Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın Ətraf mühitin mühafizəsi üzrə hədəflərinə dair Bəyanatı


14/10/2024

Giriş

Ətraf mühitin mühafizəsi SOCAR üçün prioritet sahələrdən biri olduğundan, iqlim dəyişmələrinə qarşı mübarizə aparmağı və ətraf mühitə mənfi təsirlərin effektiv şəkildə azaldılmasını qarşımıza əsas hədəf kimi qoymuşuq. Hədəfləri uğurla həyata keçirmək üçün səlahiyyətləri çərçivəsində İdarə Heyəti və Müşahidə Şurası tərəfindən qərarlar verilərək Enerji Keçidi, Ətraf Mühit və Dekarbonizasiya (Energy Transition, Environment and Decarbonization - ETED) seqmenti üzrə vitse-prezident və bu seqmentin əməkdaşlarından ibarət xüsusi komanda tərəfindən ətraf mühitin mühafizəsi üzrə hədəflərin yerinə yetirilməsinə nəzarət edilir.

Bəyanatın aşağıdakı hədəfləri SOCAR-ın strukturuna daxil olan qurumlara, biznes tərəfdaşlarımıza, podratçılara və təchizatçılarımıza şamil edilir.

SOCAR-ın ətraf mühitin mühafizəsi üzrə hədəflərinə dair Bəyanatı

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə, SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyasına, yerli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların, sazişlərin tələblərinə ölkəmizin, habelə SOCAR-ın götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq, aşağıdakı hədəfləri həyata keçirmək əsas məqsədimizdir:

• Qlobal şirkətlərlə fəal əməkdaşlıq edərək irimiqyaslı yaşıl layihələri və “yaşıl enerji”yə keçidi sürətləndirmək.

• Enerji səmərəliliyini əsas istiqamət kimi seçərək həyata keçirilən əməliyyatlarda enerjiyə qənaət edən ən müasir texnologiyaları, layihələri və ən qabaqcıl təcrübələri tətbiq etməklə resurslardan istifadəni optimallaşdırmaq.

• Əməliyyatlarımızda 2050-ci ilə qədər “Xalis Sıfır” (“Net Zero”) hədəfinə çatmaq üçün məqsədəuyğun şəkildə dekarbonizasiya layihələrini həyata keçirmək.

• Ətraf mühitin mühafizəsi sahəsində mövcud beynəlxalq standartlara (ISO) uyğun olaraq “Ətraf mühitin İdarəetmə Sistemi”-ni formalaşdırmaq, onun davamlı monitorinqini və auditini aparmaq.

• Maksimum səmərəliliyi və dövrülüyü dəstəkləyərək resursların ciddi idarə edilməsi üçün effektiv tədbirləri yerinə yetirmək.

• Şirkətin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirləri proqnozlaşdırmaq və həmin təsirlərin qarşısını almaq, bioloji müxtəlifliyi, yaşayış arealının bərpasını dəstəkləmək və həssas ekosistemləri qorumaq.

• Ətraf mühitə çirkləndiricilərin atılmasını minimuma endirmək üçün müvafiq önləyici tədbirləri həyata keçirmək.

• Fövqəladə halların qarşısının alınması üçün innovativ texnologiyalara və həllərə sərmayə qoymaqla müvafiq önləyici tədbirləri yerinə yetirmək, iqlim dəyişmələri ilə bağlı riskləri daha effektiv yollarla aşkar edərək azaltmaq.

• Qabaqcıl təcrübələrə əsasən “yaşıl texnologiyalar”a davamlı keçidi asanlaşdırmaq məqsədilə mövcud infrastrukturu yeniləmək.

• Ətraf mühitlə bağlı məsələlər üzrə şəffaf dialoqu və əməkdaşlığı inkişaf etdirmək üçün maraqlı tərəflərlə, o cümlədən dövlət qurumları, yerli icmalar, qeyri-hökümət təşkilatları, beynəlxalq təşkilatlar və sənaye tərəfdaşları ilə qurulmuş əlaqələri gücləndirmək.

• Bəyanatda qeyd olunan hədəflərin yerinə yetirilməsinə və ətraf mühit qanunvericiliyinə uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək, ətraf mühitin mühafizəsi ilə bağlı maraqlı tərəflərin gözləntilərinin qarşılanması üçün bütün səviyyələrdə fərdi məsuliyyəti təmin etmək.

  • SOCAR-ın davamlı inkişaf üzrə təşəbbüsləri, “Ətraf mühit, sosial və idarəetmə” (ESG) prinsiplərinin tətbiqi ilə bağlı düzgün təsəvvür yaratmaq üçün ətraf mühitə dair hesabatlarda və həyata keçirilən layihələrdə şəffaflığı və hesabatlılığı daim təmin etmək.
  • İşçilər arasında əməliyyat proseslərinin ətraf mühitə təsirləri haqqında aydın təsəvvür yaratmaq üçün mütəmadi olaraq təlimlər keçirmək.
  • Həm daxili, həm də xarici maraqlı tərəflərin ətraf mühitin idarə edilməsi və onun təsirləri haqqında məlumatlılığının artırılmasına yönəlmiş tədbirləri həyata keçirmək.