News Archive

           
                           
                               SOCAR-ın prezidenti Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif edibGallery                            
                           
                               
                               
                                   22 October 2019                                                                    

SOCAR-ın prezidenti Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif edib

                               
                               

Oktyabrın 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Aşqabadda keçirilən 24-cü “Türkmənistan Neft və Qaz - 2019” sərgi və konfransında iştirak etmişdir. SOCAR-ın prezidenti “Dünya enerji bazarlarının inkişaf təmayülləri və əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunmuş konfrans panelində çıxış etmiş, son iki il ərzində Azərbaycan və Türkmənistan prezidentləri tərəfindən imzalanmış birgə bəyanatların əhəmiyyətini qeyd etmiş, iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinə yeni impulsun verildiyini vurğulamışdır.

Bu gün SOCAR qlobal miqyasda inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. SOCAR-ın Xəzər hövzəsində və onun xaricində malik olduğu müasir sənaye kompleksləri, neft və qaz məhsullarının nəqli üçün transmilli infrastruktur və qlobal ticarət şəbəkəsinə malik olması Türkmənistanın neft və qaz subyektləri ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini gündəmə gətirmişdir. Beləliklə, öz çıxışında Türkmənistan ilə əməkdaşlığın yeni səviyyəyə gətirilməsinə işarə edən Rövnəq Abdullayev, Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif etmişdir.

SOCAR-ın prezidenti rəsmi səfəri çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov ilə görüşmüş, Türkmənistan ilə neft və qaz sənayesində perspektivli əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

SOCAR 24-cü “Türkmənistan Neft və Qaz” konfransında həmtəşkilatçı qismində iştirak etmiş və həmçinin sərgidə geniş təqdimatla təmsil olunmuşdur. “Türkmənistan Neft və Qaz” beynəlxalq konfransı ölkənin dövlət qurumları ilə beynəlxalq neft və qaz şirkətləri arasında tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi ilə hər il Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilir.