alaraq, 2016-2017-ci tədris ilinin sonunda ilk dəfə beynəlxalq imtahanlar təşkil edib. ABC Kembric Beynəlxalq İmtahan Mərkəzinin keçirdiyi beynəlxalq IGCSE imtahanlarında göstərdiyi yüksək nəticələrə görə xüsusi olaraq fərqlənir. Kollecinin şagirdləri, 2017-ci ildən başlayaraq, müxtəlif beynəlxalq olimpiadalarda da uğurla iştirak edib, medallara layiq görülüblər. Məzunları isə dünyanın ən nüfuzlu universitetlərinə (Oxford, Loughborough, Calgary) qəbul olub, təhsillərini davam etdirirlər.
Bundan başqa, ABC müxtəlif beynəlxalq təhsil şuraları tərəfindən də akkreditasiya olunub. Kollec, artıq bir neçə ildir ki, COBIS - Britaniya Beynəlxalq Məktəblər Şurası Birliyi və CIS – Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunub. Eyni zamanda, məktəb ECIS – Məktəblərin Beynəlxalq Təhsil Təşkilatına da üzvdür.
ABC ölkədə özəl və dövlət təhsil müəssələrində təhsil alan 5-10 yaşlı uşaqlar üçün yay məktəbi də təşkil edir. Bunun əsas məqsədi uşaqların asudə vaxtarının səmərəli təşkil edilməsi və bacarıqlarının inkişaf etdirilməsidir. Yay məktəbi çərçivəsində üzgçülük dərsləri, inkişafetdirici yaradıcı məşğələlər, interaktiv oyunlar keçirilir. Azərbaycandakı məktəblər arasında yeganə olan Planetariumda ingilis dilində filmlərə baxmaq və daha sonra müzakirələr aparmaq uşaqların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə, fiziki və zehni inkişafına müsbət təsir göstərir.
Valideynlərlə kommunikaiyanın effektivliyinə xüsusi əhəmiyyət verən məktəb iSAMS Məktəb İnformasiya İdarəetmə Sistemini tətbiq edir.
Azərbaycan Britaniya Kolleci haqqında tanıtım videoçarxı: