Xəbərlər arxivi

31 Mart 2021

SOCAR-ın idarəsi növbəti dəfə beynəlxalq təlim akkreditasiyalarından keçmişdir

+

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) Xəzər regionunda təlim xidmətlərinin təminatçısı olaraq dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarında insan həyatının mühafizəsi və xilasetmə-təxliyə sahəsində də nüfuzlu beynəlxalq qurumlarda akkreditasiya olunmuşdur. Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi (DİHMTM) həm qəza nəfəsalma sistemi (EBS), həm də sıxılmış havada qəza nəfəsalma sistemi (CA-EBS) ilə stolüstü və sahə auditi prosedurlarını müvəffəqiyyətlə başa vurub. Audit prosedurları Böyük Britaniyanın Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatı (OPİTO) tərəfindən müəyyən edilmiş standartlara uyğun keçirilmişdir. SOCAR-ın idarəsi eyni zamanda dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET), batmaqda olan helikopteri tərketmə üzrə təlim (HUET) və dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının tədrisi ilə əlaqədar yenidən akkreditasiya edilib. Bu akkreditasiya şirkətin dəniz platforma və qurğularında çalışan mühəndis-texniki heyətin, habelə kənar təşkilatların mütəxəssislərinin sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də fövqəladə hallarda, qəzaya yaxın vəziyyətlərdə və risklərə nəzarət sahələrində təlim ehtiyaclarının təmin olunmasına xidmət edir.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “Neft-qaz əməliyyatları zamanı insan həyatının təhlükəsizliyinin təminatı SOCAR-ın əsas prioritetlərindən biridir. Dəniz obyektləri bu sahədə daha riskli olduğundan, dənizdə baş verə biləcək situasiyalarla əlaqədar işçilərimiz üçün əlavə səriştəliklər və biliklər tələb olunur. Ona görə də dənizdə fəliyyət göstərən bütün işçilər və dənizə ezam olunanlar icbari şəkildə Dənizdə insan həyatının mühafizəsi üzrə bir sıra təlimlər keçməli və müvafiq sertifikatlar əldə etməlidirlər. Əks halda onlar dənizə gedə bilməzlər. Bu, onların sağlamlığı və təhlükəsizliyi üçün mühüm şərtdir.

Səriştəliyin daha yaxşı inkişafı məqsədi ilə beynəlxalq standartlara cavab verən və dünyada tanınan təlim proqramlarına uyğun sertifikatlaşdırma şirkətimiz üçün çox əhəmiyyətlidir. Odur ki, DİHM Təlim Mərkəzinin maddi-texniki bazası ən müasir tədris resursları ilə təchiz olunaraq möhkəmləndirildi və müvafiq prosedurlar tərtib edildi. Sonra Mərkəzin bu sahədə ən nüfuzlu beynəlxalq təşkilat olan OPİTO-da akkreditasiya olunması üçün müraciət etdik. Bir ilə yaxın müddət ərzində Mərkəz müxtəlif səviyyələrdə audit olundu və nəhayət bir neçə gün bundan öncə bu vacib prosedurlar uğurla başa çatdı. Mən bu işlərdə fəal çalışan bütün mütəxxəssislərə, xüsusilə TTSİ və Baş ofisin İnsan resursları departamentinin əməkdaşlarına təşəkkür edirəm. Bununla da geniş infrastruktura malik DİHM Təlim Mərkəzi Xəzər regionunda təlim xidmətlərinin təminatçısı kimi, OPİTO şəbəkəsinin azsaylı üzvlərindən birinə çevrilmişdir. Bu uğur Təlıim Mərkəzinin dənizdə fəaliyyət göstərən digər şirkətlərə də xidmət göstərməsinə və daha effektiv fəaliyyətinə imkan yaradacaqdır.

Onu da qeyd edim ki, SOCAR yalnız əməyin mühafizəsi sahəsində deyil, həm də neft və qaz sənayesinin müxtəlif istiqamətləri üzrə peşə təlimləri keçirir və həmin təlimlər beynəlxalq sertifikatlar əsasında təşkil olunur. Artıq yüz mindən çox Azərbaycan vətəndaşı SOCAR-ın təşkil etdiyi peşə təlimlərini uğurla tamamlayıb. Bu da Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının çağırışına uyğun olaraq, ölkəmizdə neft kapitalından insan kapitalının formalaşması istiqamətində həyata keçirilən mühüm layihələrdən biridir. ”

Xatırladaq ki, TTSİ 2016-cı ildən BOSİET üzrə akreditasiya olunaraq təlim kursu keçirirdi və 579 nəfər dinləyici bu təlimlərdə uğurla iştirak edərək OPITO-nun məlumat bazasına daxil edilmişdir. Lakin yeni alınmış akreditasiya üzrə keçirilən təlimlərdə dəniz platformalarına helikopterlə uçuş zamanı fövqəladə hallara hazırlıq və suya məcburi eniş edən helikopterin tərk edilməsinə aid prosedurlar, dənizdə sağqalma və ilk tibbi yardım üsulları, yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də tüstü ilə dolmuş qapalı sahələrdə özünüxilas və təxliyə metodları tədris olunacaqdır.

Qeyd edək ki, DİHM - təlim mərkəzi SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 5 peşə və ixtisas istiqamətləri üzrə fəaliiyərt göstərən təlim mərkəzlərindən biridir. 2011-ci ildən SOCAR-ın strukturunda yaradılan TTSİ-nin əsas fəaliyyət istiqamətini təlim, tədris prosesində, həmçinin sertifikatlaşdırma sistemində yeniliklərin SOCAR-ın və eləcə də Azərbaycanda fəaliyyət göstərən digər neft şirkətlərində və sənaye müəssisələrində tətbiqini təşkil edir. İdarə müxtəlif peşələr üzrə yeni fəhlə kadrlarının hazırlanması ilə yanaşı, ixtisasartırma, yenidən hazırlanma, təlimatlandırma, maarifləndirmə, təkmilləşdirmə və dənizdə işləyən neftçilər üçün müvafiq kurslar da təşkil edir. Yaradılarkən fəaliyytinə 2 mərkəzlə başlayan TTSİ-nin nəzdində hazırda kadr hazırlığı işlərinin aparılması üçün 5 mərkəz və 3 qaynaq emalatxanası fəaliyyət göstərir. Təlim mərkəzlərində keçirilən təlimlərə indiyədək 128 minə yaxın müdavim cəlb olunub.

24 Mart 2021

„Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatları aşkar olunub

+

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılmış və ilk qaz-kondensat ehtiyatları aşkar edilmişdir. Bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb. Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq. “Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və bp şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, qazma əməliyyatı dənizin 623 metr dərinliyində bp şirkətinin operatorluğu ilə aparılmış və SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilmişdir. Quyuda qazma işlərinə 11 yanvar 2020-cı il tarixində başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “bp şirkəti ilə SOCAR-ın əməkdaşlıq tarixi 30 ilə yaxın bir dövrü əhatə edir. Bu dövr ərzində qlobal əhəmiyyətə malik bir çox layihələr həyata keçirilmişdir. Bu əməkdaşlığın məhsulu olan layihələrin sırasına Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi, Baku-Tbilisi-Ceyhan boru kəməri, “Şahdəniz”, Cənub Qaz Dəhlizi və ona aid olan Cənubi Qafqaz, TANAP və TAP boru kəmərləri kimi nəhəng layihələr daxildir. Hazırda bp-SOCAR əməkdaşlığı strateji xarakter daşıyır. bp Azərbaycanın neft-qaz sənayesinin ən böyük xarici investorudur.

Bu gün biz ənənəvi tərəfdaşımız olan bp ilə bir neçə yeni layihə üzərində çalışırıq. Bunlardan biri də “Şəfəq-Asiman” perspektiv qaz strukturudur ki, burada artıq ilk quyunun qazılması müsbət nəticə ilə başa çatmışdır. Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü bizim təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına, və nəticə etibarı ilə ölkəmizin və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə dəyərli töfhə verəcəkdir. Ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər.

Bu uğur münasibəti ilə Azərbaycan xalqını, Azərbaycan neftçilərini, bp və SOCAR şirkətlərini təbrik edirəm”.

Xatırladaq ki, “Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Blok 1100 kvadrat kilometr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir. “Şəfəq-Asiman” strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsi ilə aşkar olunmuşdur. 7 oktyabr 2010-cu il tarixində SOCAR və bp şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanmışdır. Sazişin müddəti 30 il, tərəflərin hər birinin iştirak payı 50% müəyyən edilmişdir. Sazişə əsasən bp şirkəti 2012-ci ildə “Şəfəq-Asiman” blokunda 3D seysmik ölçü işlərini yerinə yetirmisdir. Əldə edilmiş məlumatların emalı və interpretasiyası əsasında tərəfdaşlar strukturda qazılacaq ilk kəşfiyyat quyusunun yerini müəyyənləşdirmiş və 2020-ci ildə quyunun qazılmasına başlamışlar.

19 Mart 2021

SOCAR Novruz bayramı münasibəti ilə keçirilən tədbiri Vətən müharibəsi qazilərinə həsr etdi

+

Martın 19-da SOCAR Towerdə “Qələbədən sonra Novruz Qarabağda” şüarı altında tədbir keçirilib. Novruz bayramı münasibəti ilə keçirilən tədbir Vətən müharibəsində iştirak etmiş SOCAR əməkdaşlarına həsr olunmuşdur. Tədbirdə həmçinin ötən ilin 20 sentyabrında orden və medallarla təltif olunmuş neftçilərə dövlət mükafatları təqdim olunub. SOCAR-ın 21 idarəsindən onlayn qoşulma vasitəsi ilə ümumilikdə 500-ə yaxın SOCAR əməkdaşının iştirak etdiyi tədbirdə, ilk olaraq, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxışında Qarabağ torpaqları işğal edildikdən sonra Azərbaycan dövlətinin uzun müddət məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulamışdır: “Azərbaycan Prezidenti İlham Əliyev cənabları dəfələrlə çox yüksək tribunalardan dövlətimizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırarkən həmişə bəyan edirdi ki, biz müharibə istəmirik, biz düşmənçiliyə son qoymaq istəyirik. Biz Qafqazda sülh və əməkdaşlıq şəraitində yaşamaq istəyirik. Amma bu o demək deyil ki, torpaqlarımız işğal altında qalmalıdır. Azərbaycan neftçiləri də Prezidentimizin bu çıxışlarının ruhuna uyğun olaraq heç vaxt müharibə istəməmiş, şirkətimiz daim sülhü təbliğ etmişdir”. SOCAR-ın prezidenti Ermənistan tərəfinin və onun havadarlarının öz məkrli əməllərindən əl çəkmədiklərini, beləliklə də Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına vadar etdiyini söyləmiş, Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq Qələbənin tarixi əhəmiyyətindən söz açmış və demişdir: “Müharibə günlərində xalqımız arxa cəbhədə böyük əzmkarlıqla çalışmış, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi altında Milli Ordumuzun rəşadətli hərbi yürüşünə layiqli töhfələr vermişdir. Bütün xalqımız kimi SOCAR-ın əməkdaşları da müxtəlif ictimai aksiyalarda yüksək fəallıq nümayiş etdirmişlər. Amma əsl igidliyi və hünəri, əlbəttə ki, müharibənin ilk günlərindən döyüş əməliyyatlarında bilavasitə iştirak edən əməkdaşlarımız, qazilərimiz göstərmişlər. Onlar və onların ailə üzvləri ilk günlərdən bütün SOCAR kollektivinin xüsusi qayğısı ilə əhatə olunub.”

Görüşdə Vətən müharibəsi iştirakçılarına və əmək cəhbəsində xüsusi fəallığı ilə fərqlənən ümumilikdə 611 SOCAR əməkdaşın Fəxri fərmanla təltif edildiyi bildirilmiş, onların bir qrupuna mükafatlar təqdim edilmişdir. Qazilərdən “Neft Daşları” NQÇİ-nin böyük energetiki Vüsal Kərimov, Tərtər rayon qaz istismar idarəsinin texniki Yadigar Əlizadə, Qaz İxrac İdarəsinin Astara MQKS-nin hüquq məsləhətçisi Rəşad Həsənov və Karbamid Zavodunun Mühafizə sistemlərinə nəzarət və buraxılış şöbəsinin mühəndisi Samir Əsgərov çıxış edərək, göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildirmiş, keçdikləri döyüş yolundan danışmışlar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş SOCAR-ın “Neftqaztikinti” trestinin qaynaqçısı Arif Zeynalov bu ali mükafatı dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək münasibətin bariz təzahürü kimi qiymətləndirmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bayram təbriklərini neftçilərə çatdıran R.Abdullayev dövlət başçısının tapşırığına əsasən, ötən il Neftçilər günü ərəfəsində Vətənin ali mükafatlarına layiq görülmüş neftçilərə orden və medalları təqdim etmişdir.

16 Mart 2021

“Equinor” şirkəti ilə aparılan kəşfiyyat layihəsində ilkin müsbət nəticələr əldə olunub

+

Martın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə əsasən SOCAR və “Equinor” şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılmış ilkin kəşfiyyat işlərinin nəticələri və növbəti addımların planlaşdırılması müzakirə olunmuşdur. “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında kəşfiyyat işlərinə 2018-ci ilin ikinci yarsında start verilmiş, 2019-cu ildə burada 2D və 3D seysmik kəşfiyyat işləri tamamlanmışdır. Nəticələr 2020-ci ildə emal olunub, hazırda nəticələrin interpretasiyası davam edir. İnterpretasiya prosesinin ilkin yekunları bu strukturlarda neft-qaz ehtiyatlarının gözlənildiyindən daha yüksək olduğunu göstərir. Qarşıdakı dövrdə ehtiyatların dəqiqləşdirilməsi məqsədi ilə kəşfiyyat qazması həyata keçirilə bilər.

Yeni perspektivli strukturlarında əldə olunmuş müsbət nəticələr “Qarabağ” layihəsinin inkişaf planına da yenidən baxmaq zərurəti yarada bilər. Bildirilmişdir ki, bunun üçün SOCAR və “Equinor” şirkətlərinin birgə işçi qrupu yaxın həftələrdə “Qarabağ” layihəsinin davamı ilə bağlı müxtəlif variantları nəzərdən keçirəcək, yatağın işlənməsinin yeni kəşf ediləcək yataqların işlənməsi ilə sinerji imkanlarını araşdıracaqdır.

Görüşdə Azərbaycanın Norveç şirkəti üçün mühüm bir ölkə olduğu vurğulanmış, “Equinor” şirkətinin buradakı əməliyytalarını inkişaf etdirmək niyyətində olduğu bildirilmişdir. Görüşdə həmçinin hazırkı onillikdə neft-qaz qiymətlərinin yüksək olacağını təsbit edən proqnozlar haqqında fikir mübadiləsi aparılıb, birgə işlənilən yataqlarda hasilatın pik dövrünə məhz bu onillikdə nail olmağın əhəmiyyəti qeyd olunub. Buna görə kəşfiyyat və qazma işlərinin sürətlənidirilməsi xüsusi vurğulanıb.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışlar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

15 Mart 2021

Dünya İqtisadi Forumu SOCAR-ın STAR zavodunu dünyanın ən çox rəqəmsallaşmış şirkətləri sırasına daxil etdi

+

Dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri olmağı hədəfləyən STAR NEZ-də hələ inşaat mərhələsində texnoloji avadanlığa 70 milyon dollardan artıq sərmayə qoyulub. Nəticədə zavod Dünya İqtisadi Forumu (WEF) tərəfindən Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı tətbiq edən müəssisələrin qəbul edildiyi “Global Lighthouse Network”a daxil olub. “Gələcəyin zavodları” liqasına bu il Türkiyədən seçilən yeganə şirkət olan STAR NEZ dünyada bu mükafata layiq görülən ilk neft emalı zavodudur. “SOCAR Türkiyə”-nin törəmə şirkəti STAR neft emalı zavodu sahib olduğu rəqəmsal texnologiyaların yaratdığı dəyər nəticəsində Dünya İqtisadi Forumunun (WEF) ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələri daxil etdiyi “Global Lighthouse Network”una seçilib. “Gələcəyin zavodları”nın yer aldığı “Global Lighthouse Network”una seçilən ilk neft emalı zavodu olan STAR eyni zamanda 2021-ci ildə Türkiyədən bu şəbəkəyə daxil olan yeganə şirkətdir

“PETKİM”İN ARDINCA STAR NEZ

Sənaye 4.0 texnologiyalarını ən yaxşı tətbiq edən müəssiəslərin qəbul edildiyi “Global Lighthouse Network”da yer almaqdan böyük sevinc duyduqlarını bildirən “SOCAR Türkiyə”-nin baş icraçı direktoru Zaur Qəhramanov demişdir: “2020-ci ildə bu liqaya Türkiyədən seçilən yeganə şirkət “Petkim” olmuşdu. Bir il sonra isə neft emalı-neft kimyası inteqrasiyasını həyata keçirdiyimiz digər bir müəssisəmiz - STAR NEZ də bu xüsusi liqaya daxil oldu. Qrupumuzun tərkibindəki iki şirkətin belə mühüm bir mükafata ardıcıl olaraq layiq görülməsi bizə qürur verir. STAR NEZ-in dünya miqyasında bu mükafatı alan ilk neft emalı zavodu olması müəssisəmizin rəqəmsallaşma sahəsində dünyaya nümunə olacaq səviyyədə bir rəqəmsal mexanizmə malik olduğunu göstərir.”

DİZEL VƏ TƏYYARƏ YANACAĞI İSTEHSALINI 10% ARTIRDI

Dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri olmağı hədəfləyən STAR NEZ-in “Gələcəyin zavodları liqası”na doğru atdığı ən mühüm addım hələ zavodun inşaat mərhələsindən qabaqcıl texnologiyalara 70 milyon dollardan artıq sərmayə qoyulması olmuşdur. Təmir-sazlama prosesləri də daxil olmaqla, NEZ-dəki aktivlərin performansının idarəçiliyinə rəqəmsal nəzarət edilməsi, müəssisənin rəqəmsal əkizinin yaradılması, kompyuter tədrisi kimi sahələri özündə ehtiva edən və olduqca mühüm əhəmiyyət daşıyan bu sərmayələrlə STAR NEZ-in dizel və təyyarə yanacağı istehsalında illik məhsuldarlığı 10% artırılıb. NEZ-də yanacaq kimi istifadə olunan təbii qazın istehlakı 2020-ci ildə əvvəlki ilə nisbətən 6% azaldılıb, karbon emissiyasında 178 000 tonluq azalma, su sərfiyyatında isə ildə 406 000 ton qənaət təmin edilib. Bütün bu nəticələr 2020-ci ildə STAR NEZ-in faiz, amortizasiya və vergidən əvvəlki əməliyyat gəlirinə də 35 milyon dollarlıq bir töhfə verib.

TƏQDİMAT MƏRASİMİ YENƏ DAVOSDA KEÇİRİLƏCƏK

Dünyada novator rəqəmsal tətbiqlər standartı sahəsində şirkətlər üçün müqayisə meyarı yaradan “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. 2020-ci ilin əvvəlində bu platformaya daxil olmaq üçün müraciət edən STAR NEZ, münsiflər heyətinin araşdırma və dəyərləndirmələri nəticəsində liqaya vəsiqə qazanıb. WEF-in bəyanatında, Türkiyədən təkcə STAR NEZ-in yer aldığı, “Global Lighthouse Network” yeni üzvləri açıqlanıb. Pandemiyaya görə bu il WEF-in Davosdakı iclasları yaz aylarına qədər təxirə salındığı üçün mükafatların təqdimatı da həmin dövrdə keçiriləcək.