Xəbərlər arxivi

31 Yanvar 2016

Türkmənistanda tapılmış cəsəd Bakıya gətirilmişdir

+

Xəbər verildiyi kimi, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilmiş, diplomatik kanallarla verilmiş məlumat əsasında istintaq qrupu və SOCAR-ın əməkdaşları cəsədin tanınması və Azərbaycana gətirilməsi üçün xüsusi təyyarə ilə Türkmənistana yola düşmüşdülər. Cəsəd artıq Bakıya gətirilmiş, kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi götürülmüşdür. Tapılan cəsədin kimliyi məlum edildikdən sonra dəfn mərasimi təşkil olunacaqdır.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

30 Yanvar 2016

SOCAR prezidenti Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşmüşdür

+

Yanvarın 29-da Gənclər günü ərəfəsində SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbi tələbələrinin böyük bir qrupu ilə görüş keçirmişdir. Görüşün əvvəlində Məktəbin dosenti, tələbələrin sevimlisi Xanım Cəfərovaya SOCAR-ın Fəxri Fərmanı təqdim olunmuş və bu, tələbələr tərəfindən alqışlarla qarşılanmışdır. SOCAR prezidenti Rövnəq Abdullayev tələbələrin müəllimlərini böyük coşqu ilə alqışlamasına sevindiyini bildirmiş, mühəndislər üçün riyaziyyat fənninin böyük əhəmiyyətindən söz açmış, özünün də vaxtilə ona dərs demiş riyaziyyat müəllimləri ilə əlaqəsini davam etdirdiyini söyləmişdir. Xanım Cəfərova əməyinə verilən qiymətə görə SOCAR rəhbərliyinə dərin minnətdarlığını bildirmiş, BANM-də işləməyindən qürur hissi keçirdiyini vurğulamışdır.

Səmimi atmosferdə, qalstuksuz, “üz-üzə, göz-gözə görüş” formatında keçirilmiş tədbirdə SOCAR prezidenti tələbələri qarşıdan gələn Gənclər günü münasibəti ilə təbrik etmiş, gənclərə onları maraqlandıran bütün suallarla müraciət etmək imkanı yaratmış, verilmiş sualların hamısını ətraflı cavablandırmışdır. Tələbələr SOCAR-ın və BANM-in fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslərlə bağlı SOCAR prezidentinin mövqeyi ilə tanış olmuşlar. Görüşün gedişindən və yaradılan səmimiyyətdən ruhlanan gənclər hətta SOCAR əleyhinə sosial şəbəkələrdə aparılan qərəzli anti-reklam kampaniyasının əsas mövzularını təşkil edən məsələlərə də aydınlıq gətirilməsini xahiş etmişlər. SOCAR prezidenti R.Abdullayev dekabrın 4-də dənizdə təbii fəlakət zamanı Neft Daşlarında və “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı istiqamətində aparılan tədbirlərə, həmin faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılmış qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra başqa məsələlərə münasibətini bildirmişdir. Azərbaycanda qazlaşdırma səviyyəsinin guya aşağı olmasına dair fikirlərə toxunan R.Abdullayev demişdir: “Bu fikirlər kökündən yanlışdır və tam əsassızdır. Diqqət yetirin, Azərbaycanın həm şimal, həm də cənub qonşuları dünyanın güclü qaz dövlətləridir. Amma buna baxmayarq, bizdə qazlaşdırmanın səviyyəsi bu ölkələrin hər ikisindən xeyli yüksəkdir. Dövlətimizin başçısı bizim qarşımızda məsələ qoymuşdur ki, ən əvvəl ölkə daxilində əhalinin qaz təminatını yüksəldək. Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 90% təşkil edir. Avropaya qaz ixrac etməyə başlayanda biz bu səviyyəni daha da yüksəldəcəyik”.

Görüşdə BANM-in tələbələri SOCAR prezidentinə uğurlu karyerasının sirləri, həyatda uğur qazanma yolları haqqında da çoxsaylı suallar vermiş, onun fəaliyyətinin müxtəlif tərəfləri ilə maraqlanmışlar. Rövnəq Abdullayev dövlətimizin gənclər siyasətindən, Azərbaycanda və o cümlədən də SOCAR-da gənclərin karyera yüksəlişi üçün yaradılmış imkanlardan ətraflı bəhs etmiş, fikirlərini öz həyat və fəaliyyət yolundan gətirdiyi misallarla əsaslandırmışdır. SOCAR prezidenti tələbələrlə canlı dialoq şəklində qurulmuş görüşün əhəmiyyətini vurğulamış, belə tədbirlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini söyləmişdir.

Görüşün sonunda tələbələr SOCAR prezidenti ilə şelfi çəkdirmişlər.

30 Yanvar 2016

İtkin düşən neftçilərdən birinin cəsədi tapılmışdır

+

Yanvarın 29-da axşam saatlarında Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilmiş, bu haqda Azərbaycan tərəfinə diplomatik kanalllarla məlumat verilmişdir. Yaxın saatlarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və “Azneft” İB-nin işçiləri ilə birlikdə cəsədin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşəcəklər.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

29 Yanvar 2016

4 dekabr 2015-ci il tarixində “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza haqqında məlumat

+

4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olmuş, 11 nəfər həlak olmuş (Əlavə 1)və 19 nəfər (Əlavə 2) itkin düşmüşdür. Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər (Əlavə 3) işçisi itkin düşmüşdür. “Günəşli” yatağından təxliyyə edilmiş işçilərə lazımi tibbi yardım göstərılmiş, bir nəfər isə Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.

29 Yanvar 2016

Qiymət Mehdiyev barədə KİV-də yayılan məlumatların araşdırılmasına dair

B Ə Y A N A T

+

Kütləvi-informasiya vasitələrində SOCAR-ın Baş ofisinin Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşı K.Mehdiyevanın Türkiyə Respublikasının Bodrum şəhərinin Gökçebel məhəlləsində dəyəri 20 milyon ABŞ dolları təşkil edən 16 ədəd villanın mülkiyyətçisi kimi təqdim edilməsi barədə yayılan məlumatlar SOCAR-ın Risklərin İdarəedilməsi Komitəsi (Komitə) tərəfindən araşdırılmış və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” üzrə standartlarının tələblərinə uyğun qaydada müvafiq qərar qəbul edilmişdir. Komitənin qərarına əsasən, SOCAR-ın Biznes Etika Məcəlləsinin şirkətin əməkdaşları üçün müəyyən etdiyi hər hansı normasının pozulması halları aşkar edilməmişdir. Komitə KİV-də yayılmış bu cür məlumatların SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını, bu məsələ ilə əlaqədar bəzi KİV-in hüquq qaydalarını və jurnalistika prinsiplərini gözləmədən, yoxlanılmadan mütəmadi olaraq əsassız məlumatlar yayımlamasını qeyd etmiş və bu halları SOCAR-ın fəaliyyəti ilə bağlamaq cəhdlərini şirkətin işgüzar nüfuzuna, yerli və beynəlxalq layihələrin reallaşdırılmasına mənfi təsir göstərə biləcək risk kimi qiymətləndirmişdir. Komitə eyni zamanda belə hallarda SOCAR tərəfindən müvafiq hüquqi addımlar atılmasının zəruriliyini qeyd etmişdir.

Risklərin İdarəedilməsi Komitəsinin qərarını nəzərə alaraq SOCAR, bəzi KİV-də öz işgüzar nüfuzuna qarşı yönəlmiş bu məlumatların müəlliflərini, eləcə də KİV-ləri bu sahədə mövcud qanunvericiliyin tələblərini və jurnalistika etikasını pozmamağa, əsassız və yoxlanılmamış məlumatları yaymamağa, xüsusilə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş anlayışları səhv tövsif etməklə ictimaiyyətdə yanlış təsəvvürün yaradılmasına gətirib çıxaran hərəkətlərə yol verməməyə çağırır. Belə ki, Qiymət Mehdiyevin “dövlət məmuru” anlayışının altına salınması, onun dövlət orqanında çalışması haqqında yanlış təsəvvür yaradılması, aldığı əmlakın dəyərinin bilərəkdən 300 dəfə artırılaraq ictimaiyyətə çatdırılması, əldə etdiyi gəlirlərin isə qeyri-sağlam təhlili bu şəxsin özünü və ailəsini qanuni mənafeləri nəzərə alınmadan ictimaiyyətin gözündən salmağa yönəldilmiş cəhdlərdir.

SOCAR beynəlxalq neft şirkəti olmaqla Azərbaycanın maraqlarını ölkə hüdudlarından kənarda təmsil edir, bunun üçün partnyor şirkətlərlə zəruri əməkdaşlıqlar qurur. Yuxarıda qeyd edilən yanlış məlumatın eyni zamanda SOCAR ilə əlaqələndirilərək ictimaiyyətə təqdim edilməsi təəssüf doğuran haldır və bu hal SOCAR-ın işgüzar nüfuzuna xələl gətirir. Belə hallar SOCAR-ı işgüzar nüfuzunun müdafiəsi üçün əsassız, yoxlanılmamış və böhtan xarakterli məlumatlar yayan xarici və yerli KİV-ə qarşı zəruri hüquqi tədbirlər görmək hüququndan istifadə etməyə məcbur edir. SOCAR bu kimi halların ictimaiyyət arasında bilərəkdən çaşqınlıq yaratmaq məqsədi daşıdığını, onun işgüzar nüfuzuna məqsədli şəkildə zərər vurmaq niyyəti ilə edildiyini bildirir və bəyan edir ki, belə məsələlərdə ictimaiyyətdə ədalətli mövqe formalaşdırılması üçün istənilən mətbuat orqanı ilə əməkdaşlığa hazırdır.

e-mail ünvanı: anti-korrupsiya@socar.az

29 Yanvar 2016

“Neft Daşları” yatağında yeni quyu qazılır

+

“Neft Daşları” yatağındakı 2585 saylı platformadan 2603 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2620 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.



29 Yanvar 2016

Qış mövsümündə Gürcüstana təbii qaz tədarükünün artırılması haqqında razılıq əldə olunmuşdur

+

SOCAR Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə Gürcüstan tərəfinin müraciəti əsasında “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri konsorsiumlarının iştirakçıları ilə danışıqlar aparmış və “Şahdəniz” yatağından Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə etmişdir. Razılığa əsasən qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 milyon kubmetr artırılacaqdır. Gürcüstan tərəfinin müraciətinin dəstəklənməsi Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğunu bir daha sübut edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsi və inkişafı üçün əsas yaradır.

29 Yanvar 2016

Beyləqanın Qaralılar kəndinə ilk dəfə təbii qaz verildi

+

Yanvarın 29-da Beyləqan rayonunun Qaralılar kəndinə ilk dəfə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 242 abonenti olan Qaralılar kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumilikdə 34738 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.



28 Yanvar 2016

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun “SOCAR Proceedings” jurnalı SCOPUS mükafatına layiq görülmüşdür

+

Yanvarın 25-də dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatları”nın təqdimolunma mərasimini keçirmişdir. “Elsevier”in qlobal təşəbbüslərindən biri olan “SCOPUS Mükafatı Azərbaycan-2016” ölkədə elmi araşdırmaların daha da təkmilləşdirilməsi, alim və elmi tədqiqat qurumlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə təsis olunmuşdur. Akademik araşdırma fəaliyyətində stimul rolunu oynayan bu mükafat vasitəsilə Azərbaycanda aparılan tədqiqatlar üzrə ən dəyərli nəticələrə nail olan, nüfuzlu nəşrlərdə məqalələr dərc etdirən və beynəlxalq əlaqələrini genişləndirən təşkilatlar, müxtəlif elm sahələri üzrə nəşr olunan jurnallar fərqləndirilir.

Tədbirdə Azərbaycan üzrə 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarlarına və “SCOPUS” və “SciVal” bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunmuşdur. Korporativ Elmi Jurnal Yüksək Müvəffəqiyyət Mükafatı nominasiyasında “SCOPUS Mükafatı Azərbaycan-2016” “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “SOCAR Proceedings” jurnalına təqdim edilmişdir. AMEA və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycanda elmin inkişafına verdiyi töhfəyə görə xüsusi mükafatlara layiq görülmüşdür.

“SCOPUS” dünyanın ən geniş əhatə dairəsinə malik akademik məlumatlar bazasıdır, bibliometrik vasitələrlə tədqiqatçıların elmi araşdırmalarının izlənilməsinə, təhlilinə və vizuallaşdırılmasına yardımçı olur. Özündə texnologiya, tibb, ictimai elmlər, incəsənət və humanitar elm sahələrinə dair 5000-dən çox nəşrin 22000-dən çox başlığı bu bazada öz əksini tapmışdır.

28 Yanvar 2016

Bakı Ali Neft Məktəbində “Robototexnika” üzrə yarışma keçirildi

+

Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə eyni adlı ixtisas üzrə təhsil alan tələbələr arasında “Robototexnika” üzrə yarışma keçirilmişdir. Yarışmanı açıq elan edən BANM-in rektoru Elmar Qasımov iştirakçıları salamlamış, tələbələrə uğurlar arzulamışdır. O, tələbələrin dərs prosesindən əlavə çalışaraq müəyyən qurğular layihələndirmələrini, konstruktiv yaradıcılıqla məşğul olmalarını, öz biliklərini nümayiş etdirmələrini yüksək qiymətləndirmiş, tələbələrin təşəbbüskarlığının böyük əhəmiyyət daşıdığını, onların bu nailiyyətlərinin davamlı olacağına əminliyini ifadə etmişdir. E.Qasımov belə yarışlarda BANM-in əməkdaşlıq etdiyi beynəlxalq şirkətlərin təmsilçilərinin iştirakını da təqdirəlayiq hesab etmiş, tələbələrin həvəsləndirilməsi məqsədilə mükafatlar təsis edən Avandsis GROUP, Schneider Electric, Emerson Process Management, ABB, Siemens şirkətlərinə təşəkkürünü bildirmişdir. O, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”nin BANM-də çox vacib ixtisaslardan biri olduğunu, burada təhsil alan tələbələrin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırmış, gələcəkdə bu yarışmaların orta ümumtəhsil məktəbləri ilə birgə keçirilməsinin vacibliyini vurğulamışdır. Sonra yarışlara start verilmiş, III kursda təhsil alan 18 tələbənin iştirak etdiyi 6 komanda hazırladıqları və proqramlaşdırdıqları robotları nümayiş etdirmişlər. Tələbələr robortlar haqqında məlumat vermiş, onların iş mexanizmini əyani şəkildə göstərmişlər. Münsiflərin qiymətləndirməsindən sonra “New era” komandası 1-ci yer, “Moon walkers” komandası 2-ci yer, “Star” komandası isə 3-cü yeri qazanmışlar. Qalib komandalar BANM-in əməkdaşlıq etdiyi şirkətlər tərəfindən mükafatlandırılmışlar.

More