Xəbərlər arxivi

19 Yanvar 2022

SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri

+

2021-ci ildə vaksinasiya proseslərinin sürətlənməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da iqtisadi aktivliyi yüksəltmiş, müxtəlif sahələrdə canlanma yaratmışdır. Neft sektorunda enerji resurslarına tələbatla paralel olaraq neftin-qazın qiymətləri də əhəmiyyətli dərəcədə artmışdır. Qlobal miqyaslı müsbət trendlərdən yararlanan SOCAR xərclərin optimallaşdırılması və istehsalatda səmərəliliyin yüksəldilməsi məqsədi ilə görülmüş tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail olmuşdur. Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapıb.

2021-ci ildə SOCAR üzrə 62 min metrə1 yaxın qazma işləri həyata keçirilib ki, bu da 2020-ci ilin nəticələri ilə müqayisədə 10,3% çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,9 milyon ton2 neft, 7,9 milyard kubmetr3 qaz hasil olunub. Neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 %, qaz hasilatı isə 7 % çoxdur. Ölkə üzrə ümumi neft və qaz hasilatında da artım tendensiyası davam etdirilib. Bu, özünü qaz hasilatında xüsusilə qabarıq göstərib. 2020-ci illə müqayisədə qaz hasilatı 18,1% artaraq, 43,9 milyard kubmetrə4 çatıb. İl ərzində Azərbaycanda 34,6 milyon ton5 xam neft hasil edilib. Neft hasilatında cüzi artım əsasən OPEC+ razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlıdır.

2021-ci il ərzində SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təqribən 1% artaraq 18,1 milyon ton6 təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payları da aiddir. Təbii qazının ixracatı isə 40% artaraq 18,8 milyard kubmetrə8 çatıb.

Ötən il ölkəmizdə ümumilikdə 13 milyard kubmetrə7 yaxın təbii qaz istehlak olunub. Bu, əvvəlki il ilə müqayisədə 8,4 % çoxdur. 2021-ci il ərzində ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,2 %-dən 96,3 %-ə çatdırılması, habelə karbamid gübrəsinin istehsal həcminin təqribən 3 dəfə yüksəldilməsi istehlak göstəricilərinin artımına təsir göstərən əsas amillərdir. Qeyd edək ki, SOCAR təbii qazdan xammal kimi istifadə edərək, metanol və karbamid gübrəsi istehsal etməklə, onun əlavə dəyərini bir neçə dəfə artırır.

İl ərzində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 6,7 milyon ton9 neft, Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr10 qaz emal edilib. Neft emalında 13,3 %-dən çox artım, qaz emalında isə nisbi azalma baş verib.

2021-ci ilin yekunlarından bəhs edərkən neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 milyon ton həddini11 keçməsi də qeyd olunmalıdır. Bu, 2020-ci illə müqayisədə təxminən 25,5% çoxdur.


Redaktorlar üçün qeyd:

Mətndə qeyd olunan rəqəmlər oxunaqlıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.

1 - 61.644 metr

2 - 7.892.079 ton

3 - 7.857.594.000 kubmetr

4 - 43.862.101.000 kubmetr

5 - 34.575.992 ton

6 - 18.053.563 ton

7 - 12.957.847.000 kubmetr

8 - 18.765.283.000 kubmetr

9 - 6.657.359 ton

10 - 3.762.990.000 kubmetr

11 - 3.023.373 ton

17 Yanvar 2022

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələri imzalamışdır

+

Yanvarın 17-də SOCAR-ın baş ofisində, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) və “Axens” şirkəti arasında NEZ-in yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələrinin imzalanma mərasimi keçirilib. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac və digər rəhbər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası uğurla davam edir. Layihə çərçivəsində zavodda bir sıra yeni qurğular layihələndiriilir və inşa olunur. Bununla əlaqədar, həmin qurğular üzrə lisenziyaların alınması və layihələndirmə xidmətlərinin həyata keçirilməsi məqsədilə əsaslı işlərə başlanılıb. Katalitik krekinq qurğusu üzrə aparılmış araşdırma və müfəssəl qiymətləndirmələrə əsasən, lisenziar olaraq “Axens” şirkəti seçilib. Bu gün imzalanan müqavilələrə əsasən, qısa müddət ərzində qurğu üzrə Texnoloji Layihələndirmə Paketinin hazırlanmasına başlanılacaqdır. Bununla əlaqədar, “Axens” şirkətinin rəhbərliyini təbrik edir və işlərin icrasında tərəfdaşlarımıza müvəffəqiyyətlər arzulayıram.”

“Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac cavab nitqində bildirmişdir: “SOCAR ilə əməkdaşlığımızın genişlənməsi bizi məmnun edir. Bu çərçivədə yeni qurğunun inşası üçün lisenziar olaraq seçilməyimiz şirkətimizə göstərilən böyük etimaddır və bu etimada görə SOCAR rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Layihələndirmə işlərinin qısa müddət ərzində yüksək keyfiyyətlə tamamlanması üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, yeni Katalilik Krekinq qurğusu inşa edildikdən sonra NEZ-in fəaliyyəti daha dayanıqlı və səmərəli olacaqdır.”

Sonda tərəflərin iştirakı ilə imzalanma mərasimi keçirilib. Sənədi SOCAR-ın Heydər Əliyev adına NEZ-in direktoru Bəxtiyar Məmmədov və “Axens” şirkətinin texnoloji lisenziyaların qobal satışı üzrə kommersiya direktoru Fabien Lundy imzalayıblar.

Qeyd edək ki, SOCAR və “Axens” şirkətlərini uzunmüddətli əməkdaşlıq əlaqələri bağlayır. Hazırda, Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi çərçivəsində Dizel Hidrotəmizlənmə, Benzin Hidrotəmizlənmə və C4 (butan-butilen) fraksiyasının hidrogenləşmə qurğuları, habelə “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri çərçivəsində C3 (propan-propilen) fraksıyasının hidrogenləşmə qurğusu və Türkiyədə inşa edilmiş “STAR” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilib.

Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası üzrə layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə, o cümlədən lisenziyalı texnoloji qurğuların istismarına töhfə vermək məqsədilə, SOCAR və “Axens” arasındakı əməkdaşlıq çərçivəsində mühəndislər “Axens” şirkətində təşkil olunan təlimlərdə iştirak edirlər. Bu təlimlər enerji səmərəliliyi və dayanıqlığının təmin edilməsi sahəsində mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bir müddət öncə “SOCAR Türkiyə”nin AR-GE Tədiqat Mərkəzi ilə “Axens” arasında təqiqat sahəsində əməkdaşlıq imkanlarının və ortaq maraq dairələrinin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb.

17 Yanvar 2022

SOCAR-ın yeni Baş geoloqu təqdim olunub

+

SOCAR-ın yeni təyin olunmuş Baş geoloqu Arzu Sahib qızı Cavadova şirkətin Baş ofisinin kollektivinə təqdim edilib. Arzu Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olmuş, 1994-1995-ci illlərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak etmişdir.

1996-cı ildə ARDNŞ-nin Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən ARDNŞ-nin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışmışdır. 1999-cu ildən 2007-ci ilədək ABŞ-nın Frontera Resourses şirkətində baş geoloq, Salyan Oil Şirkətində işlənmə üzrə geoloq, Delta Hess (ACG) Ltd. şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində çalşmışdır. 2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis və baş geoloq, 2019-cu ildən geoloq vəzifəsində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Arzu Cavadova “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Neftçi geoloqlar Cəmiyyətinin sədridir.

Arzu Cavadova geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.