- Biz fəaliyyətimizi insan hüquqlarına və ləyaqətinə hörmət əsasında həyata keçirir, ayrı-seçkilik, habelə uşaq əməyi, insan alveri, məcburi əmək və asılı əmək kimi insan hüquqlarının pozulması hallarından azad yaşamaq üzrə insanların ayrılmaz hüquqlarını dəstəkləyirik.
- Biz bütün müvafiq qanun və qaydalara, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Beynəlxalq Əmək Təşkilatının İşdə Əsas Prinsiplər və Hüquqlar üzrə Bəyannaməsinə, habelə Birləşmiş Millətlər Təşkilatının Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinə əməl edirik.
- Biz fəaliyyət göstərdiyimiz icmaların rifahına töhfə vermək məqsədilə müntəzəm olaraq kənar tərəfdaşlarımızla birgə işləyirik. Fəaliyyət göstərdiyimiz ərazilərdə fəaliyyətimizin yerli və qəbilə xalqlarına, o cümlədən onların yaşam tərzinə bütün mümkün təsirləri nəzərə alıb qiymətləndiririk. Yerli və qəbilə xalqlarına məxsus torpaqların qanunsuz özgənkiləşdirilməsi, onların qeyri-könüllü şəkildə başqa əraziyə köçürülməsi və hər hansı layihələrə başlamamışdan əvvəl onlarla qabaqcadan və tam məlumatlı şəkildə məsləhətləşmələrin aparılmaması kimi insan hüquqlarının pozulması risklərinə xüsusi diqqət yetiririk.
- Biz işçilərimizdən insan hüquqları ilə bağlı öhdəliklərimizə əməl edilməsini, həmçinin Üçüncü tərəf xidmət təminatçılarımız (işçiləri də daxil olmaqla) və SOCAR-ın və ya SOCAR Qrup Müəssisəsi adından çalışan digər şəxslər, Biznes tərəfdaşlarımız və işbirliyində olduğumuz digər şəxslər tərəfindən həmin öhdəliklərimizə əməl edilməsindən əmin olmağı gözləyirik.
- Biz işçilərimizdən bizim və ya Biznes tərəfdaşlarımızın əməliyyatlarında istənilən insan hüquqlarının pozulması halları barədə səlahiyyətli dövlət orqanlarına məlumat verilməsini gözləyirik.
- Biz insan alverinin insan hüquqlarının kobud pozulması olduğunu və cinsi (seksual) xarakterli xidmətlərin əldə edilməsinin qeyri-qanuni ola biləcəyini, həmçinin insan alverinə dəstək verə və təhlükəsizlik riskləri yarada biləcəyini qəbul edirik. Odur ki, biz cinsi xarakterli xidmətlərin istənilən kommersiyalaşdırılmasını qəbul etmirik.
- Biz korrupsiyanın xüsusi forması olan cinsi xarakterli əlaqələri hədə-qorxu ilə tələb etmə (şantaj) əməllərini qadağan edirik.
- Biz hörmət, qayğı, ədalət, bərabərlik, müxtəliflik, həmçinin ayrı-seçkiliyə yol verilmədən və inklüzivliyin təşviqinə əsaslanan korporativ mədəniyyətin qorunub saxlanılmasına çalışır və əməkdaşlarımızdan yalnız bir-biri ilə deyil, eyni zamanda üçüncü tərəflərlə (kənar şəxs və qurumlarla) münasibətdə də müvafiq davranmalarını gözləyirik.
- Biz fərdlərarası müxtəliflikdən və ya şəxsi xüsusiyyətlərdən asılı olmayaraq insanlara hörmət edildiyi bir iş mühiti yaratmağı hədəfləyirik.
- Biz işçilərimizin kollektiv danışıqların aparılması məqsədilə həmkarlar ittifaqı tərəfindən təmsil olunub-olunmamasını seçmək hüquqlarına hörmət edir, onların bu cür seçiminə əsaslanan hər hansı ayrı-seçkiliyi qadağan edirik. Biz işçilərimizin qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək hüququna hörmət edirik.
- Biz hər kəsə ədalət, hörmət və ləyaqətlə rəftar etmək prinsipi əsasında yanaşılmasına inanırıq. Biz bərabər imkanlar yaradan və layiqli iş şəraiti təqdim edən işəgötürən olmağa çalışır və obyektiv meyarlar əsasında müəyyən edilən kateqoriyalar çərçivəsində əməyin bərabər ödənilməsi prinsipinə sadiqik. Biz həmkarlara və başqa insanlara, o cümlədən SOCAR-ın işçisi vəzifəsinə namizəd olan şəxslərə qarşı ayrı-seçkiliyə dözümsüz yanaşırıq.
- Biz insanların vətəndaşlığına, irqinə, cinsinə, yaşına, əlilliyinə, qulluq mövqeyinə, cinsi oriyentasiyasına, dini və siyasi baxışlarına, əqidəsinə, milli və ya etnik mənşəyinə, dilinə, ictimai-sosial mənşəyinə, yaşayış yerinə, ailə vəziyyətinə, o cümlədən nigah və yaxud valideynlik statusuna və ya bərabərliyin pozulması ilə nəticələnən hər hansı digər əlamətlərə əsaslanaraq qeyri-ədalətli və ya qərəzli münasibətin sərgilənməsini özündə ehtiva edən ayrı-seçkiliyin bütün növlərini qadağan edirik. Biz həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılmasına imkan vermirik.
- Biz fəaliyyət göstərdiyimiz ərazilərdə işçilərə həm yaşayış minimum məbləğindən, həm də qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından az olmayan məvacibin ödənilməsində, habelə onlara layiqli istirahət vaxtının təmin olunmasında israrlıyıq. İş günü və iş həftəsi ərzində işçilərin maksimal iş saatlarının müəyyən edilməsi, istismarın yolverilməzliyi, işçilərin iş vaxtından artıq işlənilməsi təcrübəsindən yalnız zəruri hallarda və ədalətli kompensasiya müqabilində istifadə olunması, işçilərin məzuniyyət hüquqlarının, habelə illik ödənişli məzuniyyət zamanı işçilərə ədalətli ödənişin təmin olunması istiqamətində tətbiq olunan əmək qanunvericiliyinə əsasən bütün zəruri tədbirlər görürük. Biz əməyin ödənilməsində ayrı seçkiliyə yol verilməməsinə xüsusilə kişi və qadın işçiləri arasında ayrı-seçkiliyə əsaslanan fərqlərin olmamasına çalışırıq. Əmək münasibətlərinin tənzimlənməsi hallarında, xüsusilə struktur dəyişiklikləri zamanı həmkarlar təşkilatları ilə məsləhətləşmələrin aparılması, bu prosesdən təsirlənən əməkdaşlara yeni iş imkanlarının axtarışı üçün kifayət qədər öncədən xəbərdarlığın verilməsi tətbiq olunan qanunvericiliklə üzərimizə qoyulan öhdəliklər sırasındadır və biz onları lazımi qaydada və tam həcmdə yerinə yetirməklə yanaşı eyni yanaşmanı bütün işçilərimizdən və əməliyyatlarımıza cəlb olunan digər şəxslərdən, o cümlədən biznes tərəfdaşlarımız, üçüncü tərəf xidmət təminatçılarımız və onların nümayəndələrindən gözləyirik.
- Biz bütün təqib və zorakılıq formalarına, o cümlədən cinsi qısnama və məsxərəyə qoyma hallarına və onların tutduğu vəzifədən asılı olmayaraq hər hansı işçidən və ya qeyri-işçi olan şəxslərdən irəli gəlməsindən, habelə tutduğu vəzifədən asılı olmayaraq hər hansı işçiyə və ya qeyri-işçi olan şəxslərə münasibətdə tətbiq olunmasından asılı olmayaraq dözümsüz yanaşırıq.
- Biz insan hüquqları ilə bağlı öhdəliklərimizi insan hüquqlarına dair, habelə qısnama, ayrı-seçkilik və bərabər imkanlara dair və bərabərlik, müxtəliflik və inkluzivliyə dair Biznes Etikası və Davranış Kodeksimizin xüsusi bölmələrində əks etdirmişik.
- Biz işçilərimizi, Üçüncü tərəf xidmət təminatçılarımızı, Biznes tərəfdaşlarımızı, icma nümayəndələrini və digər maraqlı tərəfləri Biznes Etikası və Davranış Kodeksimizin tələblərinin pozulması halları barədə SOCAR-ın Etika və Uyğunluq məsələləri üzrə Yardım Xəttinə məlumat verməyə çağırırıq.