Xəbərlər arxivi

16 Aprel 2021

2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri

+

2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 1,9 milyon tondan çox1 neft, 1,9 milyard kubmetrdən çox2 qaz hasil olunmuşdur. Ölkə üzrə ümumilikdə 8,8 milyon tona yaxın3 neft və 10,4 milyard kubmetrdən çox4 qaz hasil edilmişdir. Qaz hasilatında artım ilin birinci rübündə davam etmişdir. Müvafiq dövrdə şirkət üzrə 7 min metrə5 yaxın qazma işləri həyata keçirilmişdir.

Birinci rüb ərzində SOCAR tərəfindən 4,5 milyon ton6 xam neft, 512 milyon kubmetrə yaxın7 təbii qaz ixrac edilmişdir. SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ümumilikdə isə ölkədən 7 milyon tona yaxın8 neft ixrac edilərək, tankerlərə yüklənmişdir.

2021-ci ilin 1-ci rübündə 5 milyard kubmetrdən artıq9 qaz ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə bağlıdır.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox10 neft, 1,1 milyard kubmetrdən çox11 təbii qaz emal olunmuşdur. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 669 min tona12 yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım əldə edilib ki, buna da əsasən dizel, bitum, koks, sürtkü yağları və neft-kimya məhsullarının ixracı hesabına nail olunub.

Qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.

1 1.924.675 ton

2 1.916.495.848 kubmetr

3 8.753.339 ton

4 10.398.786.449 kubmetr

5 6.800 metr

6 4.472.201 ton

7 511.549.014 kubmetr

8 6,888,903 ton

9 5.128.958.243 kubmetr

10 1.442.674 ton

11 1.145.550.179 kubmetr

12 668.581 ton

14 Aprel 2021

“Belneftexim” və SOCAR Memorandum imzalamışlar

+

Aprelin 14-də SOCAR və Belarusun Dövlət Neft və Kimya Konserni (“Belneftexim”) arasında qarşılıqlı anlaşma Memorandumu imzalanmışdır. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Belneftexim” Konserninin sədri Andrey Rıbakov imzalamışlar. Memorandumda tərəflərin neft və neft məhsullarının istehsalı və reallaşdırılması sahəsində imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Memoranduma əsasən, əməkdaşlığın əsas istiqamətlərini Azərbaycan neftinin Belarusa tədarükünün təşkili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, həmçinin karbohidrogen ehtiyatları istehsalçıları və istehlakçıları arasında dialoqun aktivləşdirilməsi, Belarus neft emalı zavodlarında əməliyyat effektivliyinin artırılması üçün texniki auditin aparılması və s. təşkil edəcəkdir. Sənəd həmçinin Belarusda istehsal olunan neft məhsullarının reallaşdırılması, birgə investisiya layihələri və Belarus bazarında SOCAR tərəfindən neft məhsullarının satışı sahələrində tərəfdaşlıq məsələlərini əhatə edir.

13 Aprel 2021

SOCAR-ın prezidenti Türkiyə səfiri ilə görüşdü

+

Aprelin 13-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüş keçirib. Görüşdə Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi və bu prosesdə SOCAR-ın rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb. R. Abdullayev qardaş Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın göstərdiyi xidmətlərdən söz açaraq ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

SOCAR-ın aktivlərinin əhəmiyyətli bir hissəsinin Türkiyədə olduğunu qeyd edən R.Abdullayev şirkətin son illərdə qardaş ölkədə ümumi dəyəri 13 milyard dollardan artıq qiymətləndirilən investisiya layihələri reallaşdırdığını vurğulayıb. O, həmçinin Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi strateji layihələrin də SOCAR tərəfindən daim dəstəkləndiyini, zəruri məqamlarda qardaş ölkəyə ehtiyac duyulan mütəxəssis təminatı göstərildiyini bildirib.

Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Vətən müharibəsi və Qarabağın işğaldan azad edildiyi tarixi günlərdə Azərbaycanda olduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib. Səfir Azərbaycanı özünün ikinci Vətəni hesab etdiyini, bundan sonra da Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığının inkişafı naminə çalışacağını, bunun üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu vurğulayıb.

9 Aprel 2021

SOCAR-da Vizualizasiya Mərkəzinin açılışı olub

+

Aprelin 9-da SOCAR TOWER-də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzinin açılışı keçirilib. Açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Şuranın üzvləri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin digər təmsilçiləri iştirak etmişlər. Qonaqlar öncə SOCAR Tower-də yerləşən neft sərgisi ilə tanış olmuş, daha sonra isə Vizualizasiya Mərkəzini ziyarət etmişlər.

Artıq 10 ildən çoxdur ki, SOCAR-da biznes proseslərin avtomatlaşdırılması ilə bərabər korporativ rəqəmsal idarəetmə platformasının yaradılması uğurla davam etdirilir. Bu proses hazırda şirkətin bütün əsas fəaliyyət sahələrini əhatə edir. Şirkətin Neft Mədən Korporativ Verilənlər Bazasında ötən 175 il ərzində Azərbaycanda qazılmış, hazırda istismarda olan və istismardan çıxarılmış 44000 quyunun 50%-ə qədəri artıq rəqəmsallaşdırılıb. Mütəxəssislər bu bazadan istifadə edərək interpretasiya proqram təminatı vasitəsilə yataqların modelini qura bilirlər. Qazma prosesinə real vaxt rejimində nəzarət etməklə istənilən quyunun dərinliyi, baltaya düşən yük, təzyiq, vurulan məhlulun həcmi və digər qazma parametrlərini əldə etmək mümkündür. Neft-qaz hasilatı, emal və qazın nəqli kimi digər sahələrdə də rəqəmsal sistemlər tətbiq olunur. Əməliyyatların rəqəmsal modellər vasitəsi ilə idarə olunması, müxtəlif cihazlara real vaxt rejimində və vahid nöqtədən nəzarət etmək imkanları şirkətin əməliyyat effektivliyini gücləndirir. Dəniz özüllərində və digər istehsal sahələrində quraşdırılmış video müşahidə vasitələri vəziyyətin mütəmadi olaraq vizual nəzarətdə saxlanılmasına imkan yaradır, baş verə biləcək fövqəladə halların daha effektli idarəolunması təmin edilir.

Müxtəlif fəaliyyət sahələrini idarə edən rəqəmsal sistemlər yeni yaradılmış Vizualizasiya Mərkəzində inteqrasiya olunub. Bu isə məlumatların vahid mənbədən əldə edilərək, təkrarlanmaması və təhrif olunmaması, qərarların operativ şəkildə verilməsi üçün əlverişli zəmin yaradır.

SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Vizualizasiya Mərkəzi ilə bağlı demişdir: “Bu gün açılışında iştirak etdiyimiz Mərkəzin fəaliyyətə başlaması ilə bağlı SOCAR-ın rəhbərliyinə və kollektivinə öz təbriklərimi çatdırıram. Yeni rəqəmsal məlumat bazaları həm şirkətdə gündəlik idarəetmənin optimallaşdırılması, həm də mümkün fövqəladə vəziyyətlərə qarşı reaksiyanı təmin etmək üçün yeni imkanlar yaradır. SOCAR-ın əməkdaşlarına bu fəaliyyətlərdə uğurlar arzu edirəm.”

Tədbirdə qeyd olunub ki, yaxın aylarda Böhran Vəziyyətləri və Fövqəladə Halların İdarə edilməsi üzrə SOCAR-ın Korporativ Planı əsasında Vizualizasiya Mərkəzində intensiv təlim-məşqlərin keçirilməsi nəzərdə tutulur. Bu Plan fövqəladə hallar zamanı ölkədaxili və xarici əməliyyatların idarə edilməsini, strateji cavab tədbirlərinin təşkilini, müşahidə və nəzarət altında saxlanılmasını, eləcə də digər idarəetmə həllərini özündə birləşdirir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev açılış tədbirində çıxış edərək demişdir: “Ulu öndər Heydər Əliyevin bəyan etdiyi “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” prinsipinə əsaslanan SOCAR-ın SƏTƏMM siyasəti eyni zamanda baş verə biləcək hər hansı böhran vəziyyətinə və fövqəladə hallara da daima hazırlıqlı olmağı nəzərdə tutur. Bunun üçün bir çox layihələr işlənilir və əməkdaşlıq razılaşmaları əsasında tərəfdaşlarla təcrübə mübadilələri aparılır. Şirkətimizdə Sənaye 4.0 tələblərinə uyğun olaraq, əməliyyat effektivliyinin artırılması, fövqəladə halların baş verməməsi diləkləri ilə Mərkəzin fəaliyyətinə uğurlar arzulayıram.”

Qeyd edək ki, Vizualizasiya Mərkəzinin yaradılması dünya neft-qaz sənayesindəki aparıcı şirkətlərin təcrübəsinə əsasən həyata keçirilmiş, Mərkəz qabaqcıl texnoloji avadanlıqla təchiz edilmişdir. Norveçin “Equinor” şirkəti ilə əməkdaşlıq sazişi çərçivəsində növbəti aylarda SOCAR-ın korporativ SƏTƏMM sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədilə müasir tələblərə cavab verən təlim-məşqlərin təşkil olunması nəzərdə tutulur.

8 Aprel 2021

SOCAR 2022-ci ildə səmt qazı emissiyalarını sıfra endirməyi hədəfləyir

+

Aprelin 6-da SOCAR-la Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatı arasında əməkdaşlıq çərçivəsində SOCAR-da səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərlə bağlı onlayn görüş keçirilmişdir. Görüş zamanı şirkətdə səmt qazı atqılarının azaldılması üzrə görülən işlər, əldə olunan müvəffəqiyyətlər və bunların səbəbləri istiqamətində ətraflı müzakirə aparılmışdır. SOCAR-da atmosferə qaz emissiyalarının atılmasının intensivliyinin azaldılması məqsədi ilə ən qabaqcıl ekoloji tədbirlərin həyata keçirildiyi təqdir edilmişdir. SOCAR-ın artıq səmt qazı atqılarını 2%-ə endirdiyi və 2022-ci ildə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyduğu xüsusi vurğulanmış və yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu işlərin reallaşdırılması SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaqdır.

GGFR nümayəndələri qlobal istiləşmə prosesinin sürətləndiyi bir dövrdə SOCAR-ın həyata keçirdiyi effektiv tədbirlərin digər aparıcı neft-qaz şirkətləri üçün örnək olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, SOCAR davamlı inkişaf məqsədlərinə uyğun olaraq dünyada neft-qaz şirkətləri arasında “sıfır karbon emissiyası” hədəflərinə çatan ilk şirkətlərdən biri olacaqdır və müsbət mənada fərqlənəcəkdir. GGFR təşkilatının nümayəndələri gələcəkdə SOCAR-ın təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulamışlar.

Görüşdə SOCAR-ın əldə etdiyi ekoloji naliyyətlər barədə Dünya Bankının rəsmi veb saytında elan verilməsi qərara alınmışdır.

Qeyd edək ki, SOCAR Xəzər regionuna və ümumiyyətlə, beynəlxalq ekoloji dayanıqlığa təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, həmçinin metan qazının atmosferə atılmasının qarşısını almaq üçün proaktiv addımlar atır.