SOCAR, Azərbaycanda və dünyanın bir sıra ölkələrində istehlakçılarına pərakəndə satış məntəqələrində yüksək keyfiyyətli xidmətlər, topdansatış məntəqələrində isə geniş çeşidli məhsullar təklif etməklə həm pərakəndə, həm də topdansatış bazarında fəaliyyət göstərir. Hazırda Azərbaycanda “SOCAR” brendi altında 47 yanacaqdoldurma məntəqəsi (YDM) və 11 neft terminalı fəaliyyət göstərir. Bu şəbəkəni SOCAR-ın törəmə şirkəti olan “SOCAR Petroleum” QSC idarə edir.
SOCAR-ın Türkiyədə 14, Rumıniyada 74, Ukraynada 59 (həm də 2 elektrik yükləmə məntəqəsi), Gürcüstanda 108 (həm də 13 xidmət mərkəzi və 3 neft terminalı), İsveçrədə 200 (həm də 8 elektrik yükləmə məntəqəsi) YDM-i də “SOCAR” brendi altında fəaliyyət göstərir. Eyni zamanda, “SOCAR Energy Holdings” (SOCAR-ın İsveçrədəki törəmə şirkəti) Avstriyada “A1” şirkətinə məxsus 81 YDM, həmçinin neft yağları satan “Pronto Oil” şirkətini almaqla bu ölkənin də pərakəndə yanacaq satışı bazarına daxil olub.