Xəbərlər arxivi

17 Yanvar 2022

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələri imzalamışdır

+

Yanvarın 17-də SOCAR-ın baş ofisində, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) və “Axens” şirkəti arasında NEZ-in yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələrinin imzalanma mərasimi keçirilib. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac və digər rəhbər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası uğurla davam edir. Layihə çərçivəsində zavodda bir sıra yeni qurğular layihələndiriilir və inşa olunur. Bununla əlaqədar, həmin qurğular üzrə lisenziyaların alınması və layihələndirmə xidmətlərinin həyata keçirilməsi məqsədilə əsaslı işlərə başlanılıb. Katalitik krekinq qurğusu üzrə aparılmış araşdırma və müfəssəl qiymətləndirmələrə əsasən, lisenziar olaraq “Axens” şirkəti seçilib. Bu gün imzalanan müqavilələrə əsasən, qısa müddət ərzində qurğu üzrə Texnoloji Layihələndirmə Paketinin hazırlanmasına başlanılacaqdır. Bununla əlaqədar, “Axens” şirkətinin rəhbərliyini təbrik edir və işlərin icrasında tərəfdaşlarımıza müvəffəqiyyətlər arzulayıram.”

“Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac cavab nitqində bildirmişdir: “SOCAR ilə əməkdaşlığımızın genişlənməsi bizi məmnun edir. Bu çərçivədə yeni qurğunun inşası üçün lisenziar olaraq seçilməyimiz şirkətimizə göstərilən böyük etimaddır və bu etimada görə SOCAR rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Layihələndirmə işlərinin qısa müddət ərzində yüksək keyfiyyətlə tamamlanması üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, yeni Katalilik Krekinq qurğusu inşa edildikdən sonra NEZ-in fəaliyyəti daha dayanıqlı və səmərəli olacaqdır.”

Sonda tərəflərin iştirakı ilə imzalanma mərasimi keçirilib. Sənədi SOCAR-ın Heydər Əliyev adına NEZ-in direktoru Bəxtiyar Məmmədov və “Axens” şirkətinin texnoloji lisenziyaların qobal satışı üzrə kommersiya direktoru Fabien Lundy imzalayıblar.

Qeyd edək ki, SOCAR və “Axens” şirkətlərini uzunmüddətli əməkdaşlıq əlaqələri bağlayır. Hazırda, Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi çərçivəsində Dizel Hidrotəmizlənmə, Benzin Hidrotəmizlənmə və C4 (butan-butilen) fraksiyasının hidrogenləşmə qurğuları, habelə “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri çərçivəsində C3 (propan-propilen) fraksıyasının hidrogenləşmə qurğusu və Türkiyədə inşa edilmiş “STAR” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilib.

Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası üzrə layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə, o cümlədən lisenziyalı texnoloji qurğuların istismarına töhfə vermək məqsədilə, SOCAR və “Axens” arasındakı əməkdaşlıq çərçivəsində mühəndislər “Axens” şirkətində təşkil olunan təlimlərdə iştirak edirlər. Bu təlimlər enerji səmərəliliyi və dayanıqlığının təmin edilməsi sahəsində mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bir müddət öncə “SOCAR Türkiyə”nin AR-GE Tədiqat Mərkəzi ilə “Axens” arasında təqiqat sahəsində əməkdaşlıq imkanlarının və ortaq maraq dairələrinin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb.

17 Yanvar 2022

SOCAR-ın yeni Baş geoloqu təqdim olunub

+

SOCAR-ın yeni təyin olunmuş Baş geoloqu Arzu Sahib qızı Cavadova şirkətin Baş ofisinin kollektivinə təqdim edilib. Arzu Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olmuş, 1994-1995-ci illlərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak etmişdir.

1996-cı ildə ARDNŞ-nin Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən ARDNŞ-nin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışmışdır. 1999-cu ildən 2007-ci ilədək ABŞ-nın Frontera Resourses şirkətində baş geoloq, Salyan Oil Şirkətində işlənmə üzrə geoloq, Delta Hess (ACG) Ltd. şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində çalşmışdır. 2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis və baş geoloq, 2019-cu ildən geoloq vəzifəsində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Arzu Cavadova “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Neftçi geoloqlar Cəmiyyətinin sədridir.

Arzu Cavadova geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.