“SOCAR Midstream Gas Operations” şirkətinin və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşların birgə təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Şəhər Meşələri: Ağacdan daha artıq” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Zəfər Günü və Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə təşkil olunan tədbir 2021-ci ildə şəhid ailələri, müharibə veteranları, 20 Yanvar əlilləri və digər həssas sosial qruplar üçün inşa edilən, hazırda 2 450 sakinin yaşadığı Binəqədi rayonu Xocasən yaşayış kompleksinin yaxınlığında təşkil olunub.
Tədbirdə SOCAR-ın vitse-prezidentləri Əfqan İsayev və Babək Hüseynov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, “SOCAR Midstream Gas Operations” MMC-nin icraçı direktoru Polad Rüstəmov, həmçinin adı çəkilən qurumların əməkdaşları, Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaş şirkətlərin, rayonun idarə, müəssisə və təşkilatlarının, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə “SOCAR Midstream Gas Operations” şirkətinin icraçı direktoru Polad Rüstəmovun, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanovanın, Milli Məclisin deputatı Səbinə Xasayevanın, Xocasən Bələdiyyəsinin sədri Nigar Məmmədova və rayon sakini, Vətən müharibəsi şəhidi Nicat Səmədovun anası Pərvanə Səmədovanın çıxışları dinlənilib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan ordusunun beş il öncə Vətən müharibəsində qazandığı parlaq Zəfərin çoxəsrlik tariximizin ən şanlı səhifələrindən olduğu vurğulanıb. Eyni zamanda ölkəmizdə ekoloji tarazlığın qorunması istiqamətində atılan addımlardan bəhs edilib, bu xüsusda reallaşdırılan layihənin önəmi qeyd edilib.
Qeyd edək ki, layihə çərçivəsində Xocasən yaşayış kompleksinin yaxınlığında 1,5 hektar ərazidə yaşıllıq zonasının salınması, ümumilikdə 6 600 ədəd iqlimədavamlı ağacın (zeytun, çinar, Eldar şamı və akasiya) əkilməsi, eləcə də piyada yollarının çəkilməsi, işıqlandırma sistemlərinin, uşaqlar və böyüklər üçün istirahət və oyun zonalarının, həmçinin digər zəruri infrastrukturun yaradılması nəzərdə tutulub.
Xatırladaq ki, “Şəhər Meşələri: Ağacdan daha artıq” layihəsi çərçivəsində ilk bənzər təşəbbüs 2024-cü ildə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində həyata keçirilib.