SOCAR-ın “Elm və Təhsil Fondu”nun İdarə Heyətinin
iclasının 4 aprel 2025-ci il tarixli 1 saylı protokolu ilə
təsdiq edilmişdir (Əlavə 2)
__________________________________________________________________________________________________________________________________________________________________________________________________________


SOCAR-ın “Elm və Təhsil Fondu”nun müsabiqə elanı
Azərbaycan Respublikasında elmin inkişafına dövlətin xüsusi qayğısını rəhbər tutaraq ölkədə neft, neft-kimya və qaz sənayesi, alternativ və yaşıl enerji sahələri ilə əlaqədar fəaliyyət (yataqların axtarışı, kəşfiyyatı, hazırlanması, işlənməsi, neftin, qazın, kondensatın hasilatı, nəqli, emalı, bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi və s.) istiqamətləri üzrə önəm kəsb edən aktual məsələlərin müxtəlif aspektlərinin elmi-nəzəri tədqiqinin, praktiki həlli yollarının müəyyən edilməsi, eləcə də innovativ və tətbiqyönümlü nəticələrin əldə olunması, texnoloji və ya kommersiya potensialına malik elmi fəaliyyətin təşviqi məqsədilə SOCAR-ın “Elm və Təhsil Fondu” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra ETN) tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində çalışan alimlər və onlarla birgə layihələrdə icraçı qismində iştirak edəcək SOCAR-ın əməkdaşları üçün 2025-2026-cı illər (on iki aylıq) üzrə müsabiqə
E L A N E D İ R:
1. Təqdim olunan layihələr aşağıdakı elm və fəaliyyət sahələrinə aid olmalıdır:
- Yer elmləri;
- Texnika elmləri;
- Kimya elmləri;
- Ekologiya;
- Bərpa olunan enerji.
2. Aşağıdakılarla məhdudlaşdırılmadan prioritet istiqamətlər üzrə təqdim edilən və sahələrarası xarakter daşıyan elmi layihələrə üstünlük veriləcək:
- Neft-qaz yataqlarının neftveriminin artırılması;
- İşlənmədə olan yataqlarda, istismar şəraitindən, dərinlikdən, sulaşma faizindən, hasilat səviyyəsindən və digər geoloji, texnoloji və iqtisadi amillərdən asılı olaraq quyuların istismarının rentabellik həddinin təyin edilməsi;
- Neft-qaz yataqlarının xüsusiyyətlərinə nəzərən işlənmə proseslərində baş verə biləcək risklər, onları yaradan amillər və təsirlərin azaldılmasına dair tədbirlər;
- Nanotexnologiyaların tədqiqi və tətbiqi ilə neft sənayesində olan problemlərin həllinə yönəlmiş tədbirlər;
- Respublika üzrə işlənmədə olan məhsuldar çöküntülərin neft-qazlılıq potensialının dəyərləndirilməsi;
- Qeyri-struktur tipli tələlərin aşkarlanma və öyrənilmə metodikasının işlənməsi;
- Neft quyularında parafin, qatran, asfalten və qum çökmə problemləri;
- Neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi;
- Quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robototexnikadan istifadə;
- Neft-qaz kompleksində informasiya -kommunikasiya texnologiyalarının tətbiqi problemləri;
- Neft-qaz hasilatının optimallaşdırılmasında kompüter proqram təminatı;
- Neft-qaz sənayesində dekarbonizasiya və ətraf mühit;
- Alternativ və yaşıl enerji üzrə tədqiqatlar;
- Dünya standartlarına cavab verən mühərrik yanacaqlarının və yağlarının alınması üçün mütərəqqi texnologiyaların yaradılması, neft emalının dərinləşməsi.
3. Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri (müsabiqə növünün kodu: ET) nominasiyası üzrə keçirilir.
4. Müsabiqədə ETN-nin elmi müəssisə və təşkilatlarının və ya onlarla birgə layihədə çalışan SOCAR-ın əməkdaşları iştirak edə bilərlər. Layihələr müsabiqəyə fərdi və kollektiv formada təqdim oluna bilər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.
5. Layihələr müəyyən olunmuş formaya (buradan yükləyin - Forma ET) uyğun tərtib olunaraq digər sənədlərlə birlikdə 2025-ci ilin 16 iyul tarixindən 16 avqust tarixinədək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək info@partnerib.az və vugar.eyvazov@socar.az elektron ünvanlarına göndərilməlidir.
6. Müsabiqədə iştirakın xüsusi şərtləri:
- Fondun İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər;
- Layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız bir layihə üzrə müsabiqədə iştirak edə bilər;
- Layihə rəhbəri və icraçılar müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə nazirlik və ya SOCAR ilə əmək münasibətində olmalıdırlar.
- Bir layihə üzrə iştirakçıların (layihə rəhbəri və icraçılar) ümumi sayı 5 (beş) nəfərdən çox olmamalıdır. Yalnız İdarə Heyətinin qərarı ilə layihə iştirakçılarının sayı artırıla bilər.
7. Aşağıdakı hallarda layihələr Müsabiqə Komissiyası tərəfindən qəbul olunmur:
- Müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda;
- Digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə;
- Layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə;
- Tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmayan layihə təqdim edildikdə.
8. Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin pozulması halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır.
9. Bütün layihələr bir qayda olaraq, Azərbaycan dilində, sənədlərin 2 №-li forması isə əlavə olaraq ingilis dilində tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 (iki) nüsxədə təqdim olunmalıdır.
10. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- Məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən layihə barədə ümumi məlumatlar (Forma 2);
- Layihənin xərclər smetası (Forma 3);
- Layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);
- Layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti.
11. Ərizənin (Forma 1), ərizəyə əlavə olunan sənədlərin (Formalar 2-4) və digər müşayiətedici materialların elektron variantının kağızda olan varianta tam uyğun olmasına məsuliyyəti layihə rəhbəri daşıyır.
12. Təqdim edilən layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər məcburi ödənişlər daxil edilməklə müəyyən edilməlidir.
SOCAR-ın “Elm və Təhsil Fondu”nun İdarə Heyəti