Xəbərlər arxivi

5 Iyun 2021

SOCAR-ın prezidenti Total şirkətinin baş icraçı direktoru ilə görüşüb

+

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb. Görüşdə SOCAR və “Total” şirkətlərinin həyata keçirdiyi birgə layihələr və mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Total şirkəti Bakı-Tblisi-Ceyhan neft boru kəmərinin səhmdarlarından biridir və Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir. Abşeron Petroleum Birgə Əməliyyat Şirkətinin (JOCAP) səhmləri SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb.

5 Iyun 2021

SOCAR-ın prezidenti Rosneft şirkətinin baş icraçı direktoru ilə görüşüb

+

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşüb. Görüş zamanı SOCAR ilə “Rosneft” arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xatırladaq ki, SOCAR-ın prezidenti işgüzar səfəri çərçivəsində Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edib və forumun Energetika panelində çıxış edib.

5 Iyun 2021

SOCAR-ın prezidenti Peterburq beynəlxalq iqtisadi forumunda çıxış edib

+

Rövnəq Abdullayev enerji keçidi dövrünün çağırışları və Azərbaycanın neft-qaz sənayesinin perspektivləri haqqında danışdı Peterburq beynəlxalq iqtisadi forumunun Energetika panelində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanın neft-qaz sənayesinin enerji keçidi dövründə perspektivləri haqqında danışıb. SOCAR-ın prezidenti qeyd etmişdir ki, Azərbaycan iqlim dəyişikliyi probleminə ciddi yanaşır: bu dəyişikliyin nəticələri göz qabağındadır. Məhz buna görə 2016-cı ilin aprelində Azərbaycan Paris sazişini imzalamış, 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazlarının atmosferə atılmasının 35% azaldılması ilə bağlı öhdəlik götürmüşdür. Bu günə kimi 30% azalmaya nail olunub.

Rövnəq Abdullayev vurğulamışdır ki, Azərbaycan dünya enerji bazarı ilə strateji tərfdaşdır: “Hazırda AB-nin idxal etdiyi neftin 4%-i ölkəmizin payına düşür. Biz ildə 40 milyard kubmetr qaz hasil etməklə yanaşı həm Azərbaycanda, həm də xaricdə qazlaşdırma üzrə böyük miqyaslı layihələr həyata keçiririk. SOCAR 2005-ci ildən etibarən Azərbaycanda qazlaşdırmanın səviyyəsi 55%-dən 96%-ə, Gürcüstanda 40%-dən 82%-ə çatdırıb. Bununla da milyon tonlarla mazutun yandırılmasının qarşısı alınıb.

Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə Cənub-Şərqi Avropaya, o cümlədən hələ də enerji daşıyıcısı kimi kömürdən istifadə edən ölkələrə qazın ixracına başlanılıb. Təmiz iqtisadiyyata keçid dövründə təbii qazdan istifadə hələ labüd görünür. Əlbəttə, biz yaxşı başa düşürük ki, zaman keçdikcə ənənəvi enerji mənbələrinə tələbat azalacaq. Lakin bu bir anda baş verməyəcək”.

SOCAR-ın prezidenti keçid dövründə bütün dəyər zənciri boyunca enerji effektivliyini yüksəltməklə istixana qazların emissiyasını azaltmağın əhəmiyyətini vurğulayıb. Nümunə üçün SOCAR tərəfindən 2022-ci ilədək səmt qazının atmosferə atılmasının tam dayandırılmasına nail olmaq üçün həyata keçirilən və BMT-nin xüsusi mükafatına layiq görülmüş tədbirləri, həmçinin karbon qazının tutulması və boşalmış neft-qaz laylarına vurulması, eləcə də perspektivdə yaşıl hidrogen istehsalı və Cənub Qaz Dəhlizi ilə nəql layihələrini göstərmişdir.

Rövnəq Abdullayev vurğulamışdır ki, SOCAR ardıcıl olaraq öz biznesini şaxələndirməklə az karbohidrogenli istiqamətlərə doğru hərəkət edir və gələcəkdə bu vektoru davam etdirmək əzmindədir. Bu isə SOCAR-a transformasiya olunmağa və yeni şərtlər altında rəqabətə davamlılığını qoruyub saxlamağa imkan verəcək.

Peterburq beynəlxalq iqtisadi forumu 1997-ci ildən etibarən təşkil olunur və son onilliklərdə dünyanın aparıcı biznes nümayəndələrinin iştirak etdiyi nüfuzlu müzakirə platformasına çevrilib. Bu il Peterburq beynəlxalq iqtisadi forumu 2-5 iyun tarixlərində keçirilir. Forum proqramının əsas mövzuları dünya və Rusiya iqtisadiyyatı, sosial məsələlər və texnologiyaların təşkili ilə bağlıdır.