Xəbərlər arxivi

22 Iyul 2021

SOCAR-ın işdən azad olunan və təqaüdə göndərilən rəhbər vəzifəli şəxsləri ilə görüş keçirilib

+

İyulun 22-də SOCAR-ın Baş ofisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş və təqaüdə göndərilən şirkətin vitse-prezidentləri ilə görüş keçirilmişdir. SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək demişdir: “Sizinlə birgə keçdiyimiz bu çətin və şərəfli yol Azərbaycanın iqtisadi inkişafı və yüksəlişi dövrünə təsadüf etmişdir. Son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bizim hər birimizə böyük etimad göstərərək qarşımıza yüksək hədəflər qoymuşdur. Cənab Prezidentimizin rəhbərliyi altında həmin hədəflərə çata bilmişik. Şirkətimizin və ölkəmizin böyük inkişafında iştirak etmək imkanını bizə verdiyinə görə cənab Prezidentə minnətdar olmalıyıq.”

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar da çıxış etmiş, onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş, bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını, dövlətimizin və dövlətçiliyin güclənməsi istiqamətində var güclərini sərf edəcəklərini qeyd etmişlər.

Sonda B. Hüseynova, D. Məmmədova, M. İsmayılova və T. Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilmiş və xatirə şəkli çəkdirilmişdir.

16 Iyul 2021

2021-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri

+

Covid-19 vaksinasiya prosesinin kütləvi hal alması nəticəsində dünyada neftə olan tələbatın yüksəlməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına qoyulan tələblərin yumşaldılması SOCAR-ın hasilat göstəricilərinin stabilləşməsinə və yüksəlməsinə səbəb olub. 2021-ci ilin ikinci rübündə şirkətin birbaşa istismar etdiyi yataqlarda 2 milyon tona1 yaxın neft, 2 milyard kubmetrə2 yaxın qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft və qaz hasilatında 7% artım deməkdir. Ölkə üzrə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətdə artaraq, 10 milyard kubmetrə3 yaxınlaşmış, neft hasilatı isə azalaraq, 8,4 milyon ton4 təşkil etmişdir.

SOCAR-da aparılmış optimallaşdırma tədbirləri çərçivəsində rüb ərzində qazma əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14 min metrə qədər5 azaldılıb.

İkinci rübdə SOCAR 1,8 milyon tondan6 artıq neft emal edib ki, bu da ötən ildəki göstəricidən 24% çoxdur. Eyni zamanda şirkətin qaz emalı zavodunda rüb ərzində 819 milyon kubmetr7 təbii qaz emal olunub.

Hesabat dövründə SOCAR xarici bazarlara 4,2 milyon ton8 xam neft ixrac edib. Bu həcm şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ölkədən qaz ixracı ümumilikdə 3,5 milyard kubmetr9 həcmindən artıq olub. Bu isə ötən ilin müvafiq dövründəkindən 17% çoxdur. Neft emalı və neft-kimya məhsullarının ixracı aprel-iyun aylarında təqribən 755 min ton10 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım deməkdir.

Cari ilin ikinci rübündə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi 2,2 milyard kubmetrə11 yaxın olmuşdur.

Qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.

1-1.988.147 ton

2- 1.954.781.093 kubmetr

3- 9.953.383.000 kubmetr

4 - 8.420.842 ton

5- 14.043 metr

6- 1.815.190 ton

7- 819.046.000 kubmetr

8 - 4.196.877 ton

9 - 3.511.183.000 kubmetr

10- 755.713 ton

11 - 2.157.463.036 kubmetr

15 Iyul 2021

SOCAR və Technip Energies şirkətləri dəniz yataqlarında dayanıqlı enerjinin inkişafına dair əməkdaşlıq sazişi imzalayıblar

+

İyulun 15-də SOCAR Tower-də SOCAR və Technip Energies şirkətləri arasında “Upstream Sektorunda Davamlı İstehsal üçün Əməkdaşlıq Sazişi” imzalanmışdır. Saziş çərçivəsində dənizdə aparılan neft və qazçıxarma əməliyyatlarında enerji effektivliyinin artırılması, ümumi sahibkar xərclərinə qənaət, eləcə də karbon emissiyasının azaldılması istiqamətində dayanıqlı inkişaf imkanları araşdırılacaq. Sazişə əsasən, əlavə öhdəlik yaratmadan, dənizdə üzən külək elektrik stansiyasının tikilməsi və onun vasitəsi ilə neft-qazçıxarma əməliyyatlarının enerji ilə təchiz olunmasını nəzərdə tutan pilot layihənin ortaq şəkildə icrası imkanları da dəyərləndiriləcək.

Hazırda Xəzər dənizində həyata keçirilən neft və qazçıxarma əməliyyatlarında əsasən təbii qazdan istehsal olunan elektrik enerji istifadə olunur. Texniki-iqtisadi dəyərləndirmə və pilot layihənin əsas məqsədlərindən biri Azərbaycanın neft-qaz sənayesinin alternativ enerji ilə təminat perspektivlərini müəyyən etmək, təbii qaz sərfini azaltmaq və ixrac həcmlərini artırmaqdır.

Saziş SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Technip Italy S.p.A. şirkəti İdarə Heyətinin sədri Marco Villa tərəfindən imzalanmışdır. İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti demişdir: “Enerji effektivliyinin artırılması bir çox enerji şirkətlərinin diqqət mərkəzindədir və SOCAR-ın strateji planlarında mühüm yer tutur. Texnologiyaların inkişaf trendlərinə uyğun olaraq, biz də artıq bu sahəyə qədəm qoyuruq. Məqsədimiz xərclərini azaltmaqla enerji effektivliyini artırmaq, SOCAR-da əməliyyatların dayanıqlığını təmin etməkdir.

Technip Energies dayanıqlı enerji sahəsində dəyərli təcrübə qazanmış bir şirkətdir. Biz indiyə qədər digər sahələrdə səmərəli əməkdaşlıq etmişik. Bu cəhətdən Technip İtaliya şirkətinin “Azərikimya” İstehsalat Birliyində neft-kimya kompleksinin modernizasiya layihəsində uğurlu fəaliyyətini xüsusi qeyd etmək olar. Ölkəmizdə yaşıl kimya, rəqəmsallaşma və dayanıqlı enerji inkişafı kimi nisbətən yeni sahələrə maraq göstərən tərəfdaş şirkət, əminəm ki, bu sahələrdə də müvəffəqiyyət qazana bilər.”

Technip Energies şirkətinin əməliyyatlar üzrə baş direktoru Marco Villa demişdir: “Yeni enerji mənbələrini inkişaf etdirməklə özünün dayanıqlı inkişaf məqsədlərinə sadiq olan SOCAR uzunmüddətli tərəfdaşımızdır və biz bu əməkdaşlıq ilə fəxr edirik. Əminəm ki, yeni sahədə əməkdaşlığımız aşağı karbonlu cəmiyyət hədəfinə daha tez nail olmağımıza xidmət edəcək.”

Xatırladaq ki, Technip şirkəti 2016-cı ildə SOCAR-ın “Azərikimya” İB-nin modernizasiya layihəsi çərçivəsində başladığı fəaliyyətini bu il uğurla tamamlamışdır. 60 ildən çox təcrübəsi olan Technip Energies şirkəti dünyanın 34 ölkəsində fəaliyyət göstərir. Şirkətin ümumilikdə 15 min əməkdaşı var. Şirkət LNG (mayeləşdirilmiş qaz), hidrogen istehsalı, dayanıqlı (yaşıl) kimya, bioyanacaq, dekarbonizasiya və digər sahələrdə mühəndislik və tikinti xidmətlərini həyata keçirir.

14 Iyul 2021

SOCAR-da “Yüksəliş” müsabiqəsində qalib olmuş əməkdaşlarla görüş keçirilib

+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsinə ötən həftə yekun vurulub. SOCAR-ın “Caspian Innovation Center” (CIC) şirkətinin Əməliyyatların idarə olunması departamentinin rəhbəri Orxan Quliyev 1-ci, SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini Ziya Mürsəlzadə 2-ci yerə layiq görülüb. SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) keyfiyyətin təminatı şöbəsinin rəisi Güldənə Hidayətli isə müsabiqənin qalibləri arasında 19-cu olub.

İyulun 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Yüksəliş” müsabiqəsində qalib gəlmiş şirkət əməkdaşları ilə görüşərək, yüksək nəticə göstərmələri və mükafata layiq görülmələri münasibətilə onları təbrik etmiş, gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışdır. Şirkətin prezidenti demişdir: “Sizin bu nailiyyətiniz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin illər əvvəl bəyan etdiyi “Neft kapitalının insan kapitalına çevrilməsi” şüarının reallaşdırılmasının təcəssümüdür. Son illərdə yüzlərlə istedadlı gənc SOCAR-ın təqaüdü ilə dünyanın aparıcı universitetlərində təhsil alıb. Bakı Ali Neft Məktəbimizi uğurla bitirən məzunlarımızın xoş sorağını alırıq. Sevindirici haldır ki, siz də şirkətimizdə həyata keçirilən təqaüd proqramlarının və Neft Məktəbimizin məzunlarındansınız. Xaricdə təhsil alıb, daha sonra SOCAR-ın strukturunda təcrübə toplayaraq, rəhbərlik keyfiyyətərinizi təkmilləşdirmisiniz. “Yüksəliş” müsabiqəsi çərçivəsində yüksək səviyyəli rəhbər kadrların müəyyən edilməsi Sizin kimi istedadlı gənclərimizin karyera inkişafına güclü təkan verir və bu, ölkəmizin iqtisadi yüksəlişi üçün olduqca əhəmiyyətlidir.”

“Yüksəliş” müsabiqəsinin qalibi Orxan Quliyev bu uğurun əldə olunmasında SOCAR-da qazandığı beynəlxalq səviyyəli təcrübənin rolundan söz açmış, dünyanın aparıcı məsləhətçi şirkətləri ilə birgə keçirilmiş strateji əhəmiyyətli layihələrdə çalışdığını xatırlayaraq, “SOCAR bir məktəbdir. Əldə etdiyimiz uğurun təməlində burada qazandığımız təcrübə və səriştələr dayanır,”- demişdir. Müsabiqənin digər qalibləri də onun fikrini dəstəkləyərək, yüksək səviyyəli mütəxəssis və rəhbər kimi püxtələşmələri üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə etmişlər.

Görüşün sonunda qaliblərə “Azərbaycanın neft tarixi” kitabı hədiyyə edilmiş, onların əmək haqlarının iki misli məbləğində mükafatlandırılması haqqında əmr elan olunmuşdur.

“Yüksəliş” müsabiqəsində 1-ci yerə layiq görülmüş Orxan Quliyev SOCAR-ın Xarici Təqaüd Proqramı (XTP) çərçivəsində Almaniyada Berlin Texniki Universitetində Sənaye mühəndisliyi və idarəetmə üzrə ali təhsil alıb. Proseslərin avtomatlaşdırılması və layihələrin idarə olunması üzrə ixtisaslaşan gənc mütəxəssis 2016-cı ildə əmək fəaliyyətinə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində başlayıb və ERP modullarının tətbiq oluması layihələrində yaxından iştirak edib. 2018-ci ildən etibarən CIC-də layihə rəhbəri kimi çalışıb, layihələrin idarə olunması və “agile” (çevik) yanaşma üzrə peşəkar sertifikatlar (PMP, PMI ACP) qazanıb. Hazırda CIC-nin Əməliyyatların İdarə Olunması Departamentinə rəhbərlik etməklə yanaşı, 2017-ci ildən etibarən BANM-də Proseslərin avtomatlaşdırılması üzrə müəllim kimi də fəaliyyət göstərir.

2-ci yeri tutmuş Ziya Mürsəlzadə SOCAR-ın XTP çərçivəsində 2012-2013-cü illərdə Böyük Britaniyanın Leicester Universitetinin Maliyyə ixtisasını magistr pilləsi üzrə fərqlənmə dərəcəsi ilə bitirib. 2013-cü ildən SOCAR ailəsinin üzvüdür. Hazırda SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi İdarəsində rəis müavini vəzifəsində çalışır. Eyni zamanda, həm BANM-də Biznesin Təşkili və İdarə edilməsi (MBA) ixtisası üzrə və UNEC ISE-də müəllim kimi fəaliyyət göstərir.

Müsabiqədə 19-cu yerə çıxmış Güldənə Hidayətli 2013-2018-ci illərdə BANM/Heriot-Watt Universitetində kimya mühəndisliyi üzrə bakalavr, 2018-2020-ci illərdə BANM-də MBA üzrə magistr pilləsndə təhsil alıb. 2015-ci ildə Halliburton şirkətində təcrübə keçib, 2016-cı ildə Heydər Əliyev adına NEZ-də mühəndis-texnoloq, 2018-2020-ci illərdə BANM-də Keyfiyyətin Təminatı Şöbəsində metodist, böyük metodist vəzifəsində çalışıb. Hazırda həmin şöbənin rəisi vəzifəsində çalışır.

Qeyd edk ki, bir neçə mərhələ üzrə keçirilmiş “Yüksəliş” müsabiqəsində ümumilikdə 11 760 nəfər iştirak edib, final mərhələsinə keçən 112 nəfərdən 9-u SOCAR-ın əməkdaşı, ikisi isə SOCAR-ın strukturunda fəaliyyət göstərən BANM-nin əməkdaşı olub. Müsabiqənin sonunda 27 nəfər qalib seçilib. Onlardan 3-ü SOCAR-ın və Bakı Ali Neft Məktəbinin əməkdaşlarıdır.

10 Iyul 2021

SOCAR-ın MƏLUMATI

+

Son günlərdə bəzi KİV-də Ukraynada “Glusco” yanacaqdoldurma məntəqələrinin SOCAR tərəfindən alınması haqqında yayılan məlumat həqiqəti əks etdirmir.

2 Iyul 2021

SOCAR-da Qazaxıstanın ''Samruk-Kazına” Milli Rifah Fondunun icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

+

İyulun 2-də Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin səhmdarı ''Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyətini SOCAR-ın prezidenti Rövnəq Abdullayev qəbul etmişdir. Nümayəndə heyətinin tərkibində “KazMunayGaz” şirkətinin İdarə Heyətinin sədri Alik Aydarbayev, fondun və şirkətin rəhbər şəxsləri təmsil olunmuşlar.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Qazaxıstanın ”KazMunayGaz” Milli Şirkəti ilə həyata keçirilən birgə layihərlə bağlı məlumat vermiş, geniş əməkdaşlıq perspektivlərindən, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan və Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsündə (CEPI) birgə fəaliyyətdən bəhs etmişdir. O qeyd etmişdir ki, əməkdaşlığı daha da genişləndirmək, o cümlədən neft-qaz layihələrində birgə işləmək üçün böyük perspektivlər mövcuddur. Əlverişli imkanlardan biri kimi Azərbaycanın boru kəmərlərindən və digər infrastrukturlarından istifadə etməklə qazax neftinin dünya bazarlarına çıxarılması qeyd olunmuşdur. Görüşdə həmçinin SOCAR-ın CDC şirkətinin öz bazasında “KazMunayQaz” şirkətinə məxsus “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçdiyi və qurğunun yaxın günlərdə Dayazsulu Abşeron layihəsi çərçivəsində qazma işlərinə başlayacağı da qeyd edilmişdir.

''Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyev Qazaxıstanın birgə biznes layihələrinin potensialından söz açmış, son dövrdə əməkdaşlığın yüksələn xəttlə inkişaf etdiyini vurğulamışdır. Qazaxıstanın gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlığa maraqlı olduğu qeyd edilmişdir.

SOCAR TOWER ilə tanış olan qonaqlar Neft muzeyində və istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzində olmuşlar.

Qonaqlar ''Kaspian Drilinq Kompani Limited'' MMC-nin müasir dəniz təchizat və logistika bazasını ziyarət etmişlər. SOCAR və bp şirkətlərinin rəhbər heyətlərinin də iştirak etdiyi mərasimdə “Sətti” özüqalxan üzən qazma qurğusunun modifikasiyası və cəlb olunduğu layihə üzrə istismarı barədə iştirakçılara geniş təqdimat keçirilmişdir. Sonra nümayəndə heyəti “Sətti” qurğusunda görülmüş təkmilləşdirmə işləri ilə tanış olmuşdur. Əməliyyat dövründə qurğu üzərində menecmenti CDC şirkəti həyata keçirəcək.

Qeyd edək ki, ”Samruk-Kazına” Milli Rifah Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankı (10%) Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən “KazMunayGaz” Milli Şirkətinin səhmdarlarıdır. “KazMunayGaz” Milli Şirkəti 2002-ci ildə yaradılmış, onun tərkibində 190-dan çox təşkilat birləşmişdir.

1 Iyul 2021

SOCAR 2020-ci il üzrə maliyyə hesabatını açıqladı

+

Şirkət pandemiya dövründə həyata keçirdiyi optimallaşdırma tədbirləri nəticəsində gözlənilən zərərini azaltmağa nail olub Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə SOCAR neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub. Hesabat ilində şirkətin ümumi dövriyyəsi 49,6 milyard manat təşkil edib. Dövriyyənin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib.

2020-ci il, əsasən, apstrim seqmenti, yəni neft və qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə, 1,4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manatlıq mənfəət əldə edib. Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1,6 milyard manat cəmi xalis mənfəətdən çoxdur.

Bununla belə, şirkət fəaliyyət göstərdiyi digər sahələrdə və bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib. Bu itkilərin miqdarı digər seqmentlərdə əldə olunmuş müsbət nəticələri üstələyərək, ümumi nəticədə zərərə səbəb olub. Belə ki, il ərzində SOCAR-ın xalis zərəri 1,7 milyard manat olmuşdur. Bu, şirkətin konsolidə olunmuş maliyyə hesabatlarını təqdim etməyə başladığı 2008-ci ildən 2020-ci il hesabat ilinədək baş vermiş ikinci belə haldır. 2015-ci ildə şirkət hesabat ilini devalvasiya nəticəsində xalis zərərlə, 2008-2019-cu illər arasında bütün başqa illəri isə mənfəətlə başa vurub.

2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64,2 milyard manat, cari aktivlərin dəyəri 18,3 milyard manat, uzunmüddətli aktivlərin dəyəri isə 45,9 milyard manat həcmində qiymətləndirilib, cari öhdəlikləri 20,6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21,6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalı 21,9 milyard manat, nağd pul vəsaitləri 6,2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbəti isə 66% təşkil edib.



Qeyd edək ki, şirkətin 2020-ci ilin dekabrın 31-i tarixinə hazırlanmış maliyyə hesabatları nüfuzlu beynəlxalq audit şirkəti Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy veriləndən sonra ictimaiyyətə təqdim olunur. SOCAR-ın sonuncu maliyyə hesabatına bu keçid üzərindən baxa bilərsiniz.