Xəbərlər arxivi

20 Oktyabr 2021

SOCAR-da Baker Hughes şirkətinin rəqamsal həllər sahəsi üzrə rəhbərləri ilə görüş keçirilmişdir

+

Oktyabrın 20-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev neft və qaz sənayesində texnoloji xidmətlər sahəsində dünya liderlərindən olan Baker Hughes şirkətinin rəqəmsal həllər (Digital Solutions) üzrə prezidenti və içraçı direktoru Rami Qasemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 2019-cu ildə tərəflər arasında keçirilmiş müzakirələrdə toxunulan məsələlər üzrə ötən müddətdə görülmüş işlərdən danışılmış, SOCAR-da rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə Şirkətin 2035-ci ilə qədər Korporativ Strateqiyasına uyğun atılacaq növbəti addımlar haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin SOCAR-ın mövcud investisiyalarına əsaslanan icra strategiyasının əsas elementi kimi aktivlərin idarə olunması üzrə həllər sahəsində tərəfdaşlığın perspektivlərinə toxunulmuş, bildirilmişdir ki, iki şirkət arasında rəqəmsal transformasiya, sıfır emissiya və karbon neytrallığı kimi aktual istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Baker Hughes-un nümayəndələri tərəfindən keçirilmiş qısa təqdimatda şirkətin yeni enerji erasına transformasiya üzrə müştərilərinə göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Baker Hughes-un təklif etdiyi yüksək effektli texnologiyların tətbiqi enerji əməliyyatları zamanı tullantıların azaldılmasına, neft-qaz yataqlarında əməliyyatların daha təmiz, təhlükəsiz və səmərəli aparılmasına əlverişli imkanlar yaradır. Eyni zamanda Sənaye 4.0 və qlobal miqyaslı dekarbonizasiya erasında ehtiyac duyulan texnoloji həllərin kompleks şəkildə tətbiqi vasitəsi ilə karbon emissiyası sıfıra endirilir ki, bu da ətraf mühitin mühafizəsinə əhəmiyyətli töhfədir.

Qeyd edək ki, Baker Hughes Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlamışdır. Şirkət SOCAR-la yanaşı, bp, TOTAL, Equinor şirkətləri, eləcə də SOCAR-ın Caspian Drilling Company birgə müəssisəsi ilə əməkdaşlıq edir. Azərbaycanda bu şirkətin 4 məhsul növündən - neft xidmətləri, neft avadanlıqları, turbo maşın və proses həlli, və rəqəmsal həllər məhsullarından istifadə olunur.

Hazırda neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həllər üzrə kompleks fəaliyyət göstərən Baker Hughes müştərilərinə karbohidrogenlərin daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühitə daha çox qayğı göstərməklə nəql olunmasında yardım edir.

20 Oktyabr 2021

SOCAR-ın “Elm Fondu” və “Elmi Tərəqqi Fondu” qrant müsabiqəsi keçirəcək

+

SOCAR-ın “Elm Fondu” və “Elmi Tərəqqi Fondu” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrinə dəstək məqsədi ilə qrant müsabiqələrini elan edir. SOCAR-ın “Elm Fondu” tərəfindən AMEA-da neft, qaz və kimya sənayəsi ilə bağlı aktual problemlərin tədqiqi ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, eləcə də onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə 2021-ci il üçün qrant müsabiqəsi elan olunub. “Elm Fondu”nun qrant müsabiqəsinin şərtləri ilə bu keçiddən tanış ola bilərsiniz.

SOCAR-ın “Elmi Tərəqqi Fondu” təbiət və texnika elmləri sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, Milli Aviasiya Akademiyasında (MAA) çalışan və ya MAA ilə əməkdaşlıq edən elmi tədqiqat və tədris müəssisələrində fəaliyyət göstərən alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə 2021-ci il üçün müsabiqə elan edib. Müsabiqənin şərtləri ilə bu keçiddən tanış ola bilərsiniz.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə neftvermə əmsalının sabit saxlanılması və artırılması istiqamətində həyata keçirilən elmi araşdırmaları yüksək qiymətləndirmiş və demişdir: “Uzun müddət istismar edilən yatqlarda neftvermə əmsalının 5-10 faiz artırılması yeni yataqların kəşf edilməsi qədər əhəmiyyətlidir. Bunun üçün müasir elmi nailiyyətlərin həm dənizdə, həm də quruda olan neft yataqlarına tətbiqi vacibdir. Fikrimcə, müasir texnologiyaların tətbiqi məqsədi ilə reallaşdırılan elmi araşdırmalar uzun müddət istismar edilmiş neft yataqlarının hələ uzun illər istismarına yardımçı ola bilər”.

SOCAR-la Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Milli Aviasiya Akademiyası (AMAA) arasında bağlanmış Memorandumlar əsasında müvafiq olaraq yaradılmış “SOCAR-ın Elm Fondu” və “SOCAR-ın Elmi Tərəqqi Fondu” ölkədə təbiət və texniki elmlər sahəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini, neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları daha da inkişaf etdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə fəaliyyət göstərir.