Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Birgə müəssisələr və alyanslar şirkətlərarası biznesin təşkilinin xüsusi hüquqi formasıdır.

Birgə müəssisə - iki və ya daha çox müəssisənin hüquqi statusunu qoruyaraq öz resurslarını, kapitalını müəyyən bir layihənin icrası və ya digər iş fəaliyyəti məqsədilə bir araya gətirməklə yaradılan müəssisədir. Burada iştirak paylarından asılı olmayaraq, Təsis Müqaviləsinə əsasən, bütün qərarları, maliyyə əməliyyatları üzrə tapşırıqları tərəflər birgə qəbul edirlər. Onlar öz aktivlərinin, biliklərinin, eləcə də balanslarında olan təbii ehtiyaların müəyyən hissəsini və iş əlaqələrini konkret biznes layihəsinə yönəltmək öhdəliyi götürürlər. Birgə müəssisənin necə idarə olunacağı, ona nəzarətin və ondan əldə olunan mənfəətin, habelə mümkün zərərlərin necə bölüşdürüləcəyi və tərəflərin hüquq və öhdəlikləri Təsis Müqaviləsinə əsasən müəyyənləşdirilir. Birgə müəssisə dövlət qeydiyyatından keçirilir və hüquqi şəxsdir.

Alyans – müəyyən layihə çərçivəsində iki və ya daha çox təşkilatın, müəssisənin və ya şəxsin müqavilə əsasında yaradılan ittifaqı, birliyidir. Birgə müəssisənin Təsis Müqaviləsindən fərqli olaraq, alyans müqaviləsi daha sadə olur, daha az öhdəlik nəzərdə tutur və həyata keçiriləcək layihənin icra müddətindən asılı olaraq, müddətli və ya müddətsiz bağlanılır. Tərəflərin gəlir götürmək və ya başqa məqsədlə hüquqi şəxs formalaşdırmadan birgə fəaliyyət göstərdikləri üçün alyans qeyri-hüquqi şəxsdir və onun fəaliyyəti üçün dövlət qeydiyyatı tələb olunmur.

SOCAR da biznes fəaliyyətində müxtəlif sahələri əhatə edən birgə müəssisə formatından geniş istifadə edir. Hazırda şirkətin yerli və dünyanın müxtəlif aparıcı şirkətləri ilə müştərək təsis etdiyi 27 birgə müəssisəsi və 1 alyansı fəaliyyət göstərir.