Xəbərlər arxivi

19 Fevral 2021

Dəniz obyektlərində çalışan neftçilərin COVİD-19 əleyhinə peyvənd olunmasına başlanılıb

+

Dəniz obyektlərində çalışan neftçilərin karantində olan birinci qrupunun COVİD-19 infeksiyasına qarşı peyvənd olunmasına artıq başlanılmışdır. Bu qrupdan olan SOCAR əməkçiləri dənizdəki iş yerlərinə karantin müddətini tam keçdikdən sonra göndəriləcək, iş növbəsini başa vurub qayıtdıqdan sonra isə vaksinasiya qaydalarına uyğun olaraq, ikinci dəfə peyvənd olunacaqlar. Vaksinasiyadan keçmiş və ya COVİD-19 infeksiyasına yoluxaraq orqanizmlərində anticism yaranmış işçilərin isə karantində saxlanılmadan birbaşa işə cəlb ediləcəyi nəzərdə tutulur. Hazırlanmış plana əsasən, bütün dəniz neftçilərinin qısa müddətdə və mütəşəkkil qaydada peyvənd olunmaları üçün qrafik tutulmuş, zəruri tədbirlər görülmüşdür.

Xatırladaq ki, pandemiya müddətində neft və qaz hasilatının davamlılığının təmin edilməsi və dəniz obyektlərində çalışan işçi heyətin infeksiyaya yoluxmasının qarşısının alınması məqsədi ilə növbəli iş rejimində çalışan personal indiyə qədər növbədən əvvəl karantin zonasında COVİD-19 testindən keçirilir və 7 gün ərzində həmin zonada yaşamalı olurdu. Yalnız təkrar test nəticəsində infeksiyaya yoluxmadıqları təsdiq olunduqdan sonra onlar dəniz obyektlərinə göndərilirdilər. Pandemiyanın yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ölkəmizin bütün aparıcı şirkət və müəssisələri kimi SOCAR da xüsusi iş rejiminə keçmiş, dəniz obyektlərində ənənəvi şəkildə tətbiq olunan 15 günlük iş növbəsinin 30 günədək uzadılması məqsədəuyğun sayılmışdı. Lakin iş və istirahət günlərinin illik sayı dəyişməz qalsa da, bu iş rejimi və dəniz neftçilərinin karantində keçirməli olduğu əlavə günlər onlar üçün əlavə psixoloji və sosial gərginlik yaradırdı. Bu zaman işin təşkili baxımından müəyyən çətinliklər yaranır, əlavə vəsait və resurslar sərf olunurdu. Odur ki, 30 günlük iş rejimindən ənənəvi rejimə keçirilməsi imkanları daim araşdırılırdı.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının gərgin səyləri nəticəsində respublikamızda vaksinasiya proseslərinə dünyanın aparıcı ölkələri ilə eyni vaxtda başlanılması əhalinin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaratmış, dərin minnətdarlıq hissi ilə qarşılanmışdır. Ölkəmizdə vaksinasiya prosesinin belə tezliklə start götürməsi SOCAR-ın dəniz obyektlərində ənənəvi növbəlilik rejiminin bərpa olunması üçün də əlverişli imkan yaratmışdır. Yaranmış imkanı yüksək dəyərləndirən SOCAR rəhbərliyi dəniz neftçilərinin ilk növbədə peyvənd olunması xahişi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmiş və bu müraciət müsbət cavablandırılmışdır.

Qeyd edək ki, SOCAR-ın dəniz obyektlərində 10 mindən çox işçi fəaliyyət göstərir.

17 Fevral 2021

SOCAR şirkətlər arasında ilk Dünya Korporativ Şahmat Çempionatında iştirak edəcək

+

Fevralın 19-dan 21-ə kimi Chess.com saytında “online” formatda Korporativ Şirkətlər üzrə ilk Dünya Şahmat Çempionatı keçiriləcəkdir. Bu mötəbər yarışda dünyanın “Global 500” siyahısında yer alan Facebook, Google, Morgan Stanley, Gazprom kimi nəhəng şirkətləri ilə birlikdə SOCAR da “ən intellektual korporativ şirkət” adı uğrunda mübarizə aparacaqdır. Şirkətimizi yarışda üç həmkarımız - Baş Ofisin Neft və qaz əməliyyatlarına nəzarət Departamentinin böyük mühəndisi Samir Kərimov, Azneft İB-nin Qazma mühəndisliyi və əməliyyatlar Departamentinin böyük mühəndisi Cavid İbişov, Baş Ofisin Keyfiyyət idarə edilməsi sisteminin təşkili Departamentinin böyük mühəndisi Aliyə Cəlilova təmsil edəcəkdir. Nizamnaməyə əsasən hər bir iştirakçı şirkət FİDE reytinqi 2500-ü keçmiş bir peşəkar şahmatçı dəvət edə bilər. SOCAR-ın maraqlarını yarışda gənc qrossmeyster, Azərbaycan yığma komandasının üzvü Nicat Abbasov (FIDE reytinq: 2664) qoruyacaq.

Yarışda iştirak edəcək “legionerlər” siyahısında Dünya çempionu Maqnus Karlsen, Namizədlər Turnirinin iştirakçıları Yan Nepomnyaşşiy və Aniş Giri, tanınmış qrossmeysterlər Anton Korobov, Vladislav Artemyev, Radoslav Voytaşek, Vladimir Malaxov, Georq Mayer və başqaları vardır.

FIDE prezidenti Arkadi Dvorkoviç iştirakçılara müraciətində demişdir: “Əminik ki, bu həm də iştirakçı komandalar və onların məsul şəxslərinə idman vasitəsilə yeni müştərilər və biznes imkanları əldə etmək, milli və beynəlxalq biznesin liderləri və təmsilçiləri ilə əlaqələri inkişaf etdirmək şansı verəcəkdir”.

Tarixdə ilk dəfə keçirilən Korporativ Dünya Şahmat Çempionatında Azərbaycandan SOCAR və SOCAR AQŞ şirkətlərinin komandaları iştirak edir.

Yarış iştirakçılarına uğur diləyən SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “SOCAR Azərbaycanın şahmat üzrə yığma komandasının tərəfdaşı, beynəlxalq turnirlərin təşkilatçısı kimi təkcə ölkəmizdə deyil, bütün regionda şahmatın inkişafına dəstək verir. Biz “SOCAR-Azərbaycan” şahmat komandasının dünyada keçirilən mötəbər yarışlarda qazandığı nailiyyətlərdən qürur duyuruq. Əminəm ki, SOCAR şirkətlər arasında ilk Dünya Çempionatında iştirak etməklə məntiq, zəka tələb edən bu qədim oyunun Korporativ şirkətlərin əməkdaşları arasında daha böyük populyarlıq qazanmasına və inkişafına öz töhfəsini verəcəkdir.”

FIDE-nin şahmat veteranlarına dəstək və uşaqlar üçün təhsildə şahmat sosial proqramlarına töhfə verən bütün iştirakçı komandalar 2021-ci il noyabrın 24-dən dekabrın 16-dək “Dubai World Expo 2021” sərgisi çərçivəsində keçiriləcək Dünya Şahmat Çempionatında iştirak hüququ da əldə edəcək.

7 Fevral 2021

socar.space saytı fırıldaq məqsədi ilə açılıb və SOCAR-la heç bir əlaqəsi yoxdur

+

İnternetdə socar.space ünvanında açılmış saytın desktop versiyasında Gazprom şirkəti, mobil versiyasında isə SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur. SOCAR tam qətiyyətlə socar.space saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc imkanları təklif etmədiyini bildirir. Bu səhifə SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən açılıb. Müvafiq araşdırma aparıldıqdan sonra sözügedən səhifəni açmış şəxslərə qarşı SOCAR tərəfindən müvafiq hüquqi tədbirlər görüləcək. Eyni zamanda, SOCAR Azərbaycan vətəndaşlarına səsləyərək, fırıldaqçı socar.space saytına aldanmamağa və həmin saytda öz şəxsi məlumatlarını paylaşmamağa çağırır.

4 Fevral 2021

Londondakı məhkəmə üçüncü arbitral qərarı da SOCAR-ın lehinə qəbul etdi

+

2021-ci il fevralın 3-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) qaydalarına uyğun olaraq aparılan arbitraj prosesinin nəticəsində SOCAR qrupuna daxil olan “Azərbaycan (AÇG) Limited” şirkətinin lehinə qərar çıxarılmışdır. Londonda yerləşən məhkəmənin SOCAR qrupu və Palmali qrupuna daxil olan şirkətlər arasındakı üçüncü arbitraj işi üzrə verdiyi qərara əsasən, “Azərbaycan (AÇG) Limited” şirkətinə 132 000 000 ABŞ dolları məbləğini aşan pul təzminatı ödənilməlidir. Bu, SOCAR Qrupuna aid olan şirkətlərin Palmali Qrupu və Mübariz Mənsimova qarşı öhdəliklərin pozulması iddiası ilə başladığı üç arbitraj işindən axırıncısı idi.

Bununla da London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Assosiasiyası və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) arbitraj qaydalarına əsasən keçirilmiş üç müstəqil məhkəmə prosesi SOCAR Qrupunun xeyrinə nəticələnmişdir. “Palmali”nin qarşılıqlı iddiaları rədd edilərək, SOCAR Qrupuna ümumilikdə 240 000 000 ABŞ dolları məbləğini aşan təzminatın ödənilməsi barədə qərar verilmişdir.

Qeyd: İstinad üçün birinciikinci arbitral qərar barədə əvvəlki məlumatlara baxa bilərsiniz.

3 Fevral 2021

SOCAR və MAIRE TECNIMONT GROUP YENİ NƏSİL EMAL QURĞULARI BARƏDƏ SAZİŞLƏR İMZALAMIŞLAR

+

İmzalanmış sazişlər çərçivəsində Heydər Əliyev adına Neft Emalı Zavodunda Avro-5 standartına uyğun benzin istehsalı üçün lazım olan üç yeni emal qurğusunun quraşdırılması nəzərdə tutulur SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Modernizasiya və yenidənqurma Layihəsi çərçivəsində Maire Tecnimont S.p.A. qrupunun törəmələri olan Tecnimont S.p.A. və KT-Kinetics Technology S.p.A. şirkətləri ilə iki Mühəndislik, Təchizat və Tikinti (EPC) sazişi imzalamışdır.

İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Augusto Massari, Maire Tecnimont qrupunun idarə heyətinin sədri və əsas səhmdarı Fabrizio Di Amato, Maire Tecnimont qrupunun baş icraçı direktoru Pierroberto Folgiero və şirkətlərin digər rəhbər şəxsləri iştirak etmişlər.

Sazişlər Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan benzinin keyfiyyətinin Avro-5 standartına yüksəldilməsində həlledici əhəmiyyətə malik Katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi qurğusunun və LPG (Maye qaz) merkaptan oksidləşdirici qurğusunun, Aminlə təmizlənmə və LPG-nin ilkin emalı qurğularının quraşdırılmasını əhatə edir. Qeyd edək ki, Tecnimont və KT-Kinetics Technology şirkətləri digər qurğulara dair tenderin qalibi seçilərək 2018-ci ildə imzalanmış EPC sazişinə əsasən artıq bu zavodun modernizasiyası layihəsində birgə fəaliyyət göstərirlər.

Ümumi dəyəri təxminən 160 milyon ABŞ dolları olan yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.

Bu, Maire Tecnimont qrupunun əsas fəaliyyət sahəsində mühüm bir mərhələdir, belə ki, sazişlər qrupun Azərbaycan bazarında və emal sektorunda mövqeyinin möhkəmlənməsinə imkan verir. Bundan əlavə, qrupun unikal qabiliyyətlərinin, texnoloji təcrübəsinin və EPC podratçılar arasındakı sinerjisinin gücləndirilməsi istiqamətində fəaliyyətini təsdiqləyir.

SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Cənubi Qafqaz regionunda yeganə neft emalı kompleksi kimi böyük rol oynayır. Zavod regionun yanacaq təchizatını həyata keçirir və SOCAR-ın neft-kimya müəssisələrini xammal ilə təmin edir. NEZ-in yenidən qurulması dizel yanacağının və benzinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq Avro-5 standartına uyğunlaşdıracaq, eyni zamanda Azərbaycanın neft-kimya sənayesi üçün davamlı və səmərəli xammal bazası yaradacaq. Yenidənqurma işləri iqtisadi və ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır və şəhərlərimizdə həyat keyfiyyətinin yüksəldilməsi üçün vacibdir. Biz dəfələrlə dost münasibətini gördüyümüz İtaliyanın yaradıcı və istedadlı ruhunu özündə daşıyan tanınmış Maire Tecnimont qrupu ilə bu alicənab məqsəd naminə əməkdaşlıq etməkdən məmnunuq.”

Maire Tecnimont-un baş icraçı direktoru Pierroberto Folgiero belə şərh vermişdir: “Texnoloji təcrübəmizi bir daha SOCAR kimi tarixi və nüfuzlu bir sifarişçinin xidmətinə təqdim etməkdən və bununla da Azərbaycanın daunstrim dəyər zəncirində daha böyük bir dəyərin açılmasına yönəlmiş uzunmüddətli, uğurlu əməkdaşlığımızı möhkəmləndirməkdən həqiqətən şərəf duyuruq. Bu nailiyyət qarşılıqlı faydalı münasibətlərimizi genişləndirməyə imkan verir və texnologiyaya əsaslanan strategiyamızın etibarlılığını təsdiq edəcək gələcək inkişafa yol açır”.



Milan Fond Birjasında qeydə alınmış Maire Tecnimont S.p.A. təbii ehtiyatların emalı üzrə qlobal sənayenin (texnoloji və icra təsrübəsinə malik daunstrim neft və qaz mühəndisliyi) lideri olan bir qrupa başçılıq edir. Onun törəməsi olan NextChem enerji keçidinin dəstəklənməsi istiqamətində ekoloji təmiz kimyəvi maddələr və texnologiyalar sahəsində fəaliyyət göstərir. Maire Tecnimont qrupu özündə 45 ölkədə fəaliyyət göstərən 50 şirkəti birləşdirir. Qrupun 9 100 əməkdaşı var. Ətraflı məlumat üçün www.mairetecnimont.com saytına baxın.