Yardım xətti və qisas tədbirlərinə qarşı təminatlara dair Prosedur SOCAR-ın uyğunluğa nəzarət sahəsinin, o cümlədən korrupsiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətlərin maliyyələşdirilməsi və vergidən yayınmaya qarşı mübarizə sisteminin, habelə SOCAR-ın Biznes Etikası və Davranış Kodeksinin tələblərinin icra mexanizminin bir hissəsini təşkil edir.
“Yardım Xətti” dedikdə, Azərbaycan Respublikasında SOCAR-ın daxili peşəkar heyəti tərəfindən idarə olunan və SOCAR-ın Biznes Etikası və Davranış Kodeksindən və/və ya bu Kodeksdə istinad edilən hər hansı digər siyasət və ya prosedurlardan etik davranış və uyğunluq mövzuları ilə bağlı irəli gələn məsələlər üçün ayrılmış ethics@socar.az elektron poçt ünvanı və SOCAR-ın korporativ veb-portalının müvafiq səhifəsində yerləşdirilmiş məlumatlandırma kanalı (Platforma - https://ethicsline.socar.az) başa düşülür.
“Qisas və digər zərərverici tədbir (davranış)” dedikdə, işçiyə və ya işçi ilə əlaqəli şəxsə (qohum, dost və ya yaxın münasibətdə olan digər şəxs) münasibətdə tətbiq olunan, işçinin: a) Yardım Xətti və ya digər məlumatlandırma kanalı vasitəsilə SOCAR-a və ya SOCAR Qrup Müəssisələrinə və yaxud səlahiyyətli dövlət qurumlarına, açıqlanmasına yol verilən və hər hansı pozuntunu (uyğunsuzluğu, çatışmazlığı, zəifliyi) təsvir edən məlumatı ötürməsinə görə; və ya b) araşdırma aparan şəxslər ilə əməkdaşlıq etdiyi; və yaxud c) qanunsuz əməldə iştirakdan imtina etdiyi üçün; onu 1) qorxutmaq, 2) cəzalandırmaq, və ya 3) ondan qisas almaq, 4) ona çətinliklər yaratmaq və ya 5) onu məlumat ötürmək və yaxud məlumat ötürməkdə davam etmək və ya 6) başqa formada araşdırma aparan şəxslər ilə əməkdaşlıq etmək niyyətindən imtina etməyə sövq etmək məqsədilə, işçinin və ya işçi ilə əlaqəli şəxsin i) maddi, ii) fiziki və ya iii) mənəvi zərər çəkməsi ilə nəticələnən, SOCAR tərəfindən qadağan edilən əməl (hərəkət və ya hərəkətsizlik) başa düşülür.
SOCAR-ın müvafiq departamentləri Yardım Xəttinin mövzuları üzrə bildirilmiş məlumatlara baxılması, onların araşdırılması və cavablandırılması üzrə məsul struktur bölmə qismində fəaliyyət göstərirlər.
Prosedurun tələblərinə riayət olunmasına, yalnız SOCAR-ın rəhbərliyi deyil, həmçinin bütün işçi heyət məsuliyyət daşıyır.
Prosedurun tələblərinin pozulması işdən çıxarılma da daxil olmaqla intizam tənbehi üçün əsas ola bilər. Müəyyən hallarda, Prosedurun tələblərinin pozulması müvafiq qanunvericiliyin pozulması kimi qiymətləndirilə və mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaya səbəb ola bilər.
Yardım Xəttinə daxil olmuş, bir qayda olaraq, yalnız İstifadəçiyə təsir edən şəxslərarası münaqişələrə dair incikliklər, narazılıqlar müəyyən edildiyi halda, belə məlumatlara baxılmır və onlar araşdırılmır.
“İstifadəçi” dedikdə Yardım Xəttinin məlumatlandırma kanallarından istifadə edən fiziki şəxs başa düşülür.
Prosedura əsasən daxil olmuş lakin Platformada qeyd olunmuş mövzulara uyğun gəlməyən müraciətlər Yardım Xəttinə məsul olanlardan kənar aidiyyəti üzrə digər struktur bölmələrə yönləndirilir və belə müraciətlərə tətbiq olunan qanunvericiliyinin tələblərinə uyğun olaraq baxılır.
Reklam xarakterli, söyüş, təhqir və bu kimi digər məlumatlar “Qeyri-uyğun” mövzu başlığı altında yerləşdirilir. Həmin mövzu başlığı altında yerləşdirilən məlumatlara baxılmır, onlar araşdırılmır, aidiyyəti üzrə göndərilmir və Yardım Xəttinin müvafiq statistika hesabatlarına daxil edilmir.
İstifadəçi şəxsiyyətini açıqlamadan – anonim şəkildə və ya şəxsiyyətini açıqlamaqla lakin şəxsiyyətinin gizliliyinin qorunması təminatından yararlanmaqla – konfidensial şəkildə məlumatları təqdim etmək ilə bağlı seçim imkanlarına malik olmalıdır.
İstifadəçi məlumat ötürməmişdən əvvəl bildirmək niyyətində olduğu məlumatların hər hansı əhəmiyyətlilik dərəcəsini qiymətləndirmək və ya müəyyən etmək öhdəliyini daşımır.
İstifadəçinin barəsində məlumat bildirmək niyyətində olduğu hər hansı pozuntunun baş verib-vermədiyini sübut etmək və ya məlumatın hər hansı sübutetmə meyarlarına və ya tələblərinə cavab verməsini təmin etmək, habelə məlumatı təqdim etdikdən sonra pozuntunun sübutlarını axtarmaq və toplamaq ilə bağlı hər hansı vəzifəsi yoxdur.
İstifadəçiyə tövsiyə olunur ki, bildirəcək məlumatların səmərəli və uğurlu şəkildə araşdırılmasına yardım etmək üçün məlumatlar mümkün qədər spesifik olmalı və ən azı aşağıdakı təfərrüatları ehtiva etməlidir:
pozuntunun (uyğunsuzluğun, zəifliyin, çatışmazlığın) növü və həcmi;
ehtimal edilən pozuntunun nə vaxt, harada və necə baş verməsi;
bildirilən məlumatın hansı şəxslərə aid olması və hansı şəxslərin bildirilən məsələlərdən, o cümlədən birbaşa və şəxsən məlumatlı ola bilməsi;
bildirilən məlumatın daha əvvəl hər hansı məlumatlandırma kanalları ilə və ya Rəhbərinə bildirilib-bildirilməməsi. Əgər bildirilibsə, hansı həcmdə, nə vaxt və kimə bildirildiyi, cavab olaraq hansı tədbirlər görüldüyü, İstifadəçinin mövqeyinə görə görülmüş tədbirlərin işlədiyi qurum və özü üçün nəticəsi barədə məlumatlar;
pozuntuda rəhbərliyin hər hansı rolu və pozuntudan rəhbərliyin məlumatlı olub-olmaması, İstifadəçinin özünə və ya digər şəxslərə münasibətdə mövcud olan hər hansı risklər;
bildirilən məlumatın hər hansı şəxs tərəfindən gizlədilməsinə və ya ört-basdır edilməsinə, İstifadəçinin məlumat bildirməsinin qarşısını almağa yönəlmiş hər hansı hərəkət və ya hərəkətsizliyin edilib-edilməməsi.
Qisas və digər zərərverici tədbirdən (davranışdan) müdafiə bütün Müdafiə olunan şəxslərə münasibətdə təmin olunmalıdır.
“Müdafiə olunan şəxslər” dedikdə, qisas və digər zərərverici tədbirə (davranışa) məruz qala bilən və ya məruz qalan İstifadəçi və ya İstifadəçi ilə əlaqəli şəxs (qohum və ya yaxın münasibətdə olan digər şəxs), həmçinin pozuntuya şahidlik etmiş və ya araşdırma aparan şəxslər ilə əməkdaşlıq etmiş və yaxud qanunsuz əməllərdə iştirakdan imtina etmiş və ya məlumat bildirmək üçün deyil məsləhət üçün müraciət etmiş fiziki şəxslər başa düşülür. Müdafiə olunan şəxslər qismində aşağıdakı şəxslər ola bilər (lakin bununla məhdudlaşmadan):
a) SOCAR-ın işçiləri, Müqavilə əsasında cəlb olunmuş heyət, Kənar qurumların SOCAR-a uzunmüddətli ezam olunmuş və SOCAR-ın obyektlərində işləyən işçilər, SOCAR və SOCAR Qrup Müəssisələri ilə əməkdaşlıq edən Üçüncü tərəf xidmət təminatçıları, Biznes tərəfdaşları, habelə onların nəzarətində çalışan şəxslər;
b) SOCAR-ın sabiq işçiləri, SOCAR-ın və SOCAR Qrup Müəssisələrinin müşahidə şuralarında, ictimai şuralarında və idarəetmə heyətində təmsil olunan, səhm və ya digər pay sahibləri olan şəxslər, evdən işləyən SOCAR-ın işçiləri, stajorlar, könüllülər, SOCAR və SOCAR Qrup Müəssisələri tərəfindən təşkil olunan işə qəbul və satınalma prosedurlarında iştirak etmək üçün müraciət edən və iştirak edən şəxslər.
Müdafiə olunan şəxs qisas və digər zərərverici tədbirdən (davranışdan) tam müdafiə ilə təmin olunur, bir şərtlə ki, onun məlumat verdiyi zaman onun bildirdiyi məsələlərin həqiqiliyi barədə ağlabatan inamı mövcud olsun. Bu cür tələb ziyan vurmaq məqsədli, qeyri-ciddi, əsassız, sui-istifadə xarakterli və təhqiredici məlumatların ötürülməsininin qarşısını almaq üçündür və məlumat ötürən zaman qəsdən həqiqətə uyğun olmayan və çaşdırıcı məlumat ötürən şəxslərin müvafiq müdafiə ilə əhatə olunmadığını ifadə edir. Eyni zamanda bu cür tələb ehtiyatsızlıqdan hər hansı pozuntu barədə qeyri-dəqiq məlumat ötürən şəxsi müvafiq müdafiədən yararlanmaq imkanlarından məhrum etmir.
Qəsdən həqiqətə uyğun olmayan məlumatı təqdim edən şəxsə qarşı tətbiq edilən sanksiyalar onu işə götürən qurumun fəaliyyət göstərdiyi mühitə (ölkəyə, kontekstə, qanunvericiliyə) müvafiq və mütənasib olmalı, belə ki, həmin sanksiyaların sərtliyi həmin şəxsin gələcəkdə digər məlumatı təqdim etməsinə və ya başqa cür əməkdaşlıq etməsinə, habelə digər potensial Müdafiə olunan şəxsin məlumat ötürməsinə və ya başqa cür əməkdaşlıq etməsinə çəkindirici maneə olmamalıdır.