Giriş
SOCAR bioloji müxtəlifliyin qorunması və iqlim dəyişikliyinə mənfi təsirlərin azaldılmasını vacib hesab edir. Regionda aparıcı enerji şirkəti olaraq, bioloji müxtəlifliyin qorunmasının əməliyyatlarımıza, layihələrimizə və qərar qəbuletmə proseslərimizə daimi inteqrasiya edilməsini fəaliyyətimizin bioloji müxtəlifliyə təsirinin minimuma endirmək üçün qarşımıza hədəf kimi qoymuşuq.
Bu Bəyanat SOCAR-ın 5 iyul 2024-cü il tarixli 14-2/3-1İ-116/2024 nömrəli əmri ilə təsdiq edilmiş SOCAR-ın Ətraf mühitin mühafizəsi üzrə hədəflərinə dair Bəyanat sənədinə əsasən tərtib edilmişdir.
Bəyanat SOCAR-ın korporativ strukturuna daxil olan bütün qurumlara şamil olunur. SOCAR bəyanatda nəzərdə tutulan tədbirlərin öz tərəfdaşları, o cümlədən təchizatçıları və podratçıları tərəfindən də dəstəklənəcəyinə və onlara riayət olunacağına inanır.
Öhdəliklərimiz:
- bioloji müxtəlifliyin qorunması tədbirlərinin və davamlı inkişafla bağlı fəaliyyətimizin müvafiq yerli qanunvericiliyə, o cümlədən beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğunluğunu təmin etmək;
- əməliyyatlarımızla bağlı bioloji müxtəliflik risklərinin vaxtında qiymətləndirilməsinin aparılması və effektiv idarə olunmasının təmin edilməsi ilə yanaşı, bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması və qarşısının alınması üçün tədbirlər görmək;
- dövlət qurumları, yerli və beynəlxalq tərəfdaşlar, qeyri-hökumət təşkilatları, yerli icmalarla və bioloji müxtəlifliyin qorunması üzrə podratçılarımız və təchizatçılarımız da daxil olmaqla digər maraqlı tərəflərlə dialoqu təşviq etmək üçün əlaqələrimizi genişləndirmək;
- bioloji müxtəlifliyin qorunması məsələlərinin əməliyyat planlarımıza, layihələrimizə və öhdəliklərimizə inteqrasiyasını təmin etmək;
- zəngin bioloji müxtəlifliyə malik və ya Qırmızı Kitabda qeyd olunan flora və faunanın həssas, nəsli kəsilməkdə, təhlükə altında olan növlərin məskunlaşdığı ərazilərdə (quruda və dənizdə) əməliyyatlar həyata keçirməmək.
Tədbirlər:
- yeni layihələrdə bioloji müxtəlifliklə əlaqədar riskləri müəyyən etmək və müvafiq olaraq idarə etmək üçün bioloji müxtəlifliyin ilkin vəziyyətinin öyrənilməsi və təsirlərin qiymətləndirilməsinin aparılması;
- bioloji müxtəlifliyin qorunmasının gücləndirilməsi üçün əməliyyat sahələrimiz və layihələrimiz üzrə bioloji müxtəlifliyin idarə edilməsi planlarının hazırlanması və həyata keçirilməsi;
- təbii resurslar və xammalın davamlı idarə edilməsi prinsiplərinə əsaslanaraq, əməliyyatlar nəticəsində ətraf mühitə təsirlərin, torpaqdan istifadənin ənənəvi formalarına və yaşayış tərzinə müdaxilələrin minimuma endirilməsi, təsirə məruz qalmış torpaqların rekultivasiya edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;
- bioloji müxtəlifliyə təsirlərin davamlı monitorinqini və qiymətləndirilməsini həyata keçirmək və bioloji müxtəlifliyin qorunmasına töhfələrimizi artırmaq üçün tədbirlər həyata keçirmək;
- bioloji müxtəlifliyin qorunması və idarə edilməsi ilə bağlı maarifləndirmənin artırılması məqsədilə əməkdaşlarımız, podratçılar və digər tərəfdaşlarımız üçün bacarıqların artırılması istiqamətində müxtəlif təlim proqramlarının təmin edilməsi;
- bioloji müxtəlifliyin davamlılığını təmin etmək üçün yaşayış mühitinin bərpası təşəbbüslərinin həyata keçirilməsi;
- yeni fəaliyyətlərin həyata keçirildiyi ərazilərdə meşə itkisinə yol verilməməsi hədəfinə çatmaq üçün meşə örtüyünün qorunması, meşə qırılmasının qarşısının alınması və onların bərpasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi;
- ətraf mühitə təsirin azaldılması, ekosistemlərin sağlamlığının dəstəklənməsi, karbon emissiyalarının azaldılması və ekoloji tarazlığın qorunması məqsədlərinə xidmət edən yaşıllaşdırma tədbirlərinin və yeni yaşıllıq ərazilərinin yaradılması;
- bioloji müxtəlifliyə edilən qarşısıalınmaz təsirlərin minimuma endirilməsi üçün yumşaltma tədbirlərinin həyata keçirilməsi;
- bioloji müxtəlifliyə dair SOCAR-ın göstəriciləri və hədəfləri də daxil olmaqla, bioloji müxtəlifliyin qorunması ilə bağlı fəaliyyəti izləmək üçün effektiv monitorinq və hesabatlılıq mexanizmlərinin yaradılması, həmçinin fəaliyyət haqqında şəffaf illik hesabatlılığın təmin edilməsi.