Xəbərlər arxivi

4 Avqust 2017

Bakı Ali Neft Məktəbinin tələbələri 10-cu qrant müsabiqəsinin qalibləri sırasındadır

+

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 24 aprel-15 may tarixlərində keçirdiyi 10-cu qrant müsabiqəsinin nəticələri elan edilmişdir. Nəticələrə əsasən, fiziki şəxslərin layihələri kateqoriyası üzrə qalib gələn 418 layihədən 7-si Bakı Ali Neft Məktəbinin tələbləri tərəfindən, 3 layihə isə BANM Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə irəli sürülmüşdür.

20 istiqamət üzrə keçirilmiş qrant müsabiqəsi əsasən sosial həyat tərzi, ekologiya, mədəniyyət, yaradıcılıq və digər bu kimi sahələri əhatə etmişdir.

Bakı Ali Neft Məktəbinin tələbələri - Ayaz Səmədlinin “Alqoritmik düşüncənin inkişafı”, Zaur Məmmədzadənin “Biokütlədən sənaye məhsullarının istehsalı”, Vüsal Quluyevin “İstixana Effekti-Artan Entropiya”, Anar Bədəlbəylinin “Mühəndislərlə Gələn Gələcək”, Elvin İsmayılovun “Gənc 3D Printer Mühəndisləri”, Leyli Abbasovanın “Azərbaycanın gənc veb proqramçıları”, Azər Ömərovun “Gənc drone mühəndisləri” layihəsi BANM-in təşkilati dəstəyi ilə həyata keçiriləcəkdir. Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə qalib olmuş 3 layihənin də BANM-də keçirilməsi nəzərdə tutulmuşdur. Həmin layihələr də daha çox texniki sahələri əhatə edir və mühəndislik bacarıqlarının artırılmasına yönəlmişdir. Layihələr çərçivəsində maraqlı seminar, ekskursiya və təqdimatlar keçiriləcəkdir. İştirakçılar təlimlərdə komanda şəklində işləməyi öyrənəcək və proqramlaşdırma təcrübəsi qazanacaqlar. Layihələrə 15-30 yaş arası gənclərin cəlb edilməsi nəzərdə tutulmuşdur .



4 Avqust 2017

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Bureau Veritas sertifikatlaşdırma qurumunun əməkdaşları ilə görüş keçirilmişdir

+

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Fransanın Bureau Veritas sertifikatlaşdırma qurumunun regional meneceri Deniz Öztürk ilə görüş keçirilmişdir. TTSİ-nin rəisi Fuad Süleymanov SOCAR-ın müəssisələrində fəaliyyətin beynəlxalq standartların tələbləri səviyyəsində təmin edilməsi və sertifikatlaşdırma işləri haqqında məlumat vermiş, İSO 9001-Keyfiyyət idarəetmə sistemi, OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, İSO 14001-Ətraf mühitin mühafizəsi, İSO/İEC 17024-Personal sertifikatlaşdırmanı həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar, İSO/İEC 17025-Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər, İSO 9606-Qaynaqçıların bacarıqlılıq sınağı üzrə standartların qazanıldığını qeyd etmişdir. F.Süleymanov həmçinin İdarənin fəaliyyətinin nəticələrinə görə Fransanın Bureau Veritas sertifikatlaşdırma qurumunun İSO 29990-Qeyri-formal təlim xidmətləri üzrə akkreditasiyasına, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (İOSH) Təhlükəsiz idarəetmə (Managing safely) təlim kursu üzrə təlim provayderi lisenziyasına, OPİTO-nun BOSİET/HUET təlim kursu üzrə standartına layiq görülməsini İdarənin beynəlxalq standartlaşdırma və akkreditasiya qurumları ilə sıx əməkdaşlığının uğurlu nəticələri kimi qiymətləndirmişdir.

Bureau Veritas-ın regional meneceri Deniz Öztürk təmsil etdiyi qurum tərəfindən standartların tətbiqi və sertifikatlaşdırma sahəsində yerinə yetirilmiş çoxsaylı xidmətlərin neft-qaz və neft-kimya sənayesində aktuallığına toxunmuşdur. TTSİ-nin qaynaq mərkəzinin potensialından istifadə edilməklə Bureau Veritas sertifikatlaşdırma qurumu tərəfindən qaynaq mühəndisliyi sahəsində təlim kursunun keçirilməsinin mümkünlüyü qeyd edilmişdir.