Xəbərlər arxivi

31 Dekabr 2015

SOCAR-da ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir

+

Dekabrın 31-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda dekabrın 4-də təbii fəlakət zamanı “Günəşli” yatağındakı 10 saylı, Neft Daşlarındakı 501 saylı dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilər anılmışdır. SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu hadisələrin neftçilərin əhval-ruhiyyəsinə təsir etdiyini söyləmiş, itkin düşənlərin axtarışı və yanğının söndürülməsi istiqamətində aparılan işlər haqqında ən son məlumatları iştirakçiların diqqətinə çatdırmışdır. Daha sonra 2015-ci ilə yekun vuran Rövnəq Abdullayev dünyada mövcud iqtisadi durumla əlaqədar ötən ilin bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini söyləmişdir. Bütün çətinliklərə baxmayaraq, SOCAR prezidenti dünyada yaranmış mövcud iqtisadi durum fonunda 2015-ci ilin istehsalat nəticələrinin qənaətbəxş olduğunu qeyd etmişdir. Son on ildə şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri üzərində dayanan Rövnəq Abdullayev TANAP, STAR zavodunun, Petkim limanın tikintilərinin vacibliyini qeyd etmiş, habelə Azərbaycanda həyata keçirilən layihələrin uğurla davam etdiyini diqqətə çatdıraraq, şirkətdə aparılan xərclərin optimallaşdırılması və qənaət rejiminə keçid proseslərinin sürətləndirilməsinin vacibliyini vurğulamışdır. Rövnəq Abdullayev neft və qaz yataqlarında həyata keçirilən əməliyyatlarda insanların təhlükəsizliyinin prioritet vəzifə olduğunu diqqətə çatdırmış və qeyd etmişdir ki, qənaət rejiminin tətbiq edilmədiyi yeganə sahə - məhz təhlükəsizlik məsələləri olmalıdır.

Daha sonra 2016-cı ildə qarşıda duran vəzifələrdən danışan Rövnəq Abdullayev dünyada yaranmış mövcud iqtisadi durumla əlaqədar SOCAR-ın dayanıqlığının qorunması və saxlanılması üçün prioritet istiqamətləri qeyd etmişdir.

Yığıncaqda SOCAR-ın idarə və müəssisələrinin maddi-texniki təchizat siyasətinə yenidən baxılması, anbar təsərrüfatında ciddi inventarizasiyanın keçirilməsi, xərclərin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Şirkətin vitse-prezidentləri Tofiq Qəhrəmanov, Süleyman Qasımov, Rəhman Qurbanov, Mikayıl İsmayılov, David Məmmədov, Xalik Məmmədov, “Azneft” İB-nin Baş direktoru Daşqın İsgəndərov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli və başqaları 2016-ci ildə qarşıda duran vəzifələr haqqında müzakirələrdə iştirak etmişlər.

Yığıncağa yekun vuran SOCAR prezidenti Rövnəq Abdullayev səslənən fikirlərlə əlaqədar konkret tapşırıqlar vermiş, şirkətin dayanıqlığının artırılması istiqamətində vəzifələr qoymuşdur.

Sonda ölkəmizin iqtisadiyyatında xüsusi rolu olan coxminli neftçilər ailəsini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik etmiş, yeni ildə çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulamışdır.

30 Dekabr 2015

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

+

“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançada 2614 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 970-960 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.



30 Dekabr 2015

“Azneft” İB-də yeni texnika və texnologiyalar tətbiq olunur

+

SOCAR-ın mühüm struktur vahidlərindən olan “Azneft” İstehsalat Birliyi hasilat prosesində, tikinti-quraşdırma işlərində, yataqların işlənilməsində mütərəqqi yeniliklərin tətbiqinə önəm verir, yeni texnika, texnologiya və avadanlıqlar öz müsbət təsirini göstərir. Cari il ərzində də bu istiqmətdə bir çox tədbirlər həyata keçirilmişdir. Qazmadan çıxan quyularda laylardan gələn mexaniki qarışıqların, eləcə də qum təzahürünün qarşısının alınması məqsədilə məftilli süzgəclər tətbiq edilir ki, nəticədə quyunun uzunmüddətli istismarı təmin olunur. İstehsalatda tətbiqi genişləndirilən iki pakerli qoruyucular isə uzun müddət istismarda olan və korroziyaya uğramış kəmərləri bərpa edir, sızmaların qarşısını alır. Bundan başqa, dənizdə ləğv olunmuş quyuların gövdələrinin dənizin dibindən kəsilərək quyu ağzının hermetik və etibarlı bağlanması işi həyata keçirilir. Bu üsulla həm fəaliyyəti dayandırılmış quyular ekoloji cəhətdən etibarlı ləğv edilir, həm də dəniz akvatoriyası təmizlənir. Yeni nəsil “Qazodinamik” seperator qurğusunun tətbiqi hasil olunmuş qazın tərkibindəki mayenin qazdan ayrılmasını təmin edir. Bütün bunlarla yanaşı, 2015-ci il ərzində Birlik üzrə 405 obyektdə yeni texnika və texnologiya tətbiq olunmuş, nəticədə 29,5 min ton əlavə neft əldə edilmişdir. Bu, ötən ilin göstəricisindən 7,1 min ton artıqdır. Səmərəliliyin artırılmasına xidmət edən yeni texnika və texnologiyaların tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

30 Dekabr 2015

Elmar Qasımov ilin “Ən yaxşı rektor”u müsabiqəsinin qalibi olmuşdur

+

“Azərbaycan universitetləri” Facebook səhifəsi tərəfindən keçirilmiş 2014/2015-ci tədris ili üçün ''Ən yaxşı rektor'' müsabiqəsinin qalibi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova diplom təqdim olunmuşdur. Universitetlərin reytinq lideri olan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris ili ərzində aktivliyinə, tələbələr arasındakı nüfuzuna, ali təhsil müəssisəsində tələbələr üçün nümunəvi şərait yaratdığına, BANM-nin kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha sıx olmasına və digər universitet tələbələri arasında keçirilən simvolik səsvermədə üstün olmasına (41%) görə bu ada layiq görülmüşdür.

Qeyd edək ki, “Azərbaycan universitetləri” (elektron adı: “Azerbaycan Universitetleri”) Facebook səhifəsində əvvəlki illərdə keçirilən müsabiqələrdə BDU rektoru, akademik Abel Məhərrəmov və ADA Universitetinin rektoru Hafiz Paşayev qalib olmuşlar.

29 Dekabr 2015

“Helicopter Landing Officer” təliminin iştirakçılarına sertifikatlar təqdim olunmuşdur

+

Dekabrın 29-da SOCAR-ın İnsan Resursları Departamentində “Helicopter Landing Officer (HLO)” (təyinat məntəqələrində helikopterlərin təhlükəsiz qarşılanması və yola salınması) üzrə təlimlərdə iştirak etmiş SOCAR işçilərinə sertifikatlarının təqdimetmə mərasimi keçirilmişdir. Tədbir, “Neft daşları” və “Günəşli” yatağında baş vermiş faciədə həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlamışdır. İRD-nin rəisi Asif Bəkirli çıxış edərək idarənin fəaliyyəti, işçilərin bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi istiqamətində təşkil olunan təlimlərin vacibliyi barədə söhbət açmış, SOCAR-da işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəmadi təlimlər keçirildiyini, təhlükəsiz əmək şəraitinin SOCAR üçün yüksək prioritet kəsb etdiyini xüsusi vurğulamışdır. Təbdir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, SOCAR-da yeni işə qəbul olunan bütün işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına yiyələnməsi üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə ilkin təlimatlandırma kursu keçirilir. “HLO” təlimlərinin keçirilməsinin vacibliyi barədə tədbir iştirakçılarına məlumat verilmiş, qeyd olunmuşdur ki, 2010-cu ildən bu günədək SOCAR-ın dənizdə yerləşən təyinat obyektlərində çalışan 150-dən çox əməkdaşı təyinat məntəqələrində helikopterlərin təhlükəsiz qarşılanması və yola salınması kurslarına cəlb edilmişdir. “HLO” üzrə “SWHS” tərəfindən keçirilən təlimlərdə daha çox praktiki məşğələlərə və simulyasiyalara vaxt ayrılmasının məqsədəmüvafiqliyi bildirilmişdir.

Daha sonra “Silkway Helicopter Services (SWHS)” MMC-nin aviasiya xidmət rəisi Elmar Dadaşov çıxış edərək SOCAR-ın təyinat məntəqələrində helikopterlərin təhlükəsiz qarşılanması və yola salınmasının, sərnişinlərin (işçilərin) helikopterə minməsi və düşməsi zamanı təhlükəsizlik tədbirlərinin, o cümlədən “HLO” işini icra edən işçilər üçün təlimlərin təşkil olunmasının əhəmiyyətindən danışmışdır. SOCAR-ın Baş Ofisinin Daşımalara nəzarət departamentinin rəisi Elçin İbrahimov şirkətdə təhlükəsizlik qaydalarının yüksək prioritet olduğunu, işçilərin bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini bildirmiş və “HLO” üzrə təlimlərinin davamlı olaraq keçirilməsinin bu işlə məşğul olan işçilərin əmək fəaliyyətində müsbət nəticələr verdiyini söyləmişdir.

Yekunda İRD-nin rəisi Asif Bəkirli işçilərə müvəffəqiyyətlər arzulamış və onlara “HLO” üzrə təlimlərdə iştirak etdiklərinə dair sertifikatlar təqdim etmişdir.

29 Dekabr 2015

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə məcburi köçkünlərə yardımlar edilmişdir

+

SOCAR-ın daim diqqət mərkəzində saxladığı sosial yönümlü məsələlərdən biri də hərbi təcavüz nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə qayğı göstərilməsidir. Hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri Şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları aparırlar. Artıq ənənə halını almış xeyriyyəçilik missiyasına sadiq qalan SOCAR tərəfindən bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” və Yeni İmamqulubəyli qəsəbələrində məskunlaşmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılmışdır. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilmişdir. SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, əmin olduqlarını bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaqdır.

Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

29 Dekabr 2015

İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımların verilməsi başa çatmışdır

+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədi ilə dekabrın 4-də təbii fəlakət nəticəsində baş vermiş qəzalar zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardımların ödənilməsi dekabrın 29-da başa çatmışdır. Maliyyə Nazirliyinin köçürdüyü vəsait, eləcə də həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış 15 000 manat məbləğindəki birdəfəlik maddi yardımlar Şirkətin “Azneft” İstehsalat Birliyi, “Neftqaztikinti” Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim olunmuşdur.

Xəbər verdiyimiz kimi, dövlət tərəfindən ayrılmış 15000 manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsinə başlamışdır. Bu yardımların cari ilin sonuna qədər təqdim olunacağı planlaşdırılır.

29 Dekabr 2015

İtkin düşənlərin ailə üzvləri helikopterlərlə dənizə yola düşdülər

+

Dekabrın 29-da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və SOCAR təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların helikopterlər vasitəsi ilə axtarış ərazisinə yola düşmələrini təmin etmişdir. İtkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadasının Xəzərin Azərbaycan sektorunda apardığı işlərlə tanış olmuş, əzizlərinin vaxtilə çalışdıqları ərazini ziyarət etmişlər .

28 Dekabr 2015

SOCAR da dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardım ayırdı

+

04.12.2015-ci il tarixində təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da birdəfəlik maddi yardım ayırmışdır. Şirkət prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalamışdır.

28 Dekabr 2015

“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

+

SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə 31 dekabr 2015-ci il tarixindən başlayaraq 05 yanvar 2016-cı il tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, eləcə də Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İB istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

More