Xəbərlər arxivi

23 Fevral 2022

SOCAR-da Dünya İqtisadi Forumunun prezidenti ilə görüş keçirilib

+

Fevralın 23-də SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə SOCAR və Dünya İqtisadi Forumu arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, Bakıda fəaliyyətə başlamış Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzi ilə təcrübə mübadiləsi və tərəfdaşlıq imkanları müzakirə edilmişdir.

Rövşən Nəcəf qeyd etmişdir ki, SOCAR Dünya İqtisadi Forumunun uzunmüddətli tərəfdaşıdır, əməkdaşlığın davam etdirilməsində, Forumun gələcək tədbirlərində iştirak etməkdə maraqlıdır. SOCAR-ın iki müəssisəsi- “Petkim” və “STAR” neft emalı zavodu Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” şəbəkəsinin ən çox rəqəmsallaşmış müəssisələri arasında yer almağa nail olmuşdur. Rəqəmsallaşma SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit olunmuşdur. Bu baxımdan Azərbaycanda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin fəaliyyətə başlaması Forumla SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açır.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Bakıda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin açılmasından məmnunluğunu bildirmiş, Mərkəzin yaradılmasının iki il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə razılaşdırıldığını vurğulamışdır. Bakıdakı Mərkəzdə süni zəka, rəqəmsal ticarət və s. sahələrdə araşdırmaların aparılacağını söyləyən Borge Brende bu istiqamətlər üzrə Forumun dəyərli tərəfdaşlarından olan SOCAR-la yeni əməkdaşlıq imkanlarının yarandığını ifadə etmişdir. O, eyni zamanda enerji təchizatının dünya ölkələrinin gündəmində əsas məsələlərdən biri olduğunu xatırladaraq, bərpa olunan enerjinin inkişafı və digər enerji layihələri çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiklərini vurğulamışdır.

Görüşdə SOCAR-ın neft-qaz sənayesində zəngin təcrübə və ənənələrə, insan kapitalına malik olması qeyd edilmiş, mövcud resurslardan Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin fəaliyyətində istifadə imkanlarına dair fikir mübadiləsi aparılmışdır.

10 Fevral 2022

SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olundu

+

Fevralın 10-da SOCAR TOWER-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti və həmin Sərəncama əsasən SOCAR prezidenti səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək Rövşən Nəcəf kollektivə təqdim olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevi və yeni təyin olunmuş birinci vitse-prezident Rövşən Nəcəfi təyinatları münasibəti ilə təbrik etmişdir. M.Cabbarov Prezident İlham Əliyevin Sərəncamına əsasən Rövşən Nəcəfin həm də SOCAR prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcəyini qeyd etmişdir.

Müşahidə Şurasının sədri 16 ildən artıq SOCAR-a rəhbərlik etmiş Rövnəq Abdullayevin Azərbaycan neft-qaz sənayesinin inkişafına verdiyi töhfələrindən söz açaraq bildirmişdir ki, bu müddət ərzində o, daim Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının icrası və Prezident İlham Əliyevin enerji siyasətinin yerinə yetirilməsi, SOCAR-ın yerli səviyyəli neft-qaz şirkətindən qlobal səviyyəli enerji şirkətinə çevrilməsi üçün çalışmışdır. M.Cabbarov SOCAR-ın Azərbaycan iqtisadiyyatı üçün əvəzedilməz rolunu vurğulayaraq, şirkətin artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu söyləmişdir. Ötən il şirkətin diaqnostikası aparılmış, 2035-ci ilədək korporativ strategiyası qəbul edilmişdir. Yeni inkişaf mərhələsində cənab Prezidentin enerji keçidi, dünya iqtisadiyyatının sürətli transformasiyası fonunda verdiyi tövsiyə və tapşırıqlar, SOCAR-ın orta və uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması əsas götürüləcək.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev göstərilən etimada görə ölkə başçısına minnətdarlığını bildirmiş, neft sənayesində çalışdığı 33 il ərzində dövlətə və Prezidentin siyasətinə bağlı olduğunu, gələcək fəaliyyətində də bu prinsiplərə sadiq qalacağını, yeni vəzifəsində var gücü ilə çalışacağını demişdir. R.Abdullayev Rövşən Nəcəfi təbrik etmiş, onun rəhbərliyi altında SOCAR-ın daha böyük nailiyyətlərə imza atacağına əmin olduğunu vurğulamışdır.

Sonda çıxış edən Rövşən Nəcəf göstərilən etimada görə dövlətimizin başçısı İlham Əliyev cənablarına minnətdarlıq etmiş, SOCAR-ın Azərbaycan iqtisadiyyatının flaqmanı, qlobal miqyaslı bir şirkət kimi öz mövqeyini qüvvətləndirməsi üçün var gücü ilə çalışacağını bildirmişdir. SOCAR-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil aldığını və bir müddət bu şirkətdə çalışdığını bildirən R.Nəcəf, SOCAR-ın ona doğma şirkət olduğunu, şirkətin rəhbər heyəti və çoxminli kollektivi ilə birlikdə qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə inandığını ifadə etmişdir.

Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Bakı şəhərində anadan olub. O, 2001-ci ildə İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində ''İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti'' üzrə magistr proqramını tamamlayıb. Rövşən Nəcəf 2008-2009-cu illərdə SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub. 2010-2018-ci illər ərzində ''Azərbaycan İnvestisiya Şirkəti'' ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb. 2018-ci ilin mayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib. 2019-cu il avqustun 28-də Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib. 2020-ci il fevralın 11-də iqtisadiyyat nazirinin müavini, 2021-ci il dekabrın 24-də isə iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. Rövşən Nəcəf, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü, ''AzerGold'' QSC-nin Müşahidə Şurasının sədridir.